Sağlamlıq

"Uşaqların düzgün qidalanması ən mühüm məsələlərdən biridir"

16 Aprel 2018 21:59
0 Şərh     Baxış: 2 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə uşaq sağlamlığının qorunması sahəsində ardıcıl və daimi tədbirlər görülür. 2006-cı ildən başlayaraq indiyədək ana və uşaqlarının sağlamlığı səhiyyənin prioritet məsələlərindən birinə çevrilib. Həmin vaxtdan indiyədək bir-birinin ardınca bu sahədə bir neçə Dövlət Proqramı və qanunlar qəbul edilib. Uşaqların peyvənd edilməsi isə dövlət hesabına həyata keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat verən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib:

- "Uşaqların icbari dispanserizasiyası" haqqında Qanunda göstərilir ki, yeni doğulan körpə birinci ay ərzində ən azı üç, 1 yaşa çatanadək 12-13, 1 yaşından 2 yaşadək olan uşaqlar rübdə ən azı 1 dəfə həkim müayinəsindən, ehtiyac yaranan hallarda isə kompleks müayinədən keçirilməlidir. 2 yaşdan 3 yaşadək uşaqlar ildə 2, həmin yaşdan yuxarı olanlar isə ildə ən azı bir dəfə kompleks tibbi müayinə edilməlidir. Lakin bu, dispanser qeydiyyatında olan uşaqlara aid deyil, çünki həmin uşaqlar daha tez-tez həkimin tibbi yoxlamalarından keçməli olurlar. Lakin təəssüf ki, bəzən valideynlərin uşaqlar üzərində nəzarəti itirməsi nəticəsində həkim müdaxiləsinin gecikməsi və ya fürsətin qaçırılması halları ilə üzləşirik. Hətta bəzən proseslər başlanandan, iş işdən keçəndən sonra müraciətlər olur. Ona görə də istər valideynlər, istərsə də həkimlər uşaqların bəslənilmə, qidalanma və sağlamlığını daim nəzarət altında saxlamalıdırlar.

- Professor, əvvəlcə mövsümü xəstəliklər barədə məlumat verməyinizi xahiş edirik...

- Uşaqlar arasında rast gəlinən xəstəliklərin bir qismi mövsümi xəstəliklərlə əlaqədardır. Həmin sahəni təbabətdə ekoloji və ya mövsümi pediatriya adlandırırlar. Yaz-yay mövsümü uşaqların immunitetinin möhkəmləndirilməsi və orqanizmin sağlamlaşdırılması dövrüdür. Payız-qış aylarında isə daha çox soyuqdəymə, yazın əvvəlində daha çox allergik xəstəliklər narahatlıq doğurur, uşaqların bir qismində isə hipovitaminoz, yəni vitamin çatışmazlığı əlamətləri müşahidə olunur. Yaz mövsümünün başlanğıcında isə həmin xəstəliklər daha geniş yayılır. Allergik əlamətlər rast gəlinən uşaqların valideynləri onları tibb mütəxəssisi və allerqoloqun yanına aparmalı, qabaqlayıcı tədbirlər görməyə çalışmalıdırlar. İlin həmin mövsümündə ən çox pollinozlar baş verir. Ağacların çiçək açması, çiçəklərdə gedən tozlanma, havaya yayılan, yaşıllıqların əmələ gəlməsi nəticəsində yaranan görünən və görünməyən tozlar allergik reaksiyalara səbəb olur. Bunun nəticəsində uşaqlar arasında burun axmaları, tez-tez asqırmalar, gözün qızarması, sulanması, maye ifrazı baş verir, ağır hallarda isə dərində səpkilər, boğulma tutmaları yaranır. Əslində allergiyaya meyilli uşaqlar yaşadıqları ərazidə poliklinikalarda qeydiyyatda olur, sahə həkimləri və allerqoloqlar onlara daim nəzarət edirlər.

- Peyvəndlərin gecikməsi zamanı nə etmək lazımdır?

