"Fəaliyyət istiqamətlərindən biri dərsliklərin keyfiyyətinin mütəmadi ekspertizasının aparılmasıdır".
Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, hər il yeni hazırlanmış dərsliklərlə bağlı Təhsil İnstitutunun mütəxəssisləri dərs dinləmələr həyata keçirirlər.
Qeyd edib ki, onlar məktəblərə gedərək müəllimlərin həmin dərsliklərdən necə istifadə etdiklərini, şagirdlərin isə bu dərsliklərdən necə öyrəndiklərini araşdırırlar. Bildirib ki, toplanan məlumatlar əsasında dərslik komandalarına rəylər təqdim edilir və dərsliklərin təkmilləşdirilməsi prosesi fasiləsiz şəkildə davam edir:
"Hazırda nə müşahidə edirik? Bəli, bəzi dərsliklərimizin dili ilə bağlı şagirdlərin çətinlik çəkdiyi hallar məktəblərdə müşahidə olunur. Biz bunu görür və dərslik müəllifləri komandasına müvafiq rəylər veririk ki, növbəti nəşrlərdə bu məsələlər nəzərə alınsın".
Mina Mikayılova
Milli.Az





