Sağlamlıq

Skolioz ağırlaşmalarının qarşısını almaq olar

12 Yanvar 2018 23:42
0 Şərh     Baxış: 2 028

Skolioz onurğa sütununun yanlara doğru və öz boylama oxu ətrafında dönməsi ilə ortaya çıxan 3 ölçülü kompleks deformasiyadır. Zamanında aşkarlanıb müalicə edildikdə bu xəstəliyin ağırlaşmalarının qarşısını almaq mümkün olur. Ağırlaşmaların qarşısının alınmasının yeganə yolu zamanında və düzgün müalicədir. Onurğa sütunundakı əyilmələr döş qəfəsinin, çanağın və kürək sümüklərinin də qeyri-simmetrik yerləşməsinə və formasının dəyişməsinə səbəb olur. Döş qəfəsi və qarın boşluğundakı bu dəyişikliklər və həcmin azalması öz növbəsində bu boşluqlarda yerləşən ağ ciyər, ürək və mədə-bağırsaq sisteminin normal funksiyasını pozur.

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutunun elmi işçisi, ortopediya və onurğa xəstəlikləri üzrə mütəxəssis, onurğa cərrahı Kamil Eyvazov bildirib.

Həkim deyib: "Uşaqlarda çiyin, kürək, belin yan xətlərindəki uyğunluğun pozulması və gövdə simmetriyasında meydana çıxan dəyişikliklər skolioz deformasiyasının ilk əlamətləridir. Skolioz deformasiyası onurğanın döş, döş-bel və bel səviyyələrində ayrı-ayrılıqda, həm də eyni zamanda, ola bilər.

Onurğanın döş nahiyyəsində meydana çıxan əyrilik erkən zamanlardan etibarən çiyin səviyyəsində pozulma və qabırğa qabarıqlığı əmələ gəlir. Döş nahiyyəsindən fərqli olaraq beldə olan skolioz deformasiyaları gec nəzərə çarpır. Bu zaman dəyişikliklər bel xətlərindəki fərqlilik və çanaq səviyyəsində dəyişikliklə görsənir. Hərəkətli bölgə olduğundan belin müalicəsi xüsusi diqqət tələb edir. Bu problem yalnız estetik görünüşə deyil, həm də onurğanın hərəkətliliyinə və biomexanikasına mənfi təsir edir.

Skoliozun bir deyil, bir neçə forması var: idiopatik, anadangəlmə, sinir-əzələ mənşəli və müxtəlif sindromlar zamanı əmələn gələn skolioz. İdiopatik skolioz hər yaşda əmələ gəldiyi kimi adətən, uşaqların hormonal dəyişiklik zamanı, sürətli böyümə çağı olan 9-11 yaş aralığında inkişaf edir. Onurğa sütunun böyüməsi 14-16 yaşa qədər davam etdiyindən əyriliyin irəliləməsi mümkündür. Onurğa sümüyünün sümükləşməsi tamamlandıqdan sonra yüngül dərəcəli əyriliyin artması ehtimalı azalsa da, irəli dərəcəli əyriliklərdə və bəzi tipik olmayan formalarda deformasiyanın artması davam edir.

Anadangəlmə skolioz onurğa strukturlarının ana bətnindəki formalaşmasının pozulması - malformasiyası nəticəsində meydana çıxır. Nəticədə fəqərə sümüklərinin formasında və seqmentləşməsində pozulmalar yaranır. Anadangəlmə skolioz deformasiyasının müxtəlif növləri var. Onlar artmağa meyilli olan və olmayanlara ayrılır.

Sinir-əzələ mənşəli skolioz sinir sisteminin pozuntuları ilə bağlı meydana çıxan növdür. Bunlara uşaq serebral iflici, əzələ distrofiyası, kürək nahiyəsinin travması, onurğa şişləri, neyrofibromatozlar aiddir.

Onurğa əyriliyi zamanı daxili orqanlarda yaranan funksional dəyişiklik orqanizmin normal inkişafının pozulmasına, qidalanma problemlərinin yaranmasına və kürəkdə ağrılara səbəb olur. Uzunmüddətli ağrı və inkişaf zəifləməsi səbəbindən gündəlik enerji ehtiyatı tükənir və güclü yorğunluq hissi yaranır. Bütün bunlar isə məktəbli uşaqlarda təhsildə zəifləmələr və xəstələrin əmək qabiliyytinin pozulmasına səbəb olur.

Xəstəliyin müalicəsinə gəldikdə isə deformasiyanın dərəcələrindən, formasından və xəstənin ümumi vəziyyətindən asılı olaraq müxtəlif müalicəvi idman, sərt korset müalicəsi və ya əməliyyat üsulu seçilir. Düzgün və zamanında tətbiq edilən müalicə ilə yaxşı nəticələrin alınması mümkündür.

Ən əsası isə odur ki, bütün xəstəliklərdə olduğu kimi skoliozda da diaqnozun vaxtında qoyulması və müvafiq müalicənin başlanması çox vacibdir".

Qeyd edək ki, Kamil Eyvazov Türkiyənin Qazi Universiteti ortopediya və travmatologiya bölməsində uzmanlıq təhsili alıb. Təhsilini Almaniya və Amerikanın aparıcı universitet və onurğa xəstəlikləri mərkəzlərində onurğa cərrahiyəsi üzrə davam etdirdikdən sonra həkim İngiltərənin Nottinqem Universiteti və Çinin Honq Konq Universitetlərində onurğa cərrahiyyəsi üzrə uzmanlık təhsili və klinik programını tamamlayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.