İqtisadiyyat

"Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq" - MÜSAHİBƏ

2 Mart 2021 18:22
Baxış: 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün TRACECA vahid tranzit icazəsinin alınması üçün yeni sazişin imzalanması məsələsi gündəlikdə dayanır və bu çərçivədə xüsusi işçi qrup yaradılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib.

O bildirib ki, bu sənəd vaxta qənaət etməyə, eləcə də yükdaşımalarında müəyyən xərcləri azaltmağa imkan verəcək:

"Bu sazişin TRACECA-nın işinə tətbiqi ölkələr arasında məlumat mübadiləsinin rəqəmsallaşmasını sürətləndirməyə imkan yaradacaq. Hazırda biz ölkələr arasında əlavə sənədləşmənin aradan qaldırılması məqsədilə bu layihəni təşviq etməyə çalışırıq".

Onun sözlərinə görə, vaxta qənaət marşrutun cəlbediciliyini artıracaq və TRACECA-nın coğrafiyasının genişlənməsinə imkan yaradacaq:

"Bu gün qlobal tədarük zəncirlərində Avropa ilə Asiyanı birləşdirən müxtəlif dəhlizlər arasında rəqabət mövcuddur. Ona görə də, bu və ya digər dəhliz üçün əlavə üstünlüklərin olması onun cəlbediciliyini artırır. Bütün bu tədbirlərin görülməsi Çin-Avropa, Cənubi Avropa-Mərkəzi Asiya və digər istiqamətlər üzrə TRACECA-nın yük dövriyyəsini genişləndirməyə imkan yaradacaq".

Nəqliyyat dəhlizlərinin inkişafı barədə danışan R.Bayramov qeyd edib ki, nəqliyyat sektorunun əsas fəaliyyət istiqamətlərindən biri TRACECA dəhlizidir:

"Xəzər dənizi vasitəsilə yük aşırmaları baxımından razılaşdırılmalı olan bir sıra məsələlər mövcuddur. Bu marşrut həm quru, həm də dəniz nəqliyyatını, liman infrastrukturunu əhatə edir. Bütün bu seqmentlərin qarşılıqlı fəaliyyəti çox vacibdir".

R.Bayramov vurğulayıb ki, bununla əlaqədar beynəlxalq maliyyə təşkilatları, o cümlədən Asiya İnkişaf Bankı və Dünya Bankından məsləhətçilərlə iş aparılır.

Milli katibin sözlərinə görə, yüklərin izlənməsi çərçivəsində layihənin qəbul olunması və 2026-cı ilədək icrası ilə bağlı işlər davam ertdirilir:

"Bu layihə yükləri real vaxt rejimində izləməyə imkan verən və mövcud problemlə sahələrdə vəziyyəti ölçən sistemi nəzərdə tutur. Katiblik bu sistem vasitəsilə sürücülərdən bu və ya digər sərhəd keçidində və ya limanda yarana biləcək problemlər barədə real vaxt rejimində müraciətləri qəbul edəcək".

O əlavə edib ki, bu kontekstdə rəqəmsallaşma ön plana çıxır:

"Təəssüf ki, bu həddə çox kağız işləri mövcuddur. Bu da dəniz limanlarında və sərhəd keçid məntəqələrində ləngimələrə səbəb olur. Bəzən, 3-4 saat ərzində görülə bilən iş 15-16 saatadək uzanır".

R.Bayramov əlavə edib ki, 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin əldə etdiyi üçtərəfli bəyanat TRACECA marşrutu üçün də əhəmiyyət daşıyır:

"Nəzərə alsaq ki, Azərbaycan və Ermənistan TRACECA-nın üzv ölkələridir, o zaman iki ölkə arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması TRACECA-ya yalnız müsbət təsir göstərəcək. İlk növbədə bu, Naxçıvan Muxtar Respublikası üçün vacib amil olacaq, belə ki, yerüstü daşımalar təşkil olunacaq, Türkiyə ilə Mərkəzi Asiya arasında yük dövriyyəsi artacaq. Bu gün iki region arasında böyük potensial mövcuddur. Azərbaycanda həm də yeni iş yerlərinin yaradılması, eləcə də TRACECA ölkələrinin inteqrasiyası üçün müsbət amil olacaq".

Onun sözlərinə görə, bu, həm də Ermənistan üçün müsbət əhəmiyyət daşıyacaq, çünki ölkə xarici bazarlara birbaşa çıxış əldə edəcək.

Yükdaşımalarla yanaşı, həmin marşrutların açılması həm də sərnişin daşımalarının artmasına da imkan yaradacaq:

"Azərbaycan vətəndaşları Türkiyəyə quru yolu ilə Naxçıvan ərazisindən keçməklə gedə biləcəklər. Bu, iqtisadi inkişafla yanaşı, regionun turizm potensialının yüksəlməsinə yol açacaq və Azərbaycanın iri regional logistika qovşağına çevrilməsinə böyük töhfə verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.