ABŞ-ın "UC Davis Health" tədqiqatçıları bağırsaq bakteriyaları tərəfindən istehsal olunan təbii bir molekulun 10-hidroksi-cis-12-oktadesenik turşu (10-HSA) qaraciyər və bağırsaq toxumalarını bərpa etmək qabiliyyətinə malik olduğunu müəyyən ediblər.
Bu molekulun xüsusilə yerfıstığı, qarğıdalı və digər bitkilərdə rast gəlinən zərərli aflatoksin maddəsinə məruz qalmış orqanizmlərdə regenerasiyaedici təsir göstərdiyi sübut olunub.
Milli.Az xəbər verir ki, araşdırma nəticələri "mBio" elmi jurnalında dərc olunub.
Təcrübələr siçanlar üzərində aparılıb və nəticələr olduqca ümidverici olub:
Qaraciyər funksiyaları yaxşılaşıb,
Bağırsağın qoruyucu divarı tam bərpa olunub,
Öd turşularının səviyyəsi normallaşıb,
İmmunitet balansı və detoks prosesi sabitləşib.
Bu maddə, Lactobacillus cinsinə aid faydalı bakteriyalar tərəfindən ifraz olunur və yağ metabolizmasını tənzimləyən PPARα zülalını aktivləşdirərək, sintetik dərmanların yaratdığı yan təsirləri göstərmir.
Tədqiqatçılar inanırlar ki, 10-HSA gələcəkdə qaraciyər xəstəliklərinin müalicəsində istifadə oluna biləcək təhlükəsiz və təbii qida əlavələrinin əsasına çevrilə bilər. Xüsusilə aflatoksinlə çirklənmə riski olan regionlarda bu maddə mühüm rol oynaya bilər.
Komanda yaxın zamanda bu maddənin insanlar üzərində klinik sınaqlarına başlamağı planlaşdırır və bu kəşfi "mikrobiom əsaslı dərmanların" inkişafında böyük bir addım kimi qiymətləndirir.
Kənan
Milli.Az