Sərgilər

Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

6 Oktyabr 2016 12:31
Baxış: 10 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

7-9 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Təhsil sərgisi öz 10 illik yubileyini qeyd edir. Milli.Az bildirir ki, "Təhsil" sərgisi bu mövzu üzrə sərgi formatında keçirilən yeganə tədbirdir. Bir mühüm amili də qeyd etmək lazımdır ki, bu sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir.

Keçirildiyi illər ərzində sərgidə ümumilikdə 800 şirkət iştirak edib. Hər il 10 min nəfərdən çox ziyarətçi bu sərgi sayəsində yerli və xarici təhsil müəssisələri, təqaüdlər, tələbə vizalarının verilməsi qaydaları və digər mühüm məsələlər barədə ən dürüst məlumata sahib olurlar. Azərbaycanlı tələbələr isə "Təhsil" sərgisi sayəsində xarici ali təhsil müəssisələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.

Bu il "Təhsil" sərgisi dünyanın 14 ölkəsindən 118 iştirakçını bir araya gətirərək 60-dan çox fakültə təqdim edəcək. İştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, İordaniya, Latviya, Litva, Macarıstan, Polşa, Çexiya ölkələrin ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri də var. Sərgidə ənənəvi olaraq milli qruplar da iştirak edəcəklər və onların arasında Polşa ("Go Poland"), Litva ("Study in Lithuania") və Türkiyə (Study in Turkey) çıxış edəcəklər. Bu il İordaniya sərgidə ilk dəfə iştirak edir. Sərgiyə Azərbaycanın təhsil müəssisələrindən gələn nümayəndələrin də sayı durmadan artır, belə ki, bu il eksponentlərin siyahısında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Gəncə Dövlət Universiteti, "İT Step Academy". "EduGuide" Azerbaijan və "CELT Colleges" şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər. Ümumilikdə, yerli eksponentlər sərgi iştirakçılarının 30%-nı təşkil edir.

Hər il sərgidə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi öz stendində "Maarifçi", "Sabah", "Bir könüllü", "Azərbaycan üçün öyrət" layihələrini təqdim edəcək. Həmçinin, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birlikdə Təhsil Nazirliyinin stendində Fransız-Azərbaycan Universiteti (UFAZ) təqdim olunacaq.

Bu il "Təhsil" sərgisində yenidən məktəbəqədər təhsil sektoru təqdim olunacaq. Bu sektorda Beynəlxalq Sabis Sun Məktəbi, "XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və "British School in Baku" iştirak edəcək.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və "MBA" proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər xüsusunda onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar.

Hazırda Azərbaycanda müasir avadanlıqlara ehtiyac duyan uşaq bağçaları və məktəblərin inşası və təmir olunması üzrə işlər həyata keçirilir. Sərgidə "Lukas-Nuelle" və "Sinam" şirkətləri tərəfindən "Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri" sektoru çərçivəsində laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunacaq.

Beləliklə, sərgi bir daha təhsil sahəsində çoxsaylı seçim imkanları təklif edən unikal platformaya çevriləcək. "Təhsil" sərgisinə giriş 9-11-ci sinif şagirdləri, eləcə də onların valideynləri, habelə abituriyentlər, tələbələr, məktəb direktorları, universitetlərin rektorları, təsərrüfat işləri üzrə prorektorlar və təhsil sahəsinin digər peşəkarları üçün açıq olacaq. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri metronun "Koroğlu" stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq.

Azərbaycan Beynəlxalq Karyera Sərgisi

7-9 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 10-cu Azərbaycan Beynəlxalq Karyera Sərgisi keçiriləcək. Sözügedən sərgi həm birbaşa məşğulluq baxımından, həm də "rekrutinq" (personalın seçilməsi və qiymətləndirilməsi) üzrə mütəxəssislərlə peşəkar ünsiyyət üçün imkan yaradan ixtisaslaşmış unikal platformadır. "Karyera" sərgisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və bu fakt tədbirin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir.

Bu il "Karyera" sərgisində iştirakçılar arasında "Gilan Holding", SOCAR, SOCAR AQS, Azersun, Baku Sea Port və digər şirkətlər ziyarətçilərə vakansiyalarını təqdim edəcəklər. Sərgi çərçivəsində "Gilan Holding" şirkəti tərəfindən "Effektiv CV", iş axtaranlar üçün seminar keçirəcək. Seminarı "Gilan Holding" şirkətinin kadrlar şöbəsinin mütəxəssisi Vüsal Muradov aparacaq.

"Karyera" sərgisinə giriş iş axtaran hər bir kəs üçün açıqdır. "Təhsil" və "Karyera" Sərgiləri öz işini oktyabr ayının 9-na kimi davam etdirəcəklər. Sərgilər barədə ətraflı məlumat rəsmi saytlarda www.eduexpo.az və www.careerexpo.az yerləşdirilib.

Artıq bizim sərgilərdə xüsusi uşaq guşəsi fəaliyyət göstərir. Bu isə o deməkdir ki, siz sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları bizim peşəkarlara etibar edə bilərsiniz. Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə məşğul edəcəklər. Bu xidməti sizə tərəfdaşımız - "Ağıl və Bilgi" şirkəti təklif edir. Öz işinin peşəkarları olan bu gənclər çoxdandıq ki, maraqlı və qeyri-adi layihələri, eləcə də əyləncəli ekskursiyaları ilə həm uşaqların, həm də onların valideynlərinin rəğbətini qazanıblar.

"Caspian Event Organisers" şirkətinin 2016-cı il üzrə tərəfdaşları arasında "SafeLife" şirkəti (təhlükəsizlik üzrə rəsmi tərəfdaş), "Premier Tour" şirkəti (rəsmi turoperator), "Sheraton hotel" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər) və "AzExpoMontage" şirkəti (rəsmi montajçı) yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.