İqtisadiyyat

Bakı on milyardlarla dollarlıq layihəni İŞƏ SALIR. Avropa tələsməlidir...

16 Noyabr 2019 12:06
Baxış: 8 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 90,5%-i yekunlaşıb.

TAP konsorsiumundan verilən məlumata görə, bu, oktyabrın sonunda qeydə alınan göstəricidir.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Xatırladaq ki, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 4,5 milyard dollara başa gələcək olan boru kəməri ilə 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur. Bu layihə Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə təxminən 10,5%-ni qarşılayacaq. "BP", İtaliyanın "SNAM" və Azərbaycanın "SOCAR" şirkətləri hər biri 20% hissə payı ilə layihənin əsas 3 investoru hesab olunur.

Transxəzər qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə əvvəl Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlib. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanır. Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 mlrd kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayaraq öz üzərinə götürür. 1998-ci ilin aprelində Türkmənistan prezidenti Saparmurad Niyazov ABŞ-a işgüzar səfəri zamanı bu məsələ onun dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə görüşlərində yüksək səviyyədə müzakirə mövzusu olmuşdu.

1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanır. Müqaviləyə, həmçinin ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır. 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı. O zaman türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı layihə gündəmdə deyildi: əsas və perspektiv bazar kimi Türkiyə nəzərdən keçirilirdi.

O zaman həm Rusiya, həm də İran Transxəzər qaz kəmərinin əleyhinə müxtəlif səviyyələrdə iş aparırdılar. Ancaq real olaraq Rusiyada hakimiyyətə Vladimir Putin gələndən sonra bu layihə gündəmdən çıxdı və PGS konsorsiumu 2000-ci ilin ortalarında ləğv edildi. Düzdür, burada Azərbaycanın da müəyyən rolu olub, çünki 1999-cu ilin yayında "Şahdəniz" yatağı açıldı və sonra onun ehtiyatlarının qiymətləndirilməsi zamanı məlum oldu ki, Azərbaycanın qaz ehtiyatları güman edildiyindən qat-qat çoxdur. Belə olan şəraitdə, 32 mlrd buraxıcılıq gücü olacaq kəmərdə Azərbaycan ona ildə 16 mlrd kub metr kvota ayrılmasını tələb etdi, Niyazov isə yalnız kəmərin ixrac qabiliyyətinin dörddə birinə razı idi. Beləcə, iki qaz ölkəsi narazılar ölkəsinə çevrildi və o zamandan "Kəpəz" yatağı ilə bağlı problem daha da böyüdü.

2011-ci ildə Türkmənistan hökuməti uzunluğu 1000 kilometr və dəyəri iki milyard dollar olan daxili "Şərq-Qərb" qaz kəmərinin tikintisinə başlayıb. Bu kəmər ölkənin şərq regionunun - Eloten və Xəzər sahillərindəki qonşu yataqların ehtiyatlarını vahid nəqliyyat şəbəkəsinə birləşdirmək, ordan dənizin dibi ilə 300 kilometrlik boru kəməri çəkərək Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxmaq üçün çəkilir.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.

Qərbin enerji tələbatını təmin edən mənbələrin diversifikasiya edilməsi məqsədi ilə nəzərdən keçirilən bölgələrdən biri də Xəzər regionudur. Məqsəd, Trans Xəzər Qaz Kəməri layihəsi ilə bağlı davam edən son prosesləri ictimaiyyətin nəzərinə çatdırmaqdır.

Son illərdə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının iştirakı ilə Trans Xəzər Qaz kəməri layihəsinin perspektivləri ilə bağlı çox tərəfli görüşlər keçirilməkdədir. Avropa dövlətlərinin alternativ enerji resurslarına çıxışı prioritet hesab edilir.

2008-ci ildən etibarən Aİ-nin Enerji Təhlükəsizliyi və Birgə Fəaliyyət Planına əsasən, Cənub Qaz Dəhlizinin yaradılması və bu dəhlizə Xəzər regionu ölkələrinin cəlb edilməsi təklif edilirdi. Son illərdə imzalanmış anlaşmalara əsasən, Azərbaycanın TANAP və TAP qaz boru kəmərləri Cənub Qaz Dəhlizinin bir hissəsi kimi gələn ildən etibarən fəaliyyətə keçəcək. Lakin Türkmənistanın enerji resuslarını daşıyacaq Trans Xəzər Qaz Kəməri layihəsi hələ də danışıqlar mərhələsində olmasına baxmayaraq, Türkmənistan Respublikası, təbii qaz ixrac bazarlarının şaxələndirilməsi çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığı prioritet hesab etməkdədir. Qərb istiqaməti açar vektorlardan biri olaraq dəyərləndirilir, bu haqda İtaliyaya səfəri çərçivəsində Türkmənistan prezidenti özü də bilavasitə fikir söyləyərək, ölkəsinin "mavi yanacaq" daşınması coğrafiyasının, genişləndirilməsinə, həmçinin Avropa vektoru daxil olmaqla, hazır olduğunu qeyd etdi. 

