Sağlamlıq

Botoks, yoxsa canlı bomba? - Çinin bədheybətə çevirdiyi Azərbaycan qadınları

23 Sentyabr 2018 22:49
4 Şərh     Baxış: 5 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Üzümə vurulan gel sürüşüb bir tərəfə toplanıb", "dodağımdakı dolğu gündən-günə formasını dəyişir", "göz kənarındakı qırışlara görə botoks etdirdim, bir ay sonra əyildi".

Gözəl görünmək üçün min bir əzaba qatlaşan, onlarla iynənin üzünə yeridilməsinə razı olan xanımların bu cür şikayətləri son vaxtlar xeyli artıb.

Danılmaz faktdır ki, əsəbiləşəndə, şən olanda, kədərlənəndə hisslərimizi qarşı tərəfə ötürməyin ən yaxşı üsulu olan mimikaların illər ötdükcə dərinləşib, üzdə özünə ciddi "yer" etməsi, qırışlara çevrilməsi, xüsusən də qadınlar üçün dözülməz problemə səbəb olur. Amma nə yaxşı ki, elm inkişaf edib və artıq bu qırışlardan xilas olmaq asanlaşıb. Botoks, mezoterapiya, dolğular, gellər qadınların gözəl görünmək üçün üz tutduğu yollardır. Bunlar nəinki üz dərisini yeniləyir, anadangəlmə görünüşü də dəyişməkdə əvəzsizdirlər.

Lakin son vaxtlar bu prosedurlar gözəllikdən daha çox xoşagəlməz fəsadlara yol açır. Dodağa, üzün müxtəlif nayihələrinə vurulan gellər bir yerə toplanır, dəri altında özünə yer tapmır, bəzən dodaqda həddən artıq sallanmalara, göz qapaqlarının enməsinə səbəb olur. Gel, botoks və mezoterapiyanın əvvəlki effektinin olmaması çox zaman insanları illərdir müraciət etdikləri kosmetoloqlarından belə uzaqlaşdırır.

Milli.Az bildirir ki, problemdən kosmetoloqlar da xəbərdardır. Onlar səbəbi özlərində yox, məhsulların keyfiyyətinin aşağı düşməsində görürlər. Manatın dollar qarşısında dəyər itirməsindən sonra bazarda keyfiyyətsiz məhsulun artdığını deyirlər. Kosmetoloqların sözlərinə görə, son vaxtlar ölkəyə idxal edilən bu məhsullarda əvvəlki effekt müşahidə edilməməklə yanaşı, keyfiyyət də aşağı düşüb. Mezosapların çürük olması, fillerlərin üzərində göstərilən müddətdən daha tez korlanması, effektini itirməsi belə problemlərdəndir.

Ekspertlər bunu məhsulun istifadə vaxtının keçməsi, ya da ümumiyyətlə, keyfiyətsiz olması ilə əlaqələndirirlər. İddialara görə, əgər üzə vurulan maddə dəri altında həll olmur, bir yerə toplanırsa, bu, onun tərkibinin sintetik olmasından xəbər verir. Əgər məhsul sintetikdirsə, ilk ağla gələn isə onun Çində istehsal edilməsidir. Qidadan geyimə qədər hər bir məhsulda "kopiyalamaq"da məharətli olan çinlilərin kosmetika bazarındakı "uğuruna" şübhə etmək isə yersiz olardı. Ona görə bu iddia heç də əsassız görünmür.

Məhsulların keyfiyyətsizliyinin ikinci bir səbəbi isə onların ölkəyə qeyri-qanuni idxalı ilə bağlanılır. Xüsusi şəraitdə daşınmalı olan bu məhsullar çox vaxt çamadanlarda qaçaqmalçılıq yolu ilə gətirilir. Bu zaman da saxlanma tələbləri pozulur. Məsələn, botoks üçün istifadə edilən botulium toksini buz içərisində saxlanılmalıdır. Bundan başqa, əvvəllər İsveç, ABŞ, Almaniyadan gətirilən bu məhsullar hazırda İran və Çindən idxal olunur. Özü də qatar və avtobuslarla. Bu ölkələrdə isə həmin məhsulların necə istehsal edilməsi böyük bir sual altındadır.

