Sağlamlıq

İsraildə niyə xərçəng yoxdur? - Yəhudi həkim xərçəng və qriplə bağlı HƏR ŞEYİ AÇDI - FOTO

13 Dekabr 2018 09:31
25 Şərh     Baxış: 28 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağaclar yarpaqlarını töküb, səma bozun 50 çalarına bürünəndə, günəş sanki əlvida deyib buludların arxasında gizlənəndə, soyuqdəymə qonaq gəlir. Bəxtimiz gətirsə, sadəcə, boğaz ağrısı, burun axma ilə yola verə bilirik, ən pis halda isə qızdırma, sümük-əzələ sızıltısı, sanki rəndə udmuş kimi boğaz sızıltısı əhvalımızı qara əskiyə bükür. Bəzən hətta sıradan saydığımız qrip virusu minlərlə can alır.

Qripdən necə qorunaq? Ümumiyyətlə, bu virusdan yan keçmək mümkündürmü? Bu virus daha hansı ciddi xəstəliklərə yol aça bilər?

Milli.Az xəbər verir ki, publika.az İsrailin məşhur terapevti, tanınmış həkim Şimon Peretslə birgə suallara cavab axtarıb.

Doktor Şimon, artıq qrip epidemiyası qapımızı döyür. Hər il Avropada payız fəsli gələn kimi qripə qarşı peyvəndlər vururlar. O qədər də təhlükəli olmayan bu virus əleyhinə peyvənd vurdurmaq vacibdirmi?

- Qripə qarşı mütləq vaksin vurulmalıdır. İsraildə qrip virusu adətən iki mövsümdə yayılır. Ona görə də oktyabr və mart aylarında peyvənd vurulur. Çünki peyvənd qripə yoluxma təhlükəsini azaldır. Yoluxanda isə xəstəliyi daha rahat keçirtməyə yardım edir. Ona görə bütün xəstələrimə qripə qarşı peyvənd vurdurmağı tövsiyə edirəm. Həmçinin özümə və doğmalarıma da peyvənd vurdururam.

- Bəs qrip peyvəndi icbari tətbiq olunmayan ölkələr hansı addımdan başlamalıdırlar? Hansı vaksinlərə üstünlük verilməlidir? Bu iynələrin yan təsiri varmı?

- Bu məsələ ilə ölkələrin səhiyyə nazirlikləri məşğul olmalıdır. Beynəlxalq Səhiyyə Təşkilatı hər il əsas qrip viruslarını nəzərə alıb məhz həmin epidemiyalara uyğun vaksinlər sifariş edir. Bu vaksinlər Fransa və İsveçrənin bir sıra nəhəng farmakoloji şirkətləri tərəfindən hazırlanır. Ölkələrin səhiyyə nazirlikləri isə onları sifariş edir. Məsələn, İsraildə qrip peyvəndləri əhaliyə təmənnasız vurulur. Bu peyvəndlər dörd, beş virusun qarşısını almaq üçün nəzərdə tutulub. Qrip peyvəndləri, ilk növbədə, qocalara, uşaqlara və xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulmalıdır. Bu vaksinlərin zərəri barədə düşünməyə əsas yoxdur.

- Əsas sual, bəs qrip diaqnozunu necə qoyaq? Necə təyin edək ki, bu soyuqdəymə yox, qripdir?

- Qripin bir neçə xarakterik göstəricisi var. Bu virus hər zaman yüksək temperaturla müşayiət olunur. Əzələ, boğaz ağrıları, quru öskürək gəlir. Bəzən, sadəcə, burnumuz axır, düşünürük ki, qrip olmuşuq. Bu, belə deyil. Bəzən hətta qrip müddətində burun axıntısı müşayiət edilməyə bilər. Amma sadaladığımız digər əlamətlər varsa, demək qrip virusuna yaxalanmışıq.

- Deyək ki, artıq qripə yenildik. Özümüzü necə sağaldaq? Apteklərdə satılan onlarla toz dərmanlar, yoxsa ballı çay?

