Sağlamlıq

Kitab oxumaqla heç vaxt insanın gözü zəifləməz

25 Sentyabr 2017 23:01
1 Şərh     Baxış: 1 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən fəsil dəyişən zaman insanlarda müxtəlif allergik xəstəliklər baş qaldırır. Xüsusilə də gözündə müxtəlif xəstəlikləri olan şəxslər havada olan kəskin dəyişiklikdən əziyyət çəkirlər. Payızda göz xəstələrində hansısa dəyişiklik olurmu, allergiyaya meylli insanlar hansı önləmə tədibrləri görməlidir - Milli.Az bunlarla bağlı ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovla müsahibəni təqdim edir.

- Fəsil dəyişikliyi dövründə göz həkiminə müraciətlərin sayı artırmı?

- Hava dəyişikliyi zamanı yalnız allergiyaya meylli insanlarda gözləri ilə bağlı problem yarana bilər. Bildiyiniz kimi, bəzi qisim xəstəliklər var ki, onlar müalicə olunmur. Məsələn, şəkərli diabet, bronxial astma, allergik konyuktivit,quru göz sindromu və s. Belə xəstələrdə həkim yalnız simptomatik müalicə yazır, yəni həmin o simptomları aradan qaldırır. Allergik konyuktiviti olan xəstənin heç vaxt gözünün allergiyası sağalmaz. Aparılan konservativ müalicələr həmin kəskinləşmənin qarşısını almaq, əmələ gələ biləcək fəsadların qarşısını almaqdan ibarət olur.

Lakin ümumilikdə bizim şöbə oftalmologiyanın bütün istiqamətləri üzrə fəaliyyət göstərdiyinə görə, müraciət edən xəstələrin sayı mövsümdən asılı deyil. Konkret halda infeksion, viral və yaxud da buynuz qişası xəstəlikləri, katarakta, qlaukoma və s. bu kimi xəstələrin sayında xüssusi dəyişikliklər olmur.

- Yeri gəlmişkən, yaxın günlərdə yeni tədris ilinə də start verilib. Adətən valideynlər deyirlər ki, uşaqlar daha çox kitab oxuduğuna görə gözləri ağrıyır. Getdikcə eynək taxan uşaqların da sayı artır. Bu, belədirmi? Uşaqların gözlərini nədən qorumaq lazımdır?

- Kitab oxumaqla heç vaxt insanın gözü zəifləməz. Bu, yanlış iddiadır, səhv düşüncədir. Sadəcə saatlarla ağzı üstə, arxası üstə uzanıqlı halda kitab oxumaqdan gözdə spazm əmələ gələ bilər. Bu, zəiflik deyil. Mütaliə etməyin qaydaları var: oturduğun yerə kənardan lampa işğı düşməlidir. Kitab da gözlərdən 35-40 sm məsafədə olmalıdır.

Bi məsələ də var - mən Azərbacyandan kənarda heç bir yerdə görməmişəm ki, insan eynək taxmaqdan qorxsun, çəkinsin. Elə valideynlər olur ki, övladının eynək taxmasını istəmir. Eləcə də, bəzi xanımlar bundan çəkinir. Bu, insan psixologiyası ilə əlaqədardır. Şəxsən mənim tələbə qızım da eynək taxır.

Onu da deyim ki, müasir dövrdə uşaqların əksəriyyətinin gözündə zəiflik var. Bununla belə məktəb öncəsi valideynlər uşaqları mütləq müayinəyə aparmalıdırlar.

- Ümumiyyətlə, göz zəifliyinin yaşla əlaqəsi varmı?

- Bu, bir qədər qarışıq məsələdir. Çünki bu, göz zəifliyindən asılıdır. Dünyada aşağıdaki göz tipləri var: Emotropik gözlər- yəni 40 yaşına qədər yaxını və uzağı tam normal görən xəstələr. Bu zaman gözə düşən paralel şüalar sınar və obyektin xəyalı düz tor qişanın üzərində alınır. Neopik gözlər - paralel şüalar tez sınır, cismin xəyalı tor qişanın önündə alınır. Hipertroplar - paralel şüalar gec sınır, xəyal tor qişanın arxasında alınır.

İndi bəzən deyirlər ki, astiqmatizm xəstəliyinə daha çox rast gəlinir. Mən bu iddianı qəbul etmirəm. Çünki bunların hamısı həkimə müraciət sayından asılıdır. Bizdə nəinki göz həkiminə, ümumiyyətlə istənilən profilli həkimlərə gec müraciət edirlər. həm də nəzərə almaq lazımdır ki, indiki dövrdə daha yüksək səviyyəli diaqnostik metodlar mövcuddur, hər cür problemi dəqiq bilmək olur. Məsələn, əvvəllər refraksiyanı yalnız skioskopiya metodu ilə müəyyən edirdiksə,indi avtorefraktokerotometriya,korneal topoqrafiya metodundan istifadə olunur.Əvvəllər göz dibini oftalmoskopla müayinə edirdiksə,indi tor qişanın ön nazik qatını OCTT,angioqrafiya metodu ilə tam dəqiq,dürüst müayinə edirik.

- Bəs yaşlı adamlarda mirvari suyu adlandırılan xəstəliyin geniş yayılması nə ilə əlaqədardır?

- Göz xəstəlikləri arasında yaşlı adamlarda yayılan xəstəliklər arasında mirvari suyu deylən xəstəlik daha yaxşı müalicə olunandır. Belə ki, bu zaman xəstəliyin aldığı görməni geriyə qaytarmaq mümkündür. Mirvari suyu - gözün ön və arxa kamerası arasında, bəbəyin arxasında, yəni arxa kameraya keçən, ön arxa kapsul və öz kütləsi olan şüa - sındırıcı bir mühitdir. Təsəvvür edin ki, siz bir gözəl pəncərədən dünyanı seyr edirsiniz. Və o pəncərə yavaş-yavaş bulanır. Xəstə artıq o pəncərə tam bulanmış halda həkimə müraciət edir. Həkim o gözün dibini tam görə bilmir. Ultrasəs müayinəsi aparılsa da, amma tam görmək mümkün olmur. Bu zaman xəstə normal əməliyyat olunsa da, nətəcə pis ola bilər.

Əməliyyatdan sonra görməməyin bir neçə səbəbi ola bilər: əməliyyat zamanı həkim buynuz qişanı zədələyə bilər, ekspulsiv qanaxma ola bilər və ya makulada görmə sinirində baş verən dəyişikliklər ola bilər.Amma ümumilikdə mirvari suyu əməliyyatı xoş bir əməliyyatdır. Normalda bu əməliyyatdan sonra xəstələrin görmə itiliyi 100 faiz bərpa olunur. Müxtəlif firmaların süni büllurları var ki, buna imkan yaradır. Hətta elə büllurlar var ki, həm uzağa, həm yaxına akomadatsiya edir.

- Və nəhayət, ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində hansı yeniliklərdən danışmaq olar?

- Yaxın 15-20 gün müddətində şöbədə ekzeymer cərrahiyyəsi fəaliyyətə başlayacaq. Intraleyzlə ekzeymer refraktiv cərrahi əməliyyatlarına start verəcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.