Diqqət çəkən məqamlardan biri də eyni ticari adlı məhsulun qiymətinin ölkəmizdə xaricdən ucuz olmasıdır. Məsələn, xarici ölkədə 400 avroya olan məhsul, Azərbaycanda 300 manata təklif edilir. Bu məshulların ölkəmizdə istehsal edilmədiyini nəzərə alsaq, idxal olunan malın Azərbaycanda istehsal edildiyi ölkədən daha ucuz satılması heç bir iqtisadi, ticari qaydalara uyğun gəlmir. Demək, burada başqa iş var...

Canlı bomba

Kosmetoloq Xariqə Quliyeva bu gün kosmetologiyada botoksun ən ciddi problem olduğunu deyir: "Təəssüf ki, hazırda bu sahədə təhsili olmayanlar da məşğul olur. Botoksda ən ciddi fəsad göz nayihəsində enmələrdir. Ən professional kosmetoloq belə bu halla qarşılaşa bilər. Bunun müxtəlif səbəbləri var - dərmanın keyfiyyətsiz olması, kosmetoloqun nöqtələri dəqiq seçməməsi, həmçinin xəstənin özünə düzgün qulluq etməməsi səbəbindən belə çökmələr yarana bilər. Bu, ciddi problem yaratmır, bir neçə ay sonra problem aradan qalxır.

Yaxşı olar ki, botoksla məşğul olan kosmetoloqlar güvəndikləri firmalara üz tutsunlar. Sabah hər hansı problem yaşananda da, həmin firmadan haqlarını tələb edə bilsinlər. Düzdür, bəzən daim aldığın firmanın gətirdiyi məhsulda da problemlər olur. Bu, artıq onun istehsal edildiyi müəssisə ilə bağlıdır. Botoksda fəsadların yaranma səbəblərindən biri də onun hansı şəraitdə gətirilməsindən asılıdır. Qaçaq yolla gətirənlər onu buzda saxlamır, çamadana yığıb gətirir. Ancaq kosmetoloqa gətirəndə buzda olur. Əlbəttə, kosmetoloq onun əvvəlki saxlanma şəraitindən xəbərdar ola bilməz. Gelin üzdə müəyyən hissələrdə toplanması, sorulmaması isə texnologiyanın düzgün seçilməməsi, doğru vurulmaması, gelin tərkibində sintetikanın olmaması ilə bağlı ola bilər. Belə bir fikir var ki, sintetik geli üzə vurmaq, üzdə canlı bomba daşımaq kimi bir şeydir. Sintetik geldən istifadənin hansı fəsadlara səbəb olduğunun şahidiyəm. Ona görə də, nə qədər sərfəli olsa da, sintetik geldən istifadə etmirəm".

Kosmetoloq qadınları gel, botoks, mezoterapiya ilə bağlı qərar verərkən seçdikləri şəxsin bu sahədə təhsilinin olub-olmamasını araşdırmağı tövsiyə edir: "Botoks, gel vurmaq pul qazanmaq üçün bir vasitəyə çevrilib. Bu günlərdə Bakıda yaşayan bir xanım Kürdəmirdə botoks vurmaq üçün onu öyrətməyimlə bağlı mənə müraciət edib. Təəssüf ki, gerçəklik budur və hər istəyən botoks vurur".

Məhsul ucuzdursa...

Həkim kosmetoloq Aybəniz Cəfərova kosmetologiya bazarında keyfiyyətsiz məhsulların sayının artdığını deyir. Onun sözlərinə görə, xüsusən də, vaxtı ötmüş məhsullar daha çoxdur: "Çindən belə məhsulların gətirilməsi barədə məlumatım var. Onlardan əsasən kiçik salonlarda bu işlə məşğul olanlar istifadə edir. Üzlərinə vurulan gel, botoksun keyfiyyətsiz olması barədə şikayət edənlər az deyil. Onlar arasında bizə də müraciət edənlər var. Bazara keyfiyyətsiz məhsul daxil olmazsa, vətəndaşlar bu problemlə qarşılaşmaz. Bəzən çürük saplarla mən də qarşılaşıram. Bu da yəqin ki, məhsulun istifadə müddətinin keçməsi ilə bağlıdır.

