Sağlamlıq

"Göyöskürək peyvənd edilməmiş uşaqlarda daha çox olur"

12 Yanvar 2018 23:33
2 Şərh     Baxış: 872

Mövsüm dəyişikliyi, soyuq havalar uşaqların səhhətinə necə təsir göstərir? Azyaşlılarda rast gəlinən öskürəyin uzun müddət davam etməsi nədən xəbər verir? Öskürəkdən əziyyət çəkən uşaqlarda nələrə diqqət etmək vacibdir? Öskürək siroplarının faydası varmı? Milli.Az bildirir ki, APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

Pediatr, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Nigar Sədiyeva deyib ki, qış aylarında öskürək hallarına daha çox rast gəlinməsinin səbəbi əsasən qapalı məkanlarda olmaqla bağlıdır.

Onun sözlərinə görə, üç gündən artıq davam edən, önləyici tədbirlər görülməsinə baxmayaraq azalmayan, temperaturun müşayiət etdiyi, xüsusilə gecə saatlarda boğulma ilə müşahidə edilən öskürəklər mütləq həkim tərəfindən dəyərləndirilməli və səbəbləri öyrənilməlidir. Pediatr uzun sürən öskürəklərin səbəblərindən birinin də bronxial astma olduğunu deyib: "Tutma şəklində olan öskürəklər müayinə tələb edir".

Nigar Sədiyeva deyib ki, son zamanlar qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn uşaqlarda bronxial astmaya daha çox rast gəlinir: "Xüsusən südəmər dövrdə biz bu uşaqlarda öskürəklə rastlaşırıq".

Həkim uzun müddət davam edən öskürəklərin göyöskürəklə bağlı olmasını da istisna etməyib. Müəyyən hallarda uşaqlarda bu problemə də rast gəlindiyini deyən N. Sədiyevanın sözlərinə görə, göyöskürəyə əsasən peyvənd edilməmiş uşaqlarda rast gəlinir: "Bizim üçün burada ən böyük riski təşkil edən 1 yaşa qədər olan uşaqlardır. Təəssüf ki, bu problemin diaqnostikasında da xətalar olur. Hər boğulma tipli öskürəyi  göyöskürək adlandırmaq olmaz".

N.Sədiyevanın sözlərinə görə, göy öskürək kifayət qədər ağır keçən infeksiyalardandır. Pediatr öskürəklər zamanı istifadə olunan bəzi preparatlar, öskürək siropları haqda da danışıb: "Səbəbsiz yerə, göstəriş olmadan onları kortəbii aptekdən alıb, istifadə etmək tövsiyə olunmur. Hətta ciddi ağciyər infeksiyalarında öskürək əleyhinə siropları istifadə etmək məqsədəuyğun deyil".

Pediatr qeyd edib ki, bəzən öskürən uşaqlarda burunun adi duzlu su ilə yuyulması öskürək siroplarının qəbulundan daha faydalıdır.

O, övladının öskürdüyünü görən valideynin otağın havasını tez-tez dəyişməsini, ümumiyyətlə, evdə siqaret çəkilməməsini tövsiyə edib.

Göyöskürək peyvəndləri barədə danışan mütəxəssis hələ də valideynlərin uşaqları peyvəndlərdən yayındırma hallarının olduğunu vurğulayıb: "Bəzən mediada da peyvəndlərlə bağlı əsassız informasiyaların olması valideynlərimizin təşvişini bir qədər də artırır".

Pediatr bu gün ölkəmizdə pnevmakok infeksiyalar, eləcə də göyöskürəyə qarşı vaksinasiyanın uğurla apardığını deyib.

Həkim deyib ki, beynin orqanik zədələnməsi olan uşaqlarda peyvənddən öncə müayinələr aparılmalı, əks göstəriş olduğu hallarda həmin uşaqlara peyvənd tətbiq olunmamalıdır.

N. Sədiyeva onu da vurğulayıb ki, öskürək heç də həmişə tənəffüs sistemindəki problemlərlə bağlı olmur. Onun sözlərinə görə, öskürək həm də ciddi ürək qüsurunun əlaməti ola bilər: "Bəzən uşaq ürək qüsurundan əziyyət çəkir, buna görə öskürür, amma onu astma xəstəsi kimi müalicə edirlər".

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ..... · 13 Yanvar 09:4120

    Men oğluma peyvənd etdirmişdim yenede göy ösgürey oldu özde en ağır formasında 6 aya gücle sağaldı ona görə peyvende inamım qalmayıb menim çox teessüf edirem..çox eziyet çekirdim

    Cavab yaz
    • Anonim
      Salam · 13 Yanvar 09:5020

      Ele bizde de ele oldu 6 ayliq ushaq 1 yashina kimi eziyyet cekdi.aparmadigimiz xestaxana qalmadi hec diaqnoz qoya bilmirdiler ushaqa biri deyir ag ciyerinde problem var biri deyir asmadir. turkiyeye kimi apardiq orda dediler goy oskurekdi. ushaq o qadar oskururdu ki ozunnan gedirdi 1-2 deqiqe peyvende yox e neyinki peyvend hec burda hekim yoxdu.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.