Sağlamlıq

Qadın yumurta hüceyrələrinin tükənmə prosesi 35 yaşında sürətlənir

20 Aprel 2018 22:31
0 Şərh     Baxış: 6 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadının kişidən fərqini tək sözlə ifadə etməli olsaq, bu söz yəqin ki, analıq olar. Bioloji dildə desək, hamiləlik və doğuş. Bütün məməlilərin dişisi körpəsini bir müddət bətnində daşıyır və onu dünyaya gətirdikdən sonra yeni doğulmuş fərdin əsas ehtiyaclarını ödəyir - onu qoruyur və qida ilə təmin edir. Qadın da hamiləlik, doğuş və süd vermə dövrlərindən keçir və bu zaman fizioloji dəyişiklikləri özündə yaşayır. Hər canlı bir şəkildə ətraf mühitə adaptasiya olunduğu kimi, insan da sosial davranışları ilə bu vəhşi təbiətin yaşamaq uğrunda mübarizəsinə sinə gərərək təkamül edib. Bu, sosiallaşma qida zəncirində insana nə qədər üstünlük veribsə də, fərdi bioloji xüsusiyyətlərdə bəzi cəhətlərdən geri qalmağımıza gətirib çıxarıb. Son zamanlar sosial fəaliyyətinin aktivləşməsi səbəbindən bir çox qadınlar fərd kimi önə çıxarkən analıq instinktini ikinci plana çəkir və ya gecikdirir. Daha sadə dildə desək, fərdi fəaliyyətdə kişilər qədər çalışan qadın ana olmağı təxirə salmağa başlayıb. Belə ki, dünənə qədər cəmiyyətimizdə 25 yaşında evdə qalmış sayılan qızlar bu gün tez-30 yaşından belə ailə qurmaq istəmir, təhsil və karyera haqqında düşünür. Bəzən bunlar olmasa belə, qadınlar şəxsiyyət kimi formalaşmağa və ya daha uzun müddət gəncliyini yaşamağa üstünlük verir. Sosial baxımdan bu cəhət nə qədər təqdirə layiq olsa da, bioloji baxımdan qarşıya bir sıra problemlər çıxarır.

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində "Caspian International Hospitalın" həkim-ginekoloqu, ginekologiya şöbəsinin müdiri Rəşad Sultan bildirib.

Həkim deyib: "Bu problemlər haqqında danışmadan əvvəl qadın orqanizminin bəzi xüsusiyyətlərini vurğulamaq istərdim. Əvvəla, qadın reproduktiv funksiyasının bir yaş sərhədi var. Belə ki, doğulan hər qız uşağının yumurtalıqlarında artıq müəyyən sayda yumurta hüceyrəsi olur. Bu hüceyrələr onun həyatının irəli yaşlarında nəinki artmır, hətta getdikcə azalır. Müqayisə üçün deyək ki, kişi cinsiyyət hüceyrələri bölünərək çoxalır və bu proses ömürboyu davam edir. Lakin qadın yumurta hüceyrələri 50 yaşına doğru tam tükənir və klimaks dediyimiz dövr başlayır. Tükənmə prosesi xüsusilə 35 yaşında sürətlənir. Bu səbəbdən də qadınlara qeyd olunan yaşa qədər övlad sahibi olmaq tövsiyə olunur.

Hamilə qaldıqdan sonra da yaşı çox olan ananın problemləri və riskləri bitmir. Yaşlı hamilənin ən böyük riski xromosom anomaliyalı uşaq dünyaya gətirməkdir. Daun sindromu bu anomaliyalar içində ən çox rast gəlinəndir. Bu səbəbdən 35 yaşdan yuxarı hamilələr xromosom anomaliyası baxımından daha diqqətli müşahidə altında saxlanılırlar. Elə bu səbəbdən də irəli yaşlı hamiləliklərdə düşüklər də daha çox müşahidə olunur. Bu düşüklərin ilk səbəbi elə xromosom anomaliyaları olur.

Yaş irəlilədikcə hamiləlik zamanı qan təzyiqi və şəkər yüksəkliyi problemləri, eləcə də bunlara bağlı ağırlaşmalara da daha çox rast gəlinir.

Bunlardan başqa vaxtından əvvəl doğuş təhlükəsi, bətndaxili inkişaf geriliyi, cift patologiyaları da 35 yaşdan sonrakı hamiləliklərdə daha çox müşahidə olunur.

Müasir tibbin nailiyyətləri bu qadınlara bir tərəfdən hamilə qalmağa şərait yaradırkən, digər tərəfdən istər hamiləlik patologiyalarının idarə edilməsi, istərsə də ana və dölün sağlamlığının təminatına xidmət göstərir.

Bu tibbi biliklərdən yola çıxaraq belə nəticəyə gəlmək olar ki, hər bir qadın digər canlıların dişisindən fərqli olaraq, eyni zamanda, bir sosial varlıqdır. Yəni qadının tək vəzifəsi uşaq doğmaq, böyütmək deyildir və o öz sosial fəaliyyətini seçməkdə sərbəstdir. Həmçinin hamiləlikdən qorunmaqla ailə planlaması da qadına tibb elminin təqdim etdiyi bir imkandır. Lakin digər tərəfdən insan canlının bir növü kimi çoxalma funksiyasını daşıyır. Nə qədər sosiallaşsaq da instinktlərdən uzaqlaşmaq mümkün deyil və bu funksiyanı da tam gözardı etmək olmaz. Yəni sosial fəaliyyətdə olan hər qadın sadaladığımız tibbi və bioloji məhdudiyyətləri də daim nəzərdə saxlamalı, bu incə balansı tutarkən övlad sahibi olma vaxtını düzgün seçməli, çox da gecikməməli və bununla da həm özünü, həm də tibb işçilərini çətinə salmamalıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bu günlərdə bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara bərabər hüquqlar verilən ölkəmizdə xanımlarımıza layiqli sosial fəaliyyət, sağlam bioloji həyat, eyni zamanda, istədikləri və lazım bildikləri halda sağlam analıq arzu edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.