Sərgilər

7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək

15 Noyabr 2016 12:42
Baxış: 10 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Caspian Ecology" 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi 16-18 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. "Caspian Ecology" sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə "Caspian Event Organisers" (CEO) şirkəti çıxış edir.

Milli.Az bildirir ki, bu il sərgidə dünyanın 14 ölkəsindən 62 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Almaniya, Belçika, Çexiya, Danimarka, İsrail, Finlandiya və digər ölkələr var. Sərgidə dövlət strukturları da iştirak edirlər, onların arasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, "Təmiz Şəhər" ASC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və digərlərini, yerli iştirakçılar arasında isə Azertexnolayn, BP, EKOL Engineering Services CJSC, Polymart, SOCAR, SOCAR Polymer, SOCAR - CNG və digər şirkətlərini göstərmək olar. "Caspian Ecology" sərgisində Arkon Flow Systems (Çexiya), Blucast JSC (Litva), Dikkan (Türkiyə), Lamor ECO (Türkiyə-İsrail-Finlandiya) şirkətləri ilk dəfə olaraq iştirak edəcəklər. Bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi sərgidə debüt edir və öz stendində Azərbaycanda həyata keçirilən birgə ekoloji layihələri nümayiş etdirəcək.

"Caspian Ecology" sərgisi təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də su texnologiyaları, su təchizatı sistemləri, çirkab və yağış sularının təmizlənməsi sistemləri, mikro-tunelləşdirmə, suyun təhlili üçün ölçmə və tənzimləmə texnologiyaları üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş edəcək. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri, nasoslar və bir sıra digər məhsulları təqdim edirlər. Sərgi barədə ətraflı məlumat www.caspianecology.az rəsmi saytında yerləşdirilib.

Sərgi çərçivəsində "Svobodnıy Sokol" Lipetsk Boru Şirkəti "Yüksək dayanıqlı çuqun borular - etibarlılıq, uzunömürlülük və ekoloji təhlükəsizlik" mövzusunda seminar keçirəcək. Bu seminar-təqdimat 16 noyabr tarixində saat 14:00-da Bakı Ekspo Mərkəzinin 21 saylı zalında keçiriləcək və təmiz su ehtiyatlarının qorunması, içməli su keyfiyyətinin təmin edilməsi və su itkisinin azaldılması kimi problemlərə həsr olunacaqdır.

Beləliklə, "Caspian Ecology" sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək. Sərginin keçiriləcəyi günlər ərzində ziyarətçiləri metronun "Koroğlu" stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq.

"Caspian Event Organisers" şirkətinin 2016-cı il üzrə tərəfdaşları arasında "SafeLife" şirkəti (təhlükəsizlik üzrə rəsmi tərəfdaş), "Premier Tour" şirkəti (rəsmi turoperator), "Sheraton hotel" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər) və "AzExpoMontage" şirkəti (rəsmi montajçı) yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.