Təhsil

Entoni Qrin: "Oksford Universiteti professor Nərgiz Paşayeva ilə şəffaf, ikitərəfli inam və etimad əsasında qurulan əməkdaşlığı daimi davam etdirmək qərarına gəlib"

7 Dekabr 2017 10:51
Baxış: 1 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada işgüzar səfərdə olan M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin (Nizami Ganjavi Programme for the study of languages and cultures of Azerbaijan and the Caucasus) Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva dekabrın 5-də Oksford Universitetinin Akademik Proqramlar üzrə İnkişaf Departamentinin direktoru Entoni Qrin və Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri professor Edmund Hertsiq ilə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin 2017-ci ildəki elmi-tədris fəaliyyəti müzakirə edilib. Başlıca olaraq 2018-ci ildən etibarən Mərkəzin Universitetdə daimi fəaliyyətinə dair həyata keçiriləcək rəsmi, protokol mərhələləri və elmi-tədris planları haqda geniş fikir mübadiləsi aparılıb. İlk növbədə, Universitetin rəsmi nümayəndəsi cənab Qrin bu illər ərzində Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayeva ilə şəffaf, ikitərəfli inam və etimad əsasında qurulmuş əməkdaşlıqdan məmnunluq hissini ifadə edib və Universitetin rəhbərliyi adından akademik N. Paşayevaya öz minnətdarlığını çatdırıb. O qeyd edib ki, dünyanın ən qədim və ən nüfuzlu elm ocaqlarından sayılan Oksford Universiteti dəyişməz qayda olaraq əməkdaşlıq etdiyi tərəf müqabilini həmişə böyük diqqətlə seçir və əsl akademik tutumu, davamlı elmi-pedaqoji təcrübəsi olmayan və alimlərin təmsil edilmədiyi təklif və layihələrdə iştirak etmir. Cənab Qrin Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyət göstərdiyi beş il ərzində artıq özünün akademik simasını doğrultduğunu və bu Universitetin bundan sonra daimi bir hissəsinə çevrilməsini əhəmiyyətli tarixi bir an kimi qiymətləndirib. Universitetin rəsmi nümayəndəsi qeyd edib ki, bu tarixdən başlayaraq Oksford Universiteti akademik Nərgiz Paşayevanın rəhbərliyi altında Nizami Gəncəvi Mərkəzinin Oksford Universitetində daimi fəaliyyətinin təmin edilməsi üçün bütün səyləri göstərməyə hazırdır.

Bu daimiliyin gerçəkləşdirilməsi üçün Mərkəzin yaradılmasının ilk günlərindən böyük əmək sərf edən Oksford Universitetinin şərqşünaslıq institutunun keçmiş direktoru, həmin universitetin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən hazırki rəhbəri və şərqşünaslıq institutunun aparıcı professoru Edmund Hertsiq akademik Nərgiz Paşayevanın təklifi nəticəsində Azərbaycan elmi və ümumiyyətlə Azərbaycan tarixi üçün böyük və qürurverici bir yenilik haqqında da məlumat verdi. O dedi ki , Nizami Gəncəvinin adının, Oksford Universitetinin Şərqşünaslıq İnstitunun kitabxanasına verilməsi ilə bağlı təklifin rəsmi razılığı alınıb. Qeyd edək ki, bu təklif akademik N.Paşayeva tərəfindən Universitet rəhbərliyinə verilmişdir.

Öz növbəsində, akademik Nərgiz Paşayeva ona və onun timsalında bütün Azərbaycan elmi cəmiyyətinə və tarixinə göstərilən bu böyük etibara və hörmətə görə professor Hertsiqə və cənab Entoni Qrinə öz böyük təşəkkürünü bildirdi. Professor Paşayeva qeyd etdi ki, Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin daimiliyi ümumiyyətlə ölkəmiz üçün inkar edilməz uğurdur. Mərkəzin sadəcə beş, on, iyirmi, əlli il deyil, əsrlər boyu Oksford Universitetinin tərkibində qalıb fəaliyyət göstərməsi, gələcəkdə bütün Azərbaycan alimləri və tələbə nəsilləri üçün dünyanın bir nömrəli universitetini əl çatan edir. Nizaminin adının Azərbaycanın adı ilə dünya elmi çevrəsinin ən yüksək pilləsində -Oksford Universitetində bərabər, daimi qalması isə ölkəmiz və xalqımız üçün böyük tarixi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi 2013-cü ildə yaradılıb və bu günədək Qərbdə Azərbaycan elmini dünyada təmsil edən ali-elm ocağında yeganə rəsmən qəbul edilmiş funksional akademik Mərkəzdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.