Təhsil

Bakı Ali Neft Məktəbində növbəti “TEDxBHOS” konfransı keçirilib

14 Oktyabr 2019 13:43
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə dünyaca məşhur TED layihəsinin "TEDxBHOS" konfransı keçirilib.

Əsas missiyası "Yayılmağa dəyər fikirlər" olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.

Konfransın əsas məqsədi cəmiyyətin müsbət mənada düşüncə tərzini dəyişdirmək və onların fikirlərini yaxşıya doğru inkişaf etdirməkdir.

Bununla yanaşı, konfrans tələbələrə, eləcə də yerli ictimaiyyətə zamanını daha səmərəli bölmək, faydalı çıxışlar vasitəsi ilə təsirli və yenilikçi fikirləri olan yeni insanları tanımaq fürsəti yaradıb.

Milli.Az bildirir ki, konfransda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək Ali Məktəbin tələbələrinin həyata keçirdiyi "TEDxBHOS" konfransında iştirak edən bütün qonaqları salamlayaraq, konfransın qeyri-kommersiya təşkilatı olan TED-in lisenziyası əsasında təşkil edildiyini bildirib. Daha sonra rektor tələbələri ikinci dəfə beynəlxalq miqyaslı bu tədbiri təşkil etdikləri üçün təbrik edib.

"Konfransın gündəliyi olduqca zəngindir. Müxtəlif sahələri təmsil edən, uğurlu karyera hekayələri olan insanlar bugünkü tədbirdə maraqlı təqdimatlarla çıxış edəcəklər. İnanıram ki, Bakı Ali Neft Məktəbinin dəstəyi ilə, Ali Məktəbin tələbələrinin uzunmüddətli əziyyəti bahasına başa gələn konfras iştirakçılar üçün də olduqca faydalı olacaq".

Daha sonra "TEDxBHOS" konfransının bir-birindən maraqlı 6 spikerinin innovativ və motivasiyaedici çıxışları dinlənilib.

Spikerlər arasında  məşhur "ZehinX" platformasının yaradıcısı Fuad Əliyev, SOCAR Türkiyənin Maliyyə Riskləri və Xəzinə Koordinatoru Ali Ağaoğlu, BP şirkətinin Rəqəmsal və ənənəvi kommunikasiyalar üzrə meneceri Turxan Əhmədov, "Benish GPS Azərbaycan" şirkətinin Marketinq direktoru Türkan Fərzəliyeva, Müasir Psixologiya Mərkəzinin müdir müavini, psixoloq-konsultant Aida Nəbiyeva, "EY Azərbaycan" şirkətinin meneceri  Könül Məlikova yer alıb.  

Onlar  "Çoxşaxəli olmaq bacarığı: Limitsiz fürsətlərin sirri", "Ailə ağacı və onun kökləri", "Xeyriyyəçiliklə məşğul olmaq, qərarsızlıq", "İqtisadiyyat 2.0" kimi mövzular ətrafında təqdimatla çıxış ediblər.

Məlumat üçün bildirək ki, TED Yayılmağa Dəyər Fikirlərə həsr olunmuş qeyri-kommersiya təşkilatıdır. İdeya ilk dəfə ABŞ-da 1984-cü ildə yaranıb. İldə iki dəfə keçirilən TED hər il dünyanın müxtəlif ölkələrindən, müxtəlif sahələrin insanlarını qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, paylaşılmağa dəyər ideyaları natiqlər vasitəsilə dünyaya çatdırır.

TEDx TED-in "Yayılmağa Dəyər Fikirlər" missiyasının ruhunda yaradılıb. TEDx proqramı ictimai birlikləri, qurumları və fərdləri danışıq və əlaqələrə təşviq etmək üçün nəzərdə tutulub. Hər bir fərd öz yaşadığı şəhərdə və ya oxuduğu təhsil müəssisəsində  fərdi olaraq TEDx konfransını təşkil edə bilər.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin tələbə heyəti ötən ildən etibarən TED-in lisenziyası əsasında "TEDxBHOS" konfransını təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.