İqtisadiyyat

Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulmasına başlanılıb - FOTO

13 Noyabr 2020 18:58
Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulmasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, adıçəkilən yolun layihəsi cari ilin iyulun 29-da İsmayıllı rayonunun Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun açılışı zamanı ölkə başçısı İlham Əliyevə təqdim olunmuşdur.

Muğanlı-İsmayıllı avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Mürəkkəb relyef şəraitində tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli gillicə qruntlarının üstünlük təşkil etdiyi dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir. Hər il uzunluğu 40 km olan bu yolu sürüşmələrdən qorumaq üçün təmir-tikinti işləri aparılmasına, yol uçqunlarının təmizlənməsi və həmin hissələrin yenidən bərpası, qabion divarlarının inşası və s.tədbirlərə baxmayaraq, yolda müəyyən problemlər yaranır. Məhz bu səbəbdən Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını vermişdir.

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76.6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Trassa üzərində 8 ədəd körpü vardır. Bunlardan 5 ədəd mövcud körpü 4 zolağa uyğun genişləndiriləcək , 3 ədəd körpü trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikiləcək.

Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:

Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması
Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması
İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi
Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi
Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi
Regionda turizmin inkişafı

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.