Məhsulların keyfiyyətsiz olmasının səbəblərindən biri də onların gətirilmə şəraiti ilə bağlıdır. Bu məsələyə adətən keyfiyyətli məhsul idxal edənlər fikir verir. Məhsulu Fransa, Amerikadan böyük xərclə ölkəyə gətirən şəxs onun saxlanma şəraitinə də əməl edər. Yəni məhsul ucuzdursa, demək onun saxlanma şəraiti və dolayısı ilə gətirildiyi ölkədəki istehsal şəraiti də düzgün deyil. Çantalarda gətirilən məhsulların isə nə keyfiyyəti, nə də istehsal olunduğu yer məlumdur".

Firmalar yaxşı bilir

Kosmetoloq Aida Məmmədova deyir ki, dərmanlarda olduğu kimi əsas komponentləri daxil edilməyən kosmetoloji məhsulların bazarda payı artıb: "Bu məhsulların əksəriyyəti qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir. Sosial şəbəkədə açıq şəkildə reklamlarını qururlar. Daha ucuz gətirdiklərindən qısa zamanda çoxlu müştəri toplaya bilirlər. Üstəlik, bu məhsullar ucuz başa gəldiyindən və sertifikatsız olduğundan kimə gəldi satırlar. Nəticədə, kosmetoloqa müraciət edən şəxslər özləri aldıqları gel və botoksları vurmağı məsləhət görürlər. Əlbəttə, hər həkim bununla razı olmasa da, bunu edənlər də az deyil.

Yaponiyanın istehsal etdiyi tanınmış bir preparat var, onu Çində də hazırlayırlar. Bəzi məhsulların üzərində hər hansı Avropa ölkəsinin adı, ya da Amerika yazılır, amma onun Çində istehsal edildiyini bilirik. Əlbəttə, Çində istehsal edilən hər mala pisdir, deyə bilmərik, lakin Azərbaycana idxal edilən adətən keyfiyyətsiz olur".

Kosmetoloq deyir ki, firmanın idxal etdiyi məhsulun keyfiyyətindən xəbərsiz olması mümkünsüzdür: "Elə firma var ki, onların gətirdiyi məhsullarda keyfiyyətlisi də, keyfiyyətsizi də ola bilər. Təəssüf ki, insanlar pula görə hər şey edirlər. Kosmetoloqlar arasında sertifikatsız məhsulla işləyənlər az deyil. Qəribəsi budur ki, onlar bunu etməyənə pis baxırlar".

Kiçik araşdırmamız zamanı bəlli oldu ki, artıq bazarda saxta məhsulların sayının artması bəzi şirkətləri bu məhsulları ölkəyə gətirməkdən imtinaya sövq edib. Bu məhsulun saxta variantının bazarı doldurması, keyfiyyətli məhsul gətirənlərin geri çəkilməsinə səbəb olub. Danışdığımız bəzi şirkətlərdən bildirdilər ki, keyfiyyətsiz məhsulu fərdi şəxslər gətirsə də, keyfiyyətsiz adı bütün idxalçılara aid edilir. Nəticədə, imicə zərər dəyir. Bunu nəzərə alan şirkətlər nüfuzlarını qorumaq üçün imtina ediblər. Bu məhsulları İrandan, Dağıstandan çamadanla gətirib satanlar az deyil. Amma bazarda qalıb işini davam etdirən şirkət kifayət qədərdir. Bəs onlar məhsullarının keyfiyyəti barədə nə düşünür.

