Sağlamlıq

Qədim bitkinin faydaları

16 Avqust 2017 23:58
0 Şərh     Baxış: 2 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əncir ən qədim mədəni bitki hesab edilir. Onu əvvəlcə Ərəbistanda, sonralar Suriya və Misirdə yetişdiriblər. Amerikada isə əncir ağacını XVI əsrin axırlarından tanımağa başlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "İncil"də adı çəkilən ilk meyvə ağacı əncirdir. Adəm və Həvvanın ilk geyim kimi əncir yarpağından istifadə etdiyi deyilir. Qədim yəhudi mənbələrində göstərilir ki, yerli əhali onun təzə bar verən ilk meyvələrini, uzaqda yaşayanlar isə əncirin qurusunu məbədə gətirirmişlər.

Müqəddəs "Qurani - Kərim"də "Tin" surəsinin 1-ci ayəsində "And olsun əncirə və zeytuna" - deyə söylənilir. Əncir eramızdan əvvəl becərilən qiymətli bitkidir. Onu dibçək bitkisi fikusun yaxın qohumu hesab edirlər. Əncir Aralıq və Qara dəniz sahillərində, Türkiyə, Suriya, Gürcüstan və Yunanıstanda da çox geniş yayılıb.

Əncirin həm təzə meyvəsi, həm də qurusu müalicəvi əhəmiyyət daşıyır. Meyvənin həmin xüsusiyyəti xalqımızın qədim qəhrəmanlıq eposu "Koroğlu" dastanında da öz əksini tapıb. Səfərlərindən birində qoca bir qarının qonağı olan dastan qəhrəmanı səhər döyüşə gedəndə ev sahibi ona əncir qurusu verərək qollarına qüvvət gətirəcəyini söyləyir.

Abşeron yarımadasında becərilən əncirin "Sarı sabahi" və ya "Sarı əncir" növləri xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı, nazik qabıqlı və sarı rəngli meyvələri var. Qara əncirin irisi, sarı əncirin xırdası daha keyfiyyətlidir.

Əncir orqanizmə qida vasitəsilə daxil olan şəkərin piyə çevrilməsi mane olur. Əncir kifayət qədər kalorilidir. Bir meyvəsinin enerji dəyəri 60 kaloridir. Tərkibində külli miqdarda lif olduğuna görə az kalorili pəhrizlərdə ondan istifadə əlverişlidir. Quru əncirin tərkibində 2 qram lif var və bu, gündəlik lif ehtiyacının 20 faizini təşkil edir. Arıqlamaq istəyənlər üçün ideal desert sayılır. Əncirdə hər iki-həm həll olunan, həm də həll olunmayan lif növünün birgə olması meyvəni çox əhəmiyyətli qidaya çevirir.

Əncirdəki aktioksidantlar orqanizmdə kimyəvi reaksiyalar nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli maddələri təsirsiz hala gətirir və hüceyrənin məhv olunmasının qarşısını alır. Əncirdə fenolun miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur və mikroorqanizmlərə öldürücü təsir göstərir.

Tərkibində kalsiumun çoxluğuna görə əncir portağaldan sonra ikinci meyvə sayılır. Bir kasa quru əncir bir kasa südlə eyni miqdarda kalsium saxlayır. Onu uzunmüddətli xəstəlikdən sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir dərman kimi də dəyərləndirirlər.

Asqırma, öskürək və soyuqdəymə zamanı süddə bişirilmiş əncirin öskürək əleyhinə, tərqovucu və qızdırmasalıcı vasitə kimi qəbul edilməsi tövsiyə olunur. Tərkibində dəmir maddəsi alma meyvəsində olandan daha çoxdur və ona görə də dəmirdefisitli anemiyalarda geniş istifadə edilir.

Kaliumun miqdarına görə badamdan sonrakı yeri tutan əncir həmin xüsusiyyətinə əsasən ürək döyüntülərinin artması və döş qəfəsində ağrılar zamanı istifadə olunur. Tərkibində olan fitsin maddəsi qandurulaşdırıcı təsir göstərir, damarlarda qanın tromblaşmasının qarşısını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.