Gürcüstan

Gürcüstan azərbaycanlılarından dövlət qarşısında ciddi tələb

10 Yanvar 2019 15:35
4 Şərh     Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün gürcüstanlı soydaşlarımızın miqrasiya sahəsindəki problemlərinə dair bir qrup Borçalı əsilli azərbaycanlının iştirakı ilə mətbuat konfransı keçirilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Qafqazşünas Kamran Ramazanlının sözlərinə görə, Gürcüstandan Azərbaycan Respublikasına 4 qrup insan gəlir. Bunlar tələbələr, işləməyə gələnlər, dədə-baba yurdundan qovulanlar və qarışıq nikahlı ailələrdir: "Əsas problem işləməyə gələnlərlə bağlı olur. Çünki iş icazəsi almaq üçün rüsumlar çoxdur, tibbi müayinələrin qiyməti çox bahadır. Gürcüstanda isə iş yerləri çox məhduddur. Buna görə də soydaşlarımız daha çox Türkiəyə və Azərbaycana çox üz tuturlar". 

"Bilirsiniz, Rusiyaya gediş-gəliş də məhduddur. Türkiyəyə və Azərbaycana iş dalınca gedənlərin ailələri Gürcüstanda qalır. Onlar iş müddəti bitəndə geri qayıdırlar. İş üçün Belarusiyaya və digər ölkələrə gedənlər isə geri qayıtmır, ailələrində ciddi problemlər yaranır" - deyə o qeyd edib.

K.Ramazanlı qeyd edib ki, Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə Bolnisi rayon mərkəzindn (800 ailə), Kazreti qəsəbəsindən (350-dən çox ailə), Dmanisi rayon mərkəzindən (400 dən çox), Tiflis ətrafından (615 dən çox ailə) qısa müddətdə öz ev-eşiklərindən qovulublar.

Onların böyük əksəriyyəti Azərbaycana gəlsə də, bu günə qədər istər Gürcüstanda, istərsə də Azərbaycanda onların statusuna aydınlıq gətirilməyib: "Hətta Azərbaycan ordusunda xidmət etmiş yüksək rütbəli zabitlər var ki, onlar da Azərbaycan vətəndaşlığı ala bilməyiblər".

Ramazanlı bildirib ki, 30000-ə yaxın qarışıq nikahlı ailələr var ki, bu ailələrin üzvlərindən biri Azərbaycan, digəri Gürcüstan vətəndaşıdır. Onların da 90 gündən bir sərhədi keçməsi, övladlarının təhsil problemləri və s. var. Bu qrupun da statusuna aydınlıq gətirilməlidir.

"Gürcüstanda 500 minə yaxın soydaşımız yaşayır. Təxminən o qədər də Borçalı əsilli vətəndaşlar Azərbaycanda yaşayır. Hər bir ailənin bir üzvü Azərbaycandadır. Elə ahıl insnalar var ki, onların övladları Azərbaycanda yaşayır və işləyirlər. Ahıl insanlara orada diqqət və qayğı göstərən olmadığından onlar məcburiyyətdən Azərbaycana, öz övladlarının yanına gəlməyə məcbur olurlar. Onların da qeydiyyatından bir gün keçsə, 300-400 manat cərimə ödəməli olurlar" - deyə K.Ramazanlı qeyd edib.

Daha sonra o təklif edib ki, Dövlət Miqrasiya Xidməti ziyalılar və QHT-lərlə birlikdə ictimai dinləmə keçirsin və Milli Məclislə birlikdə problemlərin tam aradan qaldırılması üçün "Soydaş" haqqında qanunun qəbulunda iştiak və yardım etsin.

Tədbir müzakirələrlə davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.