- Quş və donuz qriplərinə qarşı mütləq spesifik antivirus preparatlarından istifadə olunmalıdır. Amma böyük hallarda qrip də digər virus xəstəlikləri kimi xüsusi istiqamətlənmiş müalicəyə əsaslanmır. Sadəcə, əlamətləri yüngülləşdirə bilərik. Boğazınız ağrıyırsa, südə zəncəfil və bal qatıb için. Ağrını yüngülləşdirən "strepsils" kimi dərmanlardan istifadə edin. Burnunuza "psevdoefedrin" damcıladın. Qızdırmanızı "parasetamol"la endirin. Amma yenə də deyirəm, belə virusları yenmək üçün yataq şəraiti, bol maye və isti adyal vacibdir.

- Doktor, çox vaxt qripə yoluxanda, çətin də olsa gündəlik həyatımıza davam edir, işə gedirik. Sizcə, bu, nə dərəcədə doğrudur?

- Qrip virus xəstəliyi olsa da, olduqca təhlükəlidir. Bəlkə də siz xatırlamazsınız, amma ötən əsrin sonunda yayılan "ispanka" qripi on minlərlə insanın həyatına son qoydu. Nəzərinizə çatdırım ki, insanlar virusun özündən deyil, ağırlaşmasından ölə bilərlər. Qrip müddətində işə getməksə, ən böyük səhvdir. Ən əsası özünüzü təhlükəyə atırsınız. Çünki orqanizmi gücə salırsınız. İkincisi isə, virus keçici xəstəlikdir. Digərlərini də yoluxdurursunuz. Qrip müddətində mütləq evdə, öz otağınızda olmalısınız. Evdəkiləri də yoluxdurmamaq üçün həm siz, həm də onlar qoruyucu maskalardan istifadə etməlisiniz. Qripin müddəti beş-altı gündür. Həmin ərəfədə işdə olmağınız sizə də, müdirinizə də zərərdir.

Картинки по запросу вакцина против гриппа

- Virus xəstəliklərinə yoluxanda pnevmaniya riski də artır, elə deyilmi?

- Digər virus xətəliklərində deyil, amma qrip zamanı pnevmaniyaya yoluxma riski var. Xüsusən də uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar bu müddətdə ehtiyatlı olmalıdırlar. Yenidən müsahibəmizin əvvəlinə qayıtmaq istəyirəm. Qrip əleyhinə vurulan peyvəndlər pnevmaniya riskini 70-75 faizədək azaldır.

- Bəs qrip virusu sinir sistemini zədələyə bilərmi?

- İstənilən virus infeksiyası ensefalitə gətirib çıxara bilər. Ensefalit baş beyinin iltihabıdır. Xəstəliktörədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlik qrupudur. Həmçinin virus meningiti də var. Bütün bu xəstəliklər mərkəzi sinir sistemini zədələyə bilər. Bir sıra nadir infeksiyalar da var ki, onlar haqda növbəti dəfə danışa bilərik.

- Madam ki, sinir sisteminin xəstəlikləri mövzusuna toxunduq, onkologiya haqda da sualım var. Belə bir nəzəriyyə var ki, onkoloji xəstəliklərin kökündə əsəb pozğunluğu, stress durur...

- Əhatəni daha da genişləndirək. Belə bir nəzəriyyə var ki, bütün xəstəliklər əsəb sisteminin pozulmasından qaynaqlanır. Bəli, əsəb, stress istənilən pozğunluğun səbəbi ola bilər, amma qaynağı ola bilməz. Maddələr mübadiləsinin pozğunluğunu daha da sürətləndirə, alovlandıra bilər. Odur ki, onkoloji xəstəlikləri də tezləşdirər. Lakin onkoloji xəstəliklərin mənbəyini əsəb və stress təşkil edə bilməz. Təəssüf ki, onkoloji xəstəliklərin dəqiq yaranma səbəbi hələ də elmə bəlli deyil.

- Bəs onkologiya irsi xəstəlikdir?

- Bir sıra onkoloji xəstəliklərdə irsi asılılıq müəyyən edilib. Amma onkologiyanın digər növlərində genetik əlaqə tapılmayıb. Bəlkə də, sadəcə, ona görə ki, biz bu əlaqəni tapa bilməmişik. Bunu aydınlaşdırmaq üçün bir sıra müayinə üsulları və dərmanlar üzərində qızğın iş gedir. Amma, şübhəsiz, onkoloji xəstəliklərdə çox vaxt genetika böyük rol oynayır.

