Sağlamlıq

Uşaq hara, şəkərli diabet hara...

21 Noyabr 2018 23:30
1 Şərh     Baxış: 2 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkim deyir ki, dağlıq zonalarla müqayisədə, Aran rayonları və Bakıda bu xəstəliyə daha çox rast gəlinir 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

2017-ci ilin dekabrına olan məlumata əsasən, Azərbaycanda 243 min, 2018-ci ilin 8 ayı üzrə isə 263 057 nəfər şəkərli diabet xəstəsi qeydiyyatda olub. Trend-in məlumatına görə, bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek deyib.

Dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayının hər il 12-15 faiz artdığını deyən B.Salek qeyd edib ki, Azərbaycanda qeydiyyatda olan xəstələrin 1654 nəfəri uşaqdır: "Uşaqların yalnız 20 nəfəri 2-ci tip diabetdir. Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün xəstə uşaqların sayı 600-dən çoxdur".

O əlavə edib ki, uşaqlar arasında şəkərli diabetin 1-ci tipi daha geniş yayılıb: "Uşaqlarda bu xəstəlik kəskin başlayır. Çox zaman valideynlər uşaqlarının xəstə olmasından xəbərsiz olurlar. Uşaq arıqlayır, çoxlu su içir, halsız olur. Uşağa vaxtında düzgün diaqnoz qoyulmadıqda, onu ya koma öncəsi, yaxud koma vəziyyətində xəstəxanaya çatdırırlar. Uşaqlar arasında şəkərli diabetin yayılmasının etimologiyası çoxdur. İrsi amil, sağlam olmayan həyat tərzi, qidalanma diabetin yaranmasında rol oynayır. Böyük insanlarda alkoqol, hipodinamiya - hərəkətin azlığı şəkərli diabetin yaranmasına səbəb olur".
B.Salek bildirib ki, şəkərli diabet birbaşa ölümə səbəb olmasa da, digər yanaşı xəstəlikləri ağırlaşdırır: "Şəkərli diabet xüsusilə insult, infarkt, böyrək çatışmazlığı və s. xəstəliklər yaradaraq insan ölümünə səbəb ola bilir".
Uşaqlarda şəkərli diabet xəstəlinin yaranma səbəblərini və diaqnozun qoyulma üsulunu öyrənməyə çalışdıq.

Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb elmləri namizədi, pediatr-endokrinoloq Gündüz Əhmədov uşaqlarda şəkərli diabetin yaranmasına bir sıra faktorların səbəb olduğunu deyir: "Ancaq bunlardan ən əsası irsiyyətdir. Bundan başqa, ətraf mühit, qidalanma faktorunun da müştərək təsiri nəticəsində uşaqlarda diabet xəstəliyi əmələ gəlir. Şəkərli diabet əsas etibarilə irsi keçir. Məsələn, atada əgər bu xəstəlik varsa, uşağa da ötürülür. Şəkərli diabet xəstəsi olan ailələrdə doğulan uşaqlarda bu xəstəliyə tutulma riski yüksəkdir. Diaqnoz isə analizlərə əsasən qoyulur. Həmçinin xəstəliyə aid olan bəzi klinik əlamətlər müşahidə edilir. Bu əlamətlərə arıqlama, halsızlıq, gecələr tez-tez sidiyə qalxmalar və s. aiddir. Bir də ən əsas diaqnoz vasitəsi qanda qlükozanı təyin etməklə aparılır. Əgər səhər ac qarına venoz qandan götürülən analizə görə qlükoza 126 milli qram destilitrdən çox olarsa, xəstəyə şəkərli diabet diaqnozu qoymaq olar. Təbii ki, bu yoxlanış iki dəfə edilir. Hər ikisində analizin cavabı eyni olduğu zaman dəqiq diaqnoz qoyulur". 
 
Həkim şəkərli diabetin təsnifat olaraq ümumilikdə 4 yerə bölündüyünü deyir: "İnsulindən asılı şəkərli diabet birinci qrupa, insulindən asılı olmayan və böyüklərdə rast gəlinən 2-ci, xroniki xəstəliklərdən yaranan 3-cü, hamiləlik dövründə yaranan diabet isə 4-cü qrupa aid edilir. Uşaqlarda insulindən asılı şəkərli diabet aşkar edilərsə, bunun müalicəsi yalnız insulinlədir. Ola bilər ki, uşaqlarda şəkərli diabetin sadaladığım digər qruplarına rast gəlinsin. Bu zaman böyüklərdə aparılan üsulla, yəni həblərlə müalicə edilir. İnsulinin vurulma üsulundan asılı olaraq qidalanmaya diqqət etmək lazımdır. Biri var insulini şprislə vurmaq, biri də var insulin pompalarından və qələmlərindən istifadə etmək. Əgər xəstə insulin pompasından istifadə edirsə, bu zaman həmin xəstə istədiyini yeyə bilər. Amma şprisdən istifadə olunursa, qidaya diqqət etməlidirlər. Onlara şirniyyat və un məmulatlarından hazırlanmış yeməklərdən uzaq olmaq məsləhət görülür. Əslində qidalanma xəstənin maddi vəziyyətindən, yaşadığı mühitdən və ətrafdan asılıdır".
 
Müsahibimiz qeyd edir ki, şəkərli diabetin əmələ gəlməsində iqlim dəyişməsinin, havada olan ekoloji dəyişikliklər də müəyyən dərəcədə rol oynayır: "Məsələn, bizə bu xəstəliklə bağlı dağlıq zonalardan çox az müraciət olur. Əsasən Aran zonasından, Bakıdan daha çox müraciət edirlər. Biz bir tədqiqat apardıq. Aydın oldu ki, Bakıda da neft olan ərazilərdə, xüsusilə Balaxanı, Binəqədi tərəflərdə bu xəstəliyə tutulma daha çoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.