Sağlamlıq

Körpələrdə timomeqaliya

11 Yanvar 2019 23:47
0 Şərh     Baxış: 729

Timomeqaliya azyaşlı uşaqlarda tez-tez rast gəlinən haldır. İmmunitetin yaranmasına cavabdeh olan çəngəlvari vəzin ölçüləri bir qədər artır və lazımi səviyyədə fəaliyyət göstərmir. Həmin uşaqların immuniteti kifayət dərəcədə olmur, onlar tez-tez kəskin respirator virus infeksiyalarına yoluxur və xəstəliyi daha ağır keçirirlər. Xəstəliyin dəqiq diaqnozunu ultrasəs və ya rentgenoqrafiya müayinəsi vasitəsilə qoymaq olar.

Milli.Az bildirir ki, timomeqaliyanın üç dərəcəsinin olduğunu bildirən Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova AZƏRTAC-a verdiyi müsahibədə deyib: "Xəstəliyin səbəbi kimi irsi faktorlar, hamiləlik toksikozları, hamiləlik zamanı ananın keçirdiyi infeksion xəstəliklər, xarici mühitin zərərli faktorları və gecikmiş hamiləliyi misal göstərmək olar.

Digər göstəricilərə görə uşaq sağlamdırsa, I və II dərəcəli timomeqaliyası olanlarda planlı peyvəndlərin edilməsinə əks göstəriş yoxdur. Lakin çəngəlvari vəzin ölçüləri III dərəcə böyümüş xəstələrə xüsusi diqqət tələb olunur. Altı aylığına qədər həmin uşaqlara poliomielitdən başqa digər peyvəndlər etdirməyə icazə verilmir. Yalnız nevropatoloq və endokrinoloqun iştirakı ilə aparılan xüsusi müalicə kursundan sonra peyvəndlərin aparılması mümkündür".

Pediatrın dediyinə görə, timomeqaliyalı uşaqların qidasında kifayət qədər askorbin turşusu olmalıdır: "Həkimlər həmin uşaqlara həb, damcı və dəmləmə şəklində biyan kökü, askorbin turşusu və vitamin təyin edirlər. Müalicə kursu 5-6 yaşa qədər ildə iki dəfə bir ay müddətində aparılır.

İmmun sisteminin ən güclü stimulyatorları - qida, hava və fiziki fəallıqdır. Məhz həmin təbii vasitələrin köməyi ilə orqanizmi daimi şəkildə stimulyasiya etmədən immuniteti süni şəkildə möhkəmləndirmək cəhdləri yalnız qısa müddət ərzində müsbət nəticə verə bilər.

Timus və sümük iliyi orqanizmin immun sisteminin mərkəzi orqanlarıdır. İmmun sisteminin periferik orqanlarına isə dalaq, limfa düyünləri və appendiks aiddir. İmmun sisteminin 60-70 faizi isə mədə-bağırsaq traktında yerləşir. Timusun mürəkkəb quruluşu var və uşaq həyatının ilk üç ilində gərgin işləyir, 3-18 yaşa qədər onun kütləsi sabitləşir, 20 yaşdan sonra isə timusun toxuması piy toxuması ilə əvəz olunur.

İmmun sisteminin mərkəzi orqanı sümük iliyidir və orada kök hüceyrələrdən sayılan limfositlər, yəni immun hüceyrələri yaranır. Onların bir hissəsi sümük iliyində qalır, qalan hissəsi isə timus vəzinə gedir. Məhz timusda yerləşən limfositlərinin üzərində reseptorların vasitəsilə orqanizmə daxil olan yad cisimlər tanınır. Timusda yerləşən limfositlər orqanizmdə olan yad cisimləri məhv etdiyinə görə həmin hüceyrələrin şiş əleyhinə çox böyük rolu var".

Müalicə formaları barədə danışan həkim-pediatr deyib: "Timomeqaliyalı uşaqlar mütəmadi olaraq ftiziatr, endokrinoloq və qulaq-burun-boğaz həkiminin nəzarətində olmalıdır. Orqanizmin möhkəmləndirilməsi, təmiz havada gündəlik gəzinti və yaşa uyğun düzgün qidalanma çox vacibdir. Epidemiya zamanı kəskin respirator virus infeksiyalarının profilaktikası üçün həkimin məsləhəti ilə uşaqların burnuna propolis, yəni vərəmumun spirtdə çıxarışını damızdırmaq lazımdır. Timomeqaliyalı uşaqlara aspirin preparatının verilməsi qəti əks göstərişdir, çünki onlarda aspirin astması əmələ gələ bilər".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.