Sağlamlıq

"O peyvəndi vurdurduqdan sonra xəstəlikdən 95 faiz qoruyur" - PEDİATRDAN VACİB QEYD

20 May 2018 22:49
5 Şərh     Baxış: 3 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlara peyvənd vurulması ilə bağlı illərdir bitmək bilməyən mübahisələr var. Həkimlər peyvəndin nə qədər vacib olduğunu desələr də, uşağını peyvənd etdirməkdən imtina edən valideynlər çoxdur. Onlar inadla bildirir ki, peyvəndlərin xeyrindən çox zərəri var. Bəs əslində necədir? Peyvənd vurulan zaman uşaqlarda hansısa fəsad yaranırmı? Milli.Az ailem.az-a istinadən peyvəndlərlə bağlı valideynləri ən çox maraqlandıran suallara pediatr Altay Abdullaoğlunun cavablarını təqdim edir.

Həkim deyir ki, peyvənd virus və mikrobların zəiflədilmiş, xəstəlik törətmə qabiliyyətləri əlindən alınmış formasının bizim bədənimizə yeridilməsidir: "Bunun nəticəsində bizim bədənimizin qoruma hüceyrələri bu törədicilər, infeksiyalar barədə bir məlumat əldə edirlər və onlardan qorunmaq üçün xüsusi silahlar yaradırlar. Hər hansı bir vaxtda uşaqlarımız, hətta böyük olduğu dönəmdə də bu xəstəliklə üzləşdiyi zaman xəstəliyin ya qarşısını alır, ya da yüngül keçirilməsinə səbəb olur. Bu baxımdan peyvənd çox əhəmiyyətlidir. Misal üçün, biz öz körpəmizə 3-4 doza Hepatit B peyvəndi vurdurduq. Bu peyvəndi vurdurduqdan sonra o, xəstəlikdən 90-95 faiz qoruyur. Təbii ki, bu, böyük bir nailiyyətdir. Bu baxımdan Hepatit B peyvəndinin vurulmasını tövsiyə edirik".

A.Abdullaoğlu peyvəndlərin fəsad yaratması fikri ilə bağlı bildirir ki, heç bir həkim "peyvənddən sonra 100 faiz fəsad olmayacaq" sözünü deyə bilməz və bu, dünyanın hər bir yerində belədir: "Amma indiki texnologiya ilə hazırlanan peyvənddən sonra ciddi bir fəsad olma ehtimalı çox aşağıdır. Ortaya çıxan fəsad isə minimal olur. Hərarət, peyvənd yerinin qızarıqlığı, şişlik, halsızlıq kimi fəsadlar olur ki, bunlar da nadirən qarşımıza çıxır. Əksərən də qısa zaman çərçivəsində xüsusi bir müalicə tətbiq edilmədən aradan qalxır. Çox vaxt müəyyən xəstəliklərin hamısını peyvəndə aid edirlər. İsbat olunan fəsadlarımız çox azdır. Bir çox hallarda mənim gördüyüm odur ki, elmi olaraq bu fəsad peyvəndlə bağlı deyil. Sadəcə olaraq valideynlər bu fəsadları peyvəndə aid edir. Valideynlər soruşur ki, biz uşağımızı peyvənd etdirməsək nə olar? Çünki peyvəndlə bağlı 100 faiz təminat vermirsiniz, peyvənddən sonra az da olsa, fəsad ola bilər. Buna görə də körpəmizə peyvənd vurdurmayaq və bu fəsadlardan qoruyaq. Amma məsələ burasındadır ki, siz körpənizə bu peyvəndi vurdurmasanız belə, böyüdüyü zaman o xəstəliklərlə böyük ehtimalla qarşılaşacaqlar. Və qarşılaşdıqları zaman bu xəstəlikləri çox ağır keçirəcəklər, ciddi fəsadlar əmələ gələcək. Tibbi olaraq biz də o xəstəliklə qarşılaşdığımızda hər zaman xəstəmizi müalicə edə bilmirik. Ona görə də bu fəsadları ortadan qaldırıb minimuma endirmək üçün yenə də peyvənd vurulmasını məsləhət görürəm. Mən, əslində, hər zaman peyvəndi sığortaya bənzədirəm. Tutaq ki, sizin bahalı maşınınız var və sığortasız sürürsünüz. Mümkün deyil ki, həmin maşını illərlə sürəsiniz və heç bir qəza, fəsad olmaya. Mütləq hansısa problemlər ortaya çıxır. O zaman da insan düşünür ki, kaş mən maşınımı sığortalatdırardım. Bu baxımdan da sabahısı gün uşağınız böyüdüyü, xəstəliklər ortaya çıxdığı zaman insanlar deyir, kaş uşağıma peyvənd vurduraydım"

Həkim bildirir ki, valideynlər yayda peyvənd vurdurulması ilə bağlı da çox narahat olurlar. Onun sözlərinə görə, qışla yay arasında bir fərq yoxdur. Hər iki fəsildə də peyvənd cədvəlində vaxt gəldiyi zaman peyvənd vurulmalıdır: "Körpə doğulduğu zaman ona ilk peyvəndlər doğum evində vurulur. Sonra ikinci aydan etibarən vurulur və yay ayına təsadüf etsə belə, peyvəndlər etdirilməlidir. Belə bir fikir də var ki, peyvəndi uşaq böyüdükdən sonra, məsələn, 5 yaşından sonra vurdursunlar. Bu da yanlış fikirdir. Peyvəndlər vaxtlı-vaxtında cədvələ uyğun vurulmalıdır. Digər tərəfdən siz əminsinizmi ki, uşaqlar həmin yaşa gələnə qədər o xəstəliyə tutulmayacaq?"

Eyni gündə bir neçə peyvənd birdən vurula bilərmi sualını cavablandıran pediatrın sözlərinə görə, bu mümkündür: "Fəsad baxımından tək-tək vurulan peyvəndlə, eyni gündə vurulan peyvənd arasında heç bir fərq yoxdur. Valideynlər onu da soruşur ki, siz uşaqlara peyvənd vurulmasını məsləhət görürsünüz, bəs öz övladlarınıza peyvənd vurdurmusunuz? Mənim iki övladım var və onlara peyvənd vurdurmuşuq. Özümüzə rəva bilmədiyimizi sizlərə də məsləhət görmərik. Peyvənd barədə fərqli fikirlər, söz-söhbətlər mövcuddur. Amma bunların böyük əksəriyyətinin elmi əsası yoxdur. Hazırda elmin gəldiyi nəticə odur ki, peyvənd vurdurmaq lazımdır və onun faydası zərərindən qat-qat çoxdur".   

A. Abdullaoğlu əlavə olaraq qeyd edir ki, bilinənin əksinə olaraq, aşağıda sadalanan hallarda peyvəndlər vurula bilər:

- Yarımçıq doğulma,

- Yumurta allergiyası,

- Yüngül soyuqlama əlamətlərinin olması (burun axıntısı, yüngül qızdırma, boğazda qızarıqlıq),

- İshal,

- İnkişaf geriliyi,

- Astma və digər allergik problemlər (istisnalar var),

- Nevroloji xəstəliklər (istisnalar var),

- Febril qıcolmanın olması,

- Qanazlığının olması.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.