İqtisadiyyat

Azərbaycan kəndi: tarla neftdən çox gəlir gətirəcək

1 Avqust 2019 10:23
Baxış: 2 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üç ildir pambıq əkini ilə məşğulam. 2016-cı ildə Sabirabadda dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair keçirilmiş respublika müşavirəsində iştirak etmişəm. Həmin ildən də pambıq əkirəm. Dövlət dəstəyindən də yararlanaraq birinci il 20, ikinci il 100, bu il 200 hektar pambıq əkmişəm.

Bunu Sabirabadın Sərxanbəyli kəndinin sakini, fermer Dədəkişi Dövlətov deyib.

Onun sözlərinə görə, pambıqçılar lazımi kənd təsərrüfatı texnikaları və gübrələri güzəştli şərtlərlə alırlar.

"Çətinliyimiz yoxdur, sahələri vaxtlı-vaxtında suvarırıq. Bu il məhsul ötən ildəkindən də çox olacaq. Mənimlə yanaşı, çoxları pambıq əkini ilə məşğuldur. Ötən ilin nəticələri bir daha göstərdi ki, pambıqçılıq kənd təsərrüfatında ən gəlirli sahələrdən biridir. Bunu pambıqdan əldə etdiyimiz gəlirdən gördük. Şəxsən mənim 1 hektardan xalis gəlirim 3000 min manatdan çox olub".

D.Dövlətov sovet dövründə də pambıq becərib. Amma kənddə pambıqçılıq üçün yaradılmış şərait indiki kimi olmayıb, ola da bilməzdi, əslində.

"Sağ olsun dövlətimiz" deyir Dövlətov: "Bizə lazımi şəraiti yaradıb, torpaq verib, güzəştli şərtlərlə texnika və gübrə alırıq, subsidiya ayrılır. Biz də çalışıb bunun qarşılığını verməli, ölkə iqtisadiyyatının inkişafına öz dəstəyimizi göstərməliyik".

Sabirabad rayonuna gəldikdə isə, ötən il 17292 ton xam pambıq istehsal edən sabirabadlı əkinçilər bu il 8630 hektar sahədə "ağ qızıl" becəriblər. Məhsul yetişdirmək üçün rayonda bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, müqavilə bağlanılmış məhsul istehsalçıları texnika, toxum və dərman preparatları ilə təmin olunublar.

Bunu kəndlilər də deyir, məmurlar da və sözləri də üst-üstə düşür. Yəni durum, həqiqətən də, belədir.

... "Kənd təsərrüfatının inkişafı bizim gələcəyimizdir. Hər bir ölkə nəyin hesabına yaşayır? İxrac hesabına. Ölkə ixrac etməsə yaşaya bilməz".

Bunu prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

"İnkişaf etmiş ölkələr nəyi ixrac edir? Ağlı, zəkanı, texnologiyanı ixrac edir. Maşınlar, mexanizmlər, dəzgahlar, müasir texnologiyalar ixrac olunur və o ölkələr bununla da çox inkişaf edir. Biz nə ixrac edə bilərik? Hələ ki biz texnologiya ixrac edə bilmirik və yəqin ki, edə bilməyəcəyik. O böyük dövlətlərlə ayaqlaşmaq mümkün deyil. Onların texnoloji inkişafla, tərəqqi ilə bağlı minlərlə beyin mərkəzləri var. Ən mütərəqqi, qabaqcıl alimlər, Nobel mükafatı laureatları işləyir. Biz ixrac edə bilərikmi? Əgər açıq danışsaq, əlbəttə ki, yox. Ona görə, bizim kimi gənc müstəqil dövlət, - hansı ki, böyük problemlərlə üzləşmişdir, - əvvəlcə təbii imkanlarının hesabına yaşamalıdır, ilk addım kimi. Ona görə, biz Ulu Öndərin uzaqgörənliyi ilə neft strategiyasını həyata keçirmişik və böyük maliyyə vəsaiti əldə etmişik", - deyə İlham Əliyev bildirmişdi.

Biz indi sənaye müəssisələri yaradılması istiqamətində böyük işlər görürük. Emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilir. Biz kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazarlara çıxmalıyıq və çıxırıq. Halbuki bu, o qədər də asan məsələ deyil. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Avropa bazarlarına çıxmaq üçün çox problemlər var. Məncə, bu gün bu, çox çətin məsələdir. Biz regional bazarlara çıxırıq. Amma Azərbaycanda elə məhsul istehsal edilməlidir ki, bazarlardan asılı olmasın. Bax, pambıq o məhsullardandır. Çünki dünya birjalarında satılır. Pambığın hansısa birbaşa alıcısı yoxdur, dünya birjasında satılır.

... Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün müəyyənləşdirilmiş islahatlar elmi yanaşmalara söykənməklə fermerlərin və kənd zəhmətkeşlərinin mənafeyinə xidmət etmək strategiyasına əsaslanır. Bunu nəzərə alaraq, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən önəmli sahələrindən olan kənd təsərrüfatının, xüsusilə də aqrar və fermer subyektlərinin inkişafı üçün görülən işləri bir neçə müstəviyə ayırmaq olar.

