Sağlamlıq

Uşaqlıqdan kənar hamiləlik nədir? - 1000 qadından 20-də rast gəlinir, risk qrupuna daxil olanlar

16 Yanvar 2019 23:59
0 Şərh     Baxış: 3 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayalanmış döl yumurtasının uşaqlıq boşluğundan kənar implantasiyası, yəni yerləşməsi uşaqlıqdan kənar hamiləlik adlanır. 98% hallarda, uşaqlıqdan kənar hamiləlik boruda aşkarlanır. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, uşaqlıqdan kənar hamiləlik patologiyası təxminən hər 1000 hamilədən 20-də qeydə alınır. Ən çox yay və qış aylarında müşahidə edilir. 

Hətta tam sağlam qadında bu patologiyanın inkişafı mümkündür.

Uşaqlıqdan kənar hamiləlik bir çox hallarda qadının həyatı üçün təhlükə yaradır. Belə ki, dölün boruda inkişaf edərək böyüməsi nəticəsində borunun partlaması və qanaxma, hətta şok yarana bilər. Buna görə də rüşeymin inkişafını izləmək, onun uşaqlığa düşməsini qəqiqləşdirmək üçün mütləq ginekoloqa müayinə olunmaq lazımdır. 

Bəzi qadınlarda uşaqlıqdan kənar hamiləliyin riski digər qadınlarla müqayisədə daha yüksəkdir. 

Bu qadınların arasında:

- hormonal pozulmaları olan qadınlar,
- cinsiyyət sistemi iltihabları olan qadınlar (xüsusilə boru iltihabları),
- kiçik çanaq orqanlarında cərrahiyyə əməliyyatları keçirmiş qadınlar (o cümlədən, appendiksin xaric olunması),
- süni abortlar keçirmiş qadınlar,
- uşaqlıqdaxili kontraseptiv vasitələrdən ("spiral") istifadə edən qadınlar,
- borularda cərrahiyyə əməliyyatları keçirmiş qadınlar (bağlı boruların "açılması" və s.),
- endometriozu olan qadınlar,
- süni mayalanma nəticəsində hamilə qalmış qadınlar.

Nəzərinizə çatdıraq ki, uşaqlıqdan kənar hamiləliyin riski yaşlı qadınlarda (35 yaşdan sonra) cavanlarla müqayisədə daha çox olur.

Uşaqlıqdan kənar hamiləlik bir çox hallarda ilkin mərhələlərdə bəzi əlamətlərlə özünü büruzə verir. Bu əlamətlər haqqında xəbəri olan qadın vaxtında həkimə müraciət etməklə özünü uşaqlıqdan kənar hamiləliyin ağır fəsadlarından xilas edə bilər.

Əlamətləri: 

- Uşaqlıqdan kənar hamiləlik də adi hamiləliyə xas olan simptomlarla müşahidə olunur: menstruasiya gecikir, süd vəziləri böyüyür, onların həssaslığı artır, qadın halsızlıq, yuxululuq hiss edir və s. Uşaqlıqdan kənar hamiləlik zamanı da hamiləlik testində 2 zolaq çıxır. Lakin bu halda bir zolaq tünd, digəri isə daha solğun çıxa bilər. Belə nəticə bir neçə dəfə təkrarlana bilər. Bunun səbəbi ondan ibarətdir ki, uşaqlıqdan kənar hamiləlik zamanı xorionik honadotropin hormonun (hamiləliyin əsas hormonu) səviyyəsi normal hamiləliklə müqayisədə daha az olur və gec artır. Bəzən də elə olur ki, ilk testdə iki eyni qalın zolaq çıxır, daha sonra isə növbəti testlərdə ikinci zolağın rəngi sanki şəffaflaşır.

- Qadında cinsiyyət yollarından qanlı ifrazatlar, bəzən hətta kiçik qanaxma ola bilər.

- Qarının aşağı hissəsində ağrılar ola bilər.

- Toksikoz daha ağır xarakter daşıyır (güclü ürəkbulanması, başgicəllənməsi, halsızlıq və s.).

Qeyd edək ki, uşaqlıqdan kənar hamiləlik zamanı dölü təkrar uşaqlıq boşluğuna salmaq mümkün deyil. Bu zaman hamiləlik mütləq sonlandırılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.