- Məsələn, mənim anam xərçəngdən dünyasını dəyişibsə, mənim onkoloji xəstəliklərə yoluxmaq riskim digərlərinə nisbətən daha çoxdur?

- Əgər ailənizdə onkoloji xəstələr olubsa, daimi gözləmədə olmalısınız, mütəmadi tibbi yoxlanışdan keçməlisiniz. Qadınlar ginekoloji müayinədən və mamoqrafiya yoxlanışından keçməlidirlər. Ümumiyyətlə isə, kolonoskopiya, hətta adi rentgen yoxlanışı belə cücərən xəstəlik haqda məlumat verə bilər. Yenə də deyirəm, ailənizdə onkoloji xəstə olubsa, tez-tez yoxlanışdan keçməlisiniz.

- Bəs xərçənglə necə mübarizə aparaq? Xərçəng əleyhinə xüsusi vaksinlər varmı?

- Onkoloji xəstəliklərə qarşı vaksin təəssüf ki, yoxdur. Amma xərçəng vaxtında müəyyən edilərsə, 90 faizdən çox xəstə tamamilə sağala bilər. Xərçənglə mübarizə aparmaq mümkündür və vacibdir. Hazırda onkoloji xəstəliklərlə savaşda ən faydalı müalicə təbii tərkibdən hazırlanmış preparatlardır. Həmin biodərmanlar xəstələrin sağalması üçün bizə daha çox ümid verir.

- Doktor, genomun şifrələnməsi adlı yeni termin var. Rica edirəm bu haqda məlumat verin. Necə düşünürsünüz, bu üsulla xəstəliklərin qarşısını ala bilərikmi?

- İnsan genomu ilk dəfə 2000-ci ildə alimlər tərəfindən tədqiq olunub. O vaxtdan bəri tibb, yaradılışdan bu günümüzədək minilliklər ərzində insan təbiətinin hansı yöndə dəyişildiyinə dair bir sıra elmi sübut əldə edib. Bu nəhəng layihəni gerçəkləşdirən amerikalı alimlərin əsas məqsədi insan orqanizminin minilliklər boyu ətraf aləmə uyğun olaraq hansı yönlərdə dəyişməsi, mutasiyaya uğramasını və tərkibini öyrənmək olub. Layihənin rəhbəri DNT molekullarının strukturunu müəyyən etdiyinə görə tibb sahəsində Nobel mükafatına layiq görülən Ceyms Uotson idi. Hazırda Avropada da, Amerikada da genomun şifrələnməsi ilə məşğul olan bir sıra laboratoriyalar var. Bəhs etdiyimiz prosedur olduqca bahalıdır, amma genetikanızda mövcud olan, yaranacaq xəstəlikləri əvvəlcədən müəyyən edib mübarizə aparmağa kömək edir.

- Son illər mətbuatda belə bir məlumat yayılıb ki, İsraildə onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı digər ölkələrlə nisbətdə minimumdur. Bu məlumat nə dərəcədə həqiqətəuyğundur?

- Təəssüf ki, bu doğru deyil. İsraildə də digər ölkələrdə olduğu kimi çox sayda insan xərçəng xəstəliyinə tutulur. Sadəcə, biz bu xəstəliyi vaxtında aşkarlayıb sağalda bilirik. Bir daha təkrarlayıram xərçəng şişi inkişaf etmiş tibbin sayəsində zamanında aşkarlanıb, 100 faiz müalicə oluna bilər.

- Sonda tövsiyələrinizi gözləyirəm. Necə edək ki, xəstələnməyək, daha doğrusu, az xəstələnək?

- Bunun üçün sağlam həyat tərzi şərtdir. Düzgün qida, tənzimlənmiş fiziki hərəkət, siqaretdən imtina, alkoqoldan ara-sıra və az miqdarda istifadə. Bu sadə şərtlərə əməl edin, vücudunuz sizə təşəkkür edəcək. Həm ruhunuz, həm də bədəniniz parlayacaq.

- Təşəkkür edirəm, doktor!

- Sağlam olun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.