Bunun üçün Xəzər Dənizinin dibi ilə Azərbaycana təxminən 300 km-lik boru xəttinin çəkilməsi tələb olunur. Layihənin bugünədək həyata keçməməsinin əsas səbəbi, Xəzərin hüquqi statusu ilə bağlı ölkələr arasında yaşanan fikri ayrılığı idi. Lakin 2018-ci ildə imzalanmış yekun konvensiya, Trans Xəzər Qaz Kəməri layihəsinin yenidən gündəmə gəlməsi ilə nəticələnmişdir. Avropa Komissiyasının Enerji məsələləri üzrə nümayəndəsi Erlendas Qriqoroviçin fikrincə, böyük şirkətlərin iştirakı olmadan nə Avropa İttifaqı nə də Türkmənistan Trans Xəzər Qaz Kəməri layihəsini inşa edə bilməz. Layihənin reallaşması baxımından siyasi və biznes sahələrində səylərin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

12 avqust 2019-cu il tarixində Türkmənistanın Avaza şəhərində keçirilmiş I Xəzər İqtisadi Forumunda iştirak edən Avropa-Çin konsorsiumu Trans Xəzər Qaz Kəməri layihəsinin tikinti işlərinə başlamağa hazır olduqlarını bildirib. Konsorsiumda təmsil edilən "Edison Technologies GmbH"-nin baş direktoru Kasapoğlu Edison-un sözlərinə görə, Trans Xəzər Qaz Kəməri Avropa İttifaqı, Türkiyə, Azərbaycan və Türkmənistan nümayəndə heyətləri arasında müzakirə mövzusudur və layihə Cənub Qaz Dəhlizi sisteminə qoşularaq Avropanı təbii qaz ilə təmin edəcək.

Bu ilin 31 oktyabrında Avropa Komissiyasının yayımladığı sənədə əsasən, Trans Xəzər Qaz Kəməri layihəsi ittifaq üçün prioritet hesab edilir. Təsadüfi deyil ki, noyabr ayının 6-də Türkmənistan prezidentinin İtaliyaya səfəri zamanı gündəmin əsas mövzularından biri enerji sahəsində əməkdaşlıq oldu. İki ölkə prezidentləri arasında baş tutan görüşdə Türkmənistanın enerji resurslarının qərb istiqamətində mümkün ixracını nəzərdən keçirir fikrilərinin ölkə prezidenti tərəfindən açıq bəyan edilməsi layihənin gündəmdə olduğunu deməyə əsas verir.

Beləliklə, hal-hazırda layihənin qarşısında duran ən böyük əngəl ortaya çıxaracağı geosiyasi risklərdir. Risklərin qarşısının alınması isə Qərbin verəcəyi siyasi dəstəkdən asılı olacaq.

Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ssenarisi, Azərbaycanı qlobal əhəmiyyətli yanacaq layihəsinin mərkəzi oyunçularından birinə çevirərək, növbəti illərdə geosiyasi məsələlərdə dividendlər əldə etməsilə nəticələnəcək.    

Türkmənistan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsi texniki olaraq asan icra olunandır.

Türkmənistan qaz yataqlarını ixrac qaz kəmərinə bağlayacaq layihə uzun illər müzakirə olunub:

Bu layihəni texniki olaraq reallaşdırmaq çox asandır. Bunun üçün, sadəcə, Xəzərin Türkmənistan və Azərbaycan sektorları arasında 120 kilometrlik boru kəməri çəkmək tələb olunur.

Bu, həyat qabiliyyətli layihədir.

Avropalılar bu məsələdə böyük rol oynamalıdır və daha qətiyyətli və inadkar olmalıdır. Layihənin inkişafı üçün Türkmənistan Azərbaycanla və layihəyə cəlb oluna biləcək beynəlxalq neft-qaz şirkətləri ilə işləməlidir.

Layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı və ya Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri hesabına reallaşdırmaq lazımdır:

Belə ki, bu, tamamilə reallaşdırıla bilən layihədir. Bu layihə uzun illər əvvəl reallaşdırılmalı idi, amma, yəqin ki, növbəti onillikdə baş tutacaq.

Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsinin üstünlükləri aşkardır.

Avropa ölkələri təbii qaz mənbələrini və nəqliyyat yollarını şaxələndirməyə çalışır. Çünki Mərkəzi Asiya və Qafqazdakı mənbələrə çıxış əldə etməklə Avropa əlavə qaz həcmləri əldə edə bilər. Həm Türkmənistan, həm də Azərbaycan geniş qaz ehtiyatlarına malikdir və bu ehtiyatları kommersiya baxımından məhsuldar və həyat qabiliyyətli etmək lazımdır. Avropa İttifaqında qaza tələbatın artması fonunda hər iki ölkə öz ehtiyatlarını cəlbedici bazar qiymətləri ilə reallaşdıra bilər. Bu, həm də iki region arasında əlaqələri tam möhkəmləndirməyə imkan verəcək.

Trans-Xəzər boru kəməri Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və institusional investorlar tərəfindən fəal dəstəklənməlidir.

Elçin Alıoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.