Gel, filler, mezo vasitələrinin idxalçılarında olan "Kepro" şirkətinin merketinq şöbəsinin direktoru Cəmilə Əhmədova deyir ki, bu məsələdə həm istifadəçi, həm də kosmetoloqların iddialarına araşdırmadan sonra cavab vermək mümkün olar: "Kosmetoloqların aşkarladıqları keyfiyyətsiz məhsullar arasında bizim şirkətin idxal etdiyi məhsullar varsa, onu təqdim edə bilərlər, biz səbəbi birlikdə araşdırarıq. Biz yalnız öz məhsullarımızın keyfiyyətinə zəmanət verə bilirik. Lakin kosmetoloqların iddia etdiyi problemlər məhsulların keyfiyyətsiz və saxta olması ilə bağlı ola bilər. Ona görə də məhsulun haradan gətirilməsi və məhsul barədə bütün məlumatları araşdırmalıdırlar. Amma təəssüf ki, kosmetoloqların çoxu buna diqqət etmir, sadəcə qiymətin ucuz olmasına baxırlar. Bu gün bir çox kosmetoloqlar digər botulino toksin maddələrini botoks adı ilə müraciət edənlərə təqdim edir. Nəticədə eyni effekt olmur, qarşı tərəf də razı qalmır. Çindən botoks adı altında keyfiyyətsiz, saxta məhsullar gətirilir. Bu üsul filler, dolğu, mezolara da aiddir. Ola bilər onlar da geoleron turşusu ilə işləyirlər. Lakin əsas məsələ onun keyfiyyəti-komponentlərin davamlı olması ilə bağlıdır. Ancaq kosmetoloqlar ucuz alıb, qarşı tərəfə baha satmağı seçir".

Son vaxtlar fillerlərin üzərində yazılan istifadə müddətinin tətbiqdə özünü doğrultmamasına gəldikdə, o, firma mallarında və bahalı məhsullarda belə halın mümkün olmadığını dedi: "Fillerlərin növlərinə görə istifadə müddəti fərqlənir. Bərk olanlar uzun müddətli olur. Yumuşaq olanlar isə effektini tez itirir. Lakin məhsulun effekti üzərində yazılandan tez itirsə, bu, onun saxta olmasından xəbər verir. Əlbəttə, bazarda keyfiyyətsiz məhsulun olmasını istisna etmirik, lakin bu fərqi kosmetoloq özü görməyi bacarmalıdır. Əgər orijinal məhsul uyğun olmayan şəraitdə gətirilərsə, onun da effekti olmayacaq".

Qeyd edək ki, ölkəyə idxal edilən bu məhsulların yararlı olub-olmaması barədə ilk rəyi Respublika Sanitariya-Karantin Müfəttişliyi verir. Müfəttişliyin şöbə müdiri Yadulla Balışovun deyir ki, idxal olunan məhsullar təhlükəsizlik göstəricilərinə görə müayinə olunub yoxlanılandan sonra dövlət gigiyena qeydiyyatına alınır: "Bu proses hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Məhsullar əsasən, İsveç, Almaniya, ABŞ, İspaniya, İtaliya, son vaxtlar bir neçə dəfə Koreyadan daxil olub. Ticari nişanı botoks olan məhsul 2013-cü ildən rəsmi formada idxal edilməyib. Bu vaxta qədər gel, dolğu, mezoterapiya üçün müayinə olunan məhsullarda sanitariya norma və qaydalar, standartların tələblərinə cavab verməməsi, standartı pozulmasına rast gəlinməyib. Narazılıqların səbəbi ilk növbədə doğru istifadə edilməməsi ilə bağlı ola bilər. Həmçinin bizim sertifikat verdiyimiz məhsulun sonradan saxlanma şəraiti pozulsa, o məhsul effekt verməz. Lakin biz sertifikatdan sonrakı mərhələlərə nəzarət etmirik".

Bazarda saxta məhsul var, bunu müsahiblərimiz də təsdiqləyir. Bu məsələdə həmin məhsulları gətirənlər qədər insanlara tətbiq edən kosmetoloqlar da məsuliyyət daşıyır. Onlar isə hələ ki, pul xətrinə bir çox problemlərə göz yumur. Güzgüdə özünüzü gözəl görmək, sifətinizdə canlı bomba daşımamaq üçün mütləq kosmetoloq seçimində gözü açıq olmalısınız. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.