Sağlamlıq

Körpənin immunitetinin möhkəmləndirilməsinə nə vaxtdan başlanılmalıdır?

19 Yanvar 2018 07:21
0 Şərh     Baxış: 1 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən analar yanlış olaraq elə hesab edirlər ki, uşağı pal-paltara, isti geyim və yorğan-döşəyə bürüməklə guya onu xəstəlikdən qorumuş olurlar. Əslində isə bərk-bərk bürüyərək əzizlədikləri körpənin orqanizmində immunitet zəifliyi yaradırlar. Təəssüf ki, analar arasında lap erkən yaşlardan onu möhkəmləndirmək qayğısına qalanlar az olur.

Milli.Az bildirir ki, paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədovanın AZƏRTAC-ın müxbirinə dediyinə görə, uşağın immunitetinin möhkəmlənməsinə onun doğulduğu ilk gündən başlamaq məsləhətdir. Bunun üçün ilk növbədə körpəni qədərindən artıq geyindirməmək lazımdır. Analar uşağı çox geyindirməklə onun sağlamlığına ziyan vurmuş olurlar. Təcrübə göstərir ki, körpə doğulan gündən yüngül bələnəndə, sonrakı dövrlərdə döşəmədə iməkləməyə, otaqda ayaqyalın gəzməyə öyrənəndə daha möhkəm və sağlam böyüyür. Əlbəttə ki, hər şeydə bir hədd gözləmək lazımdır. Uşaq üşüyərsə və nəticədə tez-tez xəstələnərsə, onun immuniteti zəifləyə bilər.

Pediatrın söylədiyinə əsasən, yenidoğulmuş körpənin immunitetini möhkəmləndirmək üçün ona hər gün hava vannaları qəbul etdirmək lazımdır. Uşaq evə gətirildiyi gündən həmin vannaların qəbuluna başlamaq olar. Gün ərzində iki dəfə uşağı soyunduraraq 1-2 dəqiqə lüt saxlamaq da faydalıdır. Bir aylığından sonra həmin vaxtı 5, altı aylığına çatanda 10, 1 yaşında isə 15 dəqiqəyə çatdırmaq lazımdır. Həmin vaxt otağın temperaturu 22-23 dərəcə isti olmalıdır. Hətta soyuq olmayanda uşağı tədricən, nəfəslik pəncərəsini açaraq otaqda paltarsız qalmağa öyrəşdirmək lazımdır.

Həkim qeyd edib ki, gəzintiyə çıxararkən uşağa geyindirilən paltar qatlarının sayı valideynin geyindiyindən bir qat artıq olmalıdır. Uşaq gəzməyə, daha sonra isə qaçmağa başlayanda onun hərəkətliliyini də nəzərə almaq lazımdır. Bir yerdə qərar tutmayan uşağın "soyuqdan donması" böyüklərə nisbətən daha az ehtimal olunur. Ona görə də uşağın paltarlarının qat sayı artıq yox, valideyndəki qədər olması kifayətdir. Tərləməsi üçün onun geyindiyi paltarların təbii materiallardan olması daha yaxşıdır. Yadda saxlamaq lazımdır ki, tərləyən uşağın xəstələnmək ehtimalı çox yüksək olur.

Onun dediyinə görə, əksər ailələrdə uşağa ayaqyalın gəzməyə icazə verilmir. Əslində isə dərindən düşünməyərək uşağı orqanizmi möhkəmləndirməyin vacib üsullarının birindən məhrum edirlər. Müşahidələr göstərib ki, ayaqyalın gəzən uşaqların immuniteti xeyli dərəcədə yüksək olur. Ayaq pəncələrinin altında çoxlu bioloji aktiv nöqtələr var və onların mexaniki və fiziki şəkildə stimulyasiyası orqanizmin immunitetini yüksəldir. Lakin bu zaman onu da nəzərə almaq lazımdır ki, uşağı yayda ayaqyalın, qışda isə nazik corablarla gəzməyə alışdırmaq üçün bunu körpənin gəzməyə alışdığı ilk günlərdən və həm də sistematik şəkildə etmək vacibdir. Dəniz qumu və dəniz çınqılı üzərində ayaqyalın gəzmək olduqca faydalıdır. İmmunitetin möhkəmləndirilməsindən əlavə bu, həm də yastıpəncəliyin ən yaxşı profilaktikası və hətta müalicə üsuludur.

İlin soyuq fəsillərində evdə xüsusi "trenajor" düzəltmək olar - vannaya qum və xırda çınqıl tökülərək körpə həmin qum üzərində gün ərzində bir neçə dəfə ayaqyalın "gəzdirilir". İmmunitetin möhkəmləndirilməsi üçün daha bir "trenajor"- xüsusi masaj xalçasının üzərində gəzməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.