Sağlamlıq

Banan insult riskini azaldır

5 Dekabr 2018 23:54
1 Şərh     Baxış: 1 681

Banan əsasən tropik ölkələrdə bitir, kal olarkən yığılır və daşınma zamanı yetişir. Onun vətəni Hindistan sayılır və elə oradan da dünyanın bütün tropik regionlarına yayılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, banan tingini Şimali Amerika qitəsinə XVI əsrdə yaşamış ispan keşişi Tomas de Berlanka aparıb. Ekzotik meyvə şəraitə uyğunlaşaraq yerli əhalinin xoşuna gəlib və onlar üçün çörək, kartof, hətta əti əvəz edən ucuz və kalorili qida rolunu oynayıb.

Giləmeyvə sayılan bananın saplağı çox uzun olur. Bir iri gövdədə ağacdan asılı olaraq 500 kiloqram və ya 300 ədəd meyvə ola bilər. Onun ağ rəngli, yumşaq və dadlı özəyi, sarı qabığı olan növü geniş yayılsa da, çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlı olanları da var. Həmin növlər zərif olduğundan daşınmağa davam gətirmir.

Bananın 300-ə yaxın növü olsa da, istehlak baxımından iki-şirin və nişastalı növlərə ayrılır. Şirin növ çiy halda yeyilir, yetərincə bərk olan nişastalı banan isə tamına görə kartofu xatırladır. Onu qızardır, pörtlədir, balıq və ət xörəklərində istifadə edirlər. Bir sıra ölkələrdə banan yarpağından boşqab kimi istifadə edilir.

Tərkibində çoxlu karbol olduğuna görə bu meyvə tez doyuzdurur. Lətində orqanizmin müdafiə funksiyalarını möhkəmləndirən, soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var və o, C, A, B vitaminləri və maqneziumla zəngindir. Banan maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdəki şlak və mayeni xaric edir, qanda xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. Mədəsində yara olanlar üçün banan xüsusilə faydalıdır. Alimlərin gəldiyi qənaətə görə, banan hüceyrələri və mədənin selikli qişasının bərpasına yardım edir.

Gündə bir-iki ədəd banan yemək hipertoniklər üçün də xeyirlidir, belə ki, bu meyvə təzyiqi 10 faizə qədər endirir, insult riskini azaldır. Gündə beş ədəd banan yemək isə arterial təzyiqi endirmək üçün lazım olan dərmanların istifadəsini iki dəfə azaldır.

Banan kartofdan bir yarım dəfə qidalıdır. Qurudulmuş bananda təzəyə nisbətən beş dəfə çox kalori var. Bir ədəd bananda 300 mq kalium olur. Bu meyvə yüksək təzyiqlə mübarizə aparmağa da kömək edir.

Kulinariyada ondan əsasən çiy halda istifadə edirlər. Şərab, pivə, sirkə, marmelad, cem və dondurma istehsalında da banan əvəzsiz xammal rolu oynayır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anonim · 6 Dekabr 00:5900

    Banani cox sevirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.