- Çox təəssüf ki, valideynlər belə vacib məsələlərə vaxtında lazımi əhəmiyyət verməməsi sonralar uşaqlarda ciddi narahatlıq yaradır. Çünki peyvəndlərin içərisində eləsi var ki, erkən yaşda aparılmalıdır. Məsələn, pnevmokoklara qarşı 2 yaşına qədər, göyöskürəyə qarşı 6 yaşa qədər peyvənd edilməlidir, həmin yaş ötəndən sonra onu aparmağın əhəmiyyəti yoxdur. Peyvənd aparılmasının gecikməsi zamanı belə bir qayda var ki, axırdan başlayaraq əvvələ, yəni ən sonuncu peyvənddən başlanılır və irəliyə doğru yaşın imkan verdiyi peyvəndlər aparılır. İlk növbədə qızılca, məxmərək və parotitə qarşı, sonra isə digər peyvəndlər, o cümlədən beşvalentli vaksinin hansı komponentlərini aparmaq olarsa, onları mütləq etmək lazımdır. Peyvənd elə mühüm tədbirdir ki, yalnız şiş xəstəlikləri zamanı sitostatik dərman preparatları ilə müalicə alan uşaqlarda aparılmır. QİÇS sindromu olan uşaqlarda isə onu seçərək edirlər, qalan bütün hallarda onun aparılması zəruridir. Onu da deyim ki, peyvənd elə bir tədbirdir ki, indi ondan yayınmağa görə valideynlər xüsusi məsuliyyət daşıyır və bu barədə ondan izahat tələb olunur

- Şübhəsiz ki, uşaq sağlamlığında qidalanma çox böyük əhəmiyyət kəsb edir...

- Pediatriyada uşaqların düzgün qidalanmağı ən həlledici məsələlərdən biridir. Bütün canlılar kimi insan dünyaya gələndən onun qidalanması ana südü ilə başlanılmalı, 2 yaşına qədər davam etdirilməli və sonralar onun aldığı qidalar yaşına uyğun olmaqla yanaşı həm də təbii komponentlərdən ibarət olmalıdır. Heç də təsadüfi deyil ki, pediatrlar körpələri iki qrupa bölürlər: ana südü ilə qidalananlar və süni qidalananlar. Dünyada aparılan araşdırmalar göstərir ki, süni qidalanan uşaqlarda xəstələnmə və ölüm halları təbii qidalanan uşaqlarla müqayisədə ən azı dörd dəfə çox rast gəlinir. Təbii qidalanma zamanı uşaqların bir çox xəstəliklərdən qorunması və sağlam böyüməsi bəribaşdan təmin olunur. Ona görə də ən çox narahatlıq doğuran məsələlərdən biri ananın öz övladını ana südü ilə deyil, süni qidalar və qarışıqlarla qidalanmasıdır. "Körpələrin və erkən yaşlı uşaqların qidalandırılması haqqında" Qanun da üç hissəyə bölünür: ana südü ilə qidalanmanın doğruluğu və təbliği, süd verən analara əlavə müavinətlərin verilməsi və dəstək göstərilməsi, ölkəyə gətirilən süni qida qarışıqları üzərində dövlət nəzarətinin təşkil olunması və onların reklam edilməsinin qarşısının alınması.

Valideynlər bu məsələləri mütləq nəzərə almalıdırlar. İlk növbədə uşaqların dünyaya gətirilməsi təbii yolla olmalıdır, çünki doğuş prosesində ana və uşağın orqanizmində elə vacib proseslər baş verir ki, onun gələcəkdə sağlam böyüməsi və yaşaması üçün olduqca həlledici əhəmiyyət daşıyır. Süni doğuşla dünyaya gələn uşaq isə doğulduğu andan yaşamaq uğrunda mübarizəyə qoşulmalı olur və çox çətin yollardan keçir. Bətndaxili uşağın nəfəs yolları maye ilə tutulmuş olur. Cərrahi müdaxilə ilə süni doğuş zamanı körpəni həmin mayenin içərisindən çıxarılması nəticəsində onun nəfəs alması çətinləşir və s. Bütün bunları nəzərə alaraq ən doğru yolu seçmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.