Sağlamlıq

Çillər dərinin xüsusi piqmentasiya formasıdır

7 Noyabr 2018 22:37
0 Şərh     Baxış: 2 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çillər kiçik ölçüsü darı dənəsindən mərci dənəsinə qədər olan sarı, narıncı və ya açıq qəhvəyi ləkələrdir. Onlar dəri səthindən yüksəlmir və kəpəkləmir, adətən simmetrik şəkildə üz, boyun, sinə və ətraflarda, bəzən də bütün bədənə yayılır və bir-biri ilə birləşərək iri sarı-qonur piqmentasiya ocaqları əmələ gətirir. Əsasən günəşin ultrabənövşəyi şüalarının dəriyə təsiri nəticəsində yaranan çillər daha çox yazda tündləşir və yay boyu payıza qədər qalaraq qışda üzə çıxır. İlk çillər 5-6 yaşında əmələ gəlməyə başlayır, cinsi inkişaf dövründə daha çox kəskinləşir və demək olar ki, görünmür.

Milli.Az bildirir ki, paytaxtdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova bu barədə AZƏRTAC-a məlumat verib.

Həkim deyib: "Çillər və ya efelidlər dərinin xüsusi piqmentasiya formasıdır və bir çox hallarda irsi xarakter daşıyır. Bu hal valideynlərdən uşaqlara autosom-dominant yolla ötürülür. Patoloji geni daşıyan hər kəsdə dəri ləkəli olur və bu da daşıyıcılıq halıdır. Çox vaxt ailə üzvlərinin hamısının dərisi çilli olur.

Tədqiqatçıların bir qismi çilləri anadangəlmə dəri ləkələrinin xüsusi forması kimi qiymətləndirir. Onlara əksərən kürən və sarışınlarda, daha az hallarda isə saçı şabalıdı rəngdə olanlarda rast gəlinir. Qaraşınlarda və dəri rəngi tünd olanlarda isə demək olar ki, çil müşahidə olunmur. Başqa bir yanaşmaya görə isə çillər dərinin xoşxassəli törəmələrinə aid edilir.

Genetik faktorun təsiri ilə melanin piqmentini əmələ gətirən hüceyrələrin-melanositlərin strukturu dəyişir, onlar piqmenti daha aktiv sintez etməyə başlayırlar. Bundan əlavə melaninin dəridə qeyri-bərabər yayılması günəş şüalarının təsirindən bərabər qaralmaya deyil, məhz çillərin əmələ gəlməsinə səbəb olur.

Çillərdən götürülmüş materialın patohistoloji müayinəsi zamanı dərinin üst qatında çoxlu melanin toplanması aşkar edilir. Çilləri lentiqo kimi dəri xəstəliyindən fərqləndirmək vacibdir. Lentiqo zamanı dəridə əmələ gələn ləkələr daha iri ölçüdə olur, sağlam dərinin səthindən bir qədər yüksəlir, rəngi bir qədər tünd, bəzən də maviyəçalan olur".

Həkim çillərin aradan qaldırılmasının bir qədər çətin olduğunu deyib: "Bunun üçün səthi və dərinin pilinq prosedurları, civə preparatları, salisil spirti və turşu tərkibli ağardıcı vasitələrdən istifadə olunur. Dərman preparatları arasında retinoidlərin bir neçə ay qəbulu efelidlərin solmasına səbəb olur. Fotomüalicə zamanı dərinin çilli nahiyələrinə qısamüddətli parlaq işıq süaları ilə təsir edilir. Ən radikal və səmərəli müalicə üsullarından biri lazer müalicəsidir. Həmin prosedurların mənfi xüsusiyyəti ondan ibarətdir ki, onların mütəmadi istifadəsi dərinin erkən qırışması və qocalmasına səbəb olur".

Dermatoloq bildirib: "Dəri çillərindən əziyyət çəkənlər onların artmasını qabaqlamaq üçün yaz və yay aylarında mütləq günəşdən qoruyucu krem çəkməli, xinin və salol tərkibli qoruyucu kirşandan istifadə etməli, günəş şüaları altında uzun müddət qalmamalıdır. Qida rasionuna C vitamini (askorbin turşusu) və PP vitamini (nikotin turşusu) ilə zəngin məhsullar artırılmalıdır. Orqanizm C vitaminini bir çox meyvə və tərəvəzlərdən alır, vitamin-mineral kompleksi isə daha çox toyuq və mal ətində, qarabaşaq yarması və qaraciyərdə olur.

Çilləri ağartmaq üçün su ilə qarışdırılmış limon, təzə sıxılmış cəfəri, təzə xiyar, qreypfrut və ya qara qarağat şirələrindən istifadə olunur. Həmin meyvələrin tərkibində olan turş maddələr piqmenti oksidləşdirir və rəngini açır. Bunlara süd məhsulları, xüsusən də turş süd də aiddir. Kefir və qatıq yumşaq ağardıcı təsir göstərir. Ağardıcı maska və losyonlar axşam saatlarında tətbiq olunur və onların istifadəsindən sonra günəş işığına çıxmaq olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.