Sağlamlıq

21 il səhv diaqnozla müalicə alan xəstə uğurlu əməliyyat olunub

9 Noyabr 2018 07:28
2 Şərh     Baxış: 2 543

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 21 il səhv diaqnozla müalicə alan xəstə uğurlu əməliyyat olunub.

Milli.Az bildirir ki, bu barədə klinikanın torakal cərrahı, tibb üzrə fəlsəfə doktoru Arif Ağayev universitetin mətbuat xidmətinə məlumat verib.

Həkim deyib: "Klinikamıza müraciət edən hazırda 27 yaşındakı xəstədə anadangəlmə ön divar aralığında, yəni ürəklə ağciyərlər arasında törəmə olub. Bu səbəbdən o, 5-6 yaşından davamlı öskürək, boğulma, yüksək hərarət və döş qəfəsində şiddətli ağrılar şikayətləri ilə müxtəlif xəstəxanalarda uzun müddətli müalicələr alıb. Lakin indiki dövrlə müqayisədə həmin illər Azərbaycanda səhiyyə inkişaf etməmişdi. Məhz bu səbəbdən xəstəyə səhv diaqnoz qoyulub və o, davamlı olaraq vərəm, astma, sətəlcəmdən kimi qüsura aidiyyəti olmayan bir sıra xəstəliklərdən müalicə olunub".

A.Ağayevin sözlərinə görə, xəstə klinikaya müraciət etdikdə davamlı bəlğəmli öskürək, hərarətin yüksəlməsi və təngnəfəslikdən şikayət edib: "Ən əsası odur ki, xəstə nə qədər müalicə olunsa da, bu problem aradan qalxmayıb. Biz gəncin əlindəki müayinə nəticələrinə nəzər saldıq. Sonra lazımi yeni müayinələr apardıq və xəstənin ön divar aralığı adlanan bölgəsində törəmə olduğu aşkarlandı. Bu, anadangəlmə dermoid sist və ya teratoma kimi dəyərləndirilib. Törəmənin xoşxassəli olduğu təsdiqlənib. Məlum olub ki, 21 il ağciyərə yol açan törəmə fasiləsiz olaraq irinləyib və iki orqan arasında yaranmış yoldan irin ağciyərə tökülüb. Ona görə də həkimlər bunu ağciyər problemi kimi qəbul ediblər".

Cərrah bildirib ki, uzun sürən müayinələrdən sonra, xəstədə vərəm olmadığı təsdiqlənib və o əməliyyata alınıb: "Xəstənin orqanizmində olan törəmə, eləcə də ağciyərin irinli və fəaliyyətini itirmiş iki payı çıxarılıb. Səkkiz saat yarım davam edən əməliyyat uğurla nəticələnib".

Həkim qeyd edir ki, əməliyyatdan sonra xəstənin vəziyyəti normaldır və o mütəmadı olaraq müayinələrə gəlir. Hansısa şikayət qeydə alınmayıb.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ZM · 9 Noyabr 11:2720

    Səhvd diyaqnozla müalicə alan xəstə kaş ki buxəstə olsun.Ammmaa onların sayı çoxdur.Bacarıqlı həkimə Təşəkkür edirəm

    Cavab yaz
  • Anonim
    # · 9 Noyabr 12:1940

    Allah qorusun savadlı hakimlərimizi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.