Sağlamlıq

Quru göz sindromunun müalicəsində süni gözyaşı damcılarından istifadə edilir

24 Aprel 2019 23:24
0 Şərh     Baxış: 1 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quru göz sindromu zamanı xəstələr daha çox gözlərin həssaslığının artması, ayışma hissi, yad cisim hissiyyatı, gözlərin yaşarması və qaşınmasından şikayət edirlər. Sindromun yaranmasının əsas səbəbi gözyaşı ifrazının pozulması nəticəsində gözün buynuz qişasının gözyaşı təbəqəsinin get-gedə nazikləşməsidir. Nəticədə gözün ən həssas təbəqəsi olan buynuz qişanın üzərindəki sinir ucları açıq qalır, qıcıqlanır, xəstələrin gözlərində həddindən artıq narahatlıq, hava və su kimi xarici faktorların təsirindən gözlərdə yanma hissi yaranır və yaşarır.

Milli.Az bildirir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova AZƏRTAC-a bu barədə məlumat verərkən sindromun yaranma səbəbləri haqqında da danışıb: "Sindromun yaranmasının ümumi səbəbləri yüksək göz təzyiqi əleyhinə və depressiya əleyhinə olan dərmanların istifadəsi, kompüter və televizora baxarkən fasilə verilməməsi (bu zaman göz əzələlərində gərginlik yaranır və göz qırpma hərəkəti vaxtlı-vaxtında icra olunmur), tozlu mühit və siqaret tüstüsünün təsiri, kontakt linzalardan istifadə və yaşla əlaqədar gözyaşı vəzilərində sklerozlaşmadır.

Daha tez-tez rast gəlinən qızarma və keçici görmə pozulması simptomları bir neçə dəfə göz qırpmadan sonra keçib gedir. İlkin mərhələdə gözün həmin kompensator reaksiyası göz quruluğunu aradan qaldırır. Gigiyenik normalara riayət edilmədikdə və əlləri tez-tez gözlərə vurduqda konyunktivit əlamətləri özünü göstərməyə başlayır. Diaqnostika zamanı həkim xəstənin gözlərindəki hiperemiyanın dərəcəsini qiymətləndirərək gözyaşı ifrazını və gözyaşı pərdəsinin stabilliyini yoxlayır, xüsusi rəngləmə üsulu ilə buynuz qişa və konyunktivanın zədələnmə dərəcəsini müəyyən edir. Müalicə zamanı əlamətlər nəzərə alınmalı və xəstəyə fərdi qaydada yanaşılmalıdır".

Həkim-oftalmoloqun dediyinə görə, xəstəliyin müalicəsində gün ərzində bir neçə dəfə süni gözyaşı damcılarından istifadə gözyaşı pərdəsinin bərpasına kömək edir: "Narahatlıq doğuran əlamətlərin çox qısa vaxt ərzində itməsi heç də xəstəliyin müalicə olunması demək deyil. Sindromun müalicəsi uzun müddət tələb edir və əvvəlcə onun yaranma səbəbi aradan qaldırılmalıdır. Səbəb hər hansı xəstəlik olduqda müalicə edilməli, hansısa dərman tətbiqi olduqda həmin dərmanın təyinatına yenidən baxılmalı, mümkündürsə başqası ilə əvəz olunmalıdır. Gözlərə istirahət verilməli, vaxtlı-vaxtında gözyaşı damcılarından istifadə edilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.