İqtisadiyyat

M2 magistralının Gəncə-Gürcüstan sərhədi hissəsinin genişləndirilməsi davam edir

13 Oktyabr 2020 14:02
Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev beynəlxalq miqyaslı "Böyük İpək yolu"nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, həmin avtomobil yolu beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.

Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.

Hazırda yol boyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işləri də görülür.

Layihə çərçivəsində 26 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 73 yeraltı keçid, 42 düzbucaqlı su keçidi, 547 dairəvi ötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 85 avtobus dayanacağı quraşdırılacaq. Artıq müxtəlif süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib. Ümumilikdə isə yol boyu işlərin fiziki tərəqqisi 55% təşkil edir.

Layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir.

130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa layihənin üstünlüyü ondan ibarətdir ki, yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.