Kənd təsərrüfatı sahəsində hazırda ən başlıca vəzifə məhsuldarlığın artırılması hesabına rəqabətqabiliyyətliliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu isə bütün istiqamətlərdə innovativ istehsal və idarəetmə texnologiyalarının, müasir və mütərəqqi metod və həllərin geniş tətbiqini tələb edir.

Hazırda aqrar elmin modernləşdirilməsi üzrə islahatlar davam etdirilir. Bu islahatlar çərçivəsində bütün elmi-tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib, müasir və məhsuldar meyvə bağları salınıb. Elmi-tədqiqat institutlarında yaradılan potensial hesabına istehsalçılar yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək.

Fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi məqsədilə Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Tovuz rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri qurulur.

Məhsul istehsalçılarının stimullaşdırılması, onların istehsal xərclərinin azaldılması və gəlir əldə etmək imkanlarının artırılması məqsədilə dövlət tərəfindən böyük həcmdə dəstək tədbirləri göstərilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif dəstək tədbirləri üzrə 1.2 milyard manata yaxın subsidiya ödənilib.

Aqrar sektorun bütün istiqamətləri üzrə təminatının, xüsusilə kənd təsərrüfatı texnikası ilə təchizatın daha da yaxşılaşdırılması üçün dəstək və xidmət tədbirləri davam etdirilib. "Aqrolizinq" ASC tərəfindən ölkəyə 44 minə yaxın kənd təsərrüfatı texnikası, 843 min ton mineral gübrə və 30 mindən artıq damazlıq heyvan gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə istifadəyə verilib.

Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib. DAİM-lərin və burada fəaliyyət göstərən Fermer Şuralarının formalaşdırılması prosesi yekunlaşıb.

Kənd təsərrüfatı sahəsində hazırda iqtisadi fəallığın yüksəlməsi, bu sahəyə böyük həvəsin göstərilməsi və məhsul bolluğunun yaranması müşahidə olunur. Fermerlər üçün bazar şərtlərinin yaxşılaşdırılması, məhsulların satılmasına və satışda yaranan problemlərin aradan qaldırılmasına yardımın göstərilməsi məqsədilə nazirlik yanında Dövlət Aqrar Ticarət Şirkəti yaradılıb.

Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycanda dinamik inkişafın göstəricisidir. Bu tərəqqi və rifah, əhalinin maddi durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması aparılan məqsədyönlü dövlət siyasətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, "Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur". Öz şərəfli əməyi ilə ölkənin ərzaq təhlükəsizliyinə misilsiz töhfələr verən və əhalinin davamlı surətdə ərzaqla təmin olunması missiyasını üzərinə götürən kənd əməkçiləri və fermerlər də dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunub. 1 noyabr Kənd Təsərrüfatı İşçiləri Gününün təsis edilməsi onların tükənməz əməyinə dövlət tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir. Kənd zəhmətkeşlərinin gərgin əməyi sayəsində aqrar sahədə qazanılan nailiyyətlər və davamlı uğurlar dövlətimizin başçısının onlara verdiyi bu qiymətin, göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

... Kənd təsərrüfatında görülməsi gərəkən çox işlər var. Aqrar sahənin inkişafı təkcə dövlətin həyata keçirdiyi siyasətdən asılı deyil. Dövlət güzəştlər tətbiq edir, subsidiyalar verir, kənd təsərrüfatı fəaliyyətini vergilərdən azad edir və s. Amma dövlət bu prosesin yalnız bir tərəfidir. Digər tərəf, yəni fermerlər də bu fürsətlərdən daha çox, daha keyfiyyətli məhsul istehsal etmək üçün yararlanmalıdır. Yəni, niyə qabaqcıl ölkələrdə bir hektar sahədən daha çox məhsul götürülür, mən isə götürə bilmirəm deyə düşünməlidir. Burada yenə dövlət müdaxilə edir, maarifləndirmə işini öz üzərinə götürür. Aqrar sahədə uğur təkcə bol məhsul götürmək deyil, həm də aqrar resurslardan daha səmərəli istifadə etməkdir. İnnovasiyaların tətbiqi, yeni üsulları mənimsəmə vacibdir. Məsələn, arıçılıq sektorunda bu tendensiya müşahidə olunur. Arıçılar assosiasiya şəklində birləşir, problemlərin həllində bir-birilərinə kömək edir, təcrübələrini həvəslə bölüşürlər. Ölkədə arıçılığın sürətlə inkişafında bu amilin rolu böyükdür. Dövlət də bu cür fəaliyyəti və inkişafı dəstəkləyir. İlk dəfə olaraq bu ildən başlayaraq arıçılara subsidiya verilir.

Təbii, görüləcək işlər çoxdur, islahatlar yeni mərhələyə qədəm qoyub. Bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək. Bir amili nəzərdən qaçırmaq olmaz. Kənd təsərrüfatı ən böyük məşğulluq sahələrindən biridir. Obrazlı desək, Azərbaycanda bu sahədən təxminən 1,5 milyon insan çörək qazanır. Ona görə də bu sahənin inkişafı həm məşğulluq baxımından, həm də ərzaq təhlükəsizliyinin təminatı baxımından çox vacibdir.

Eyni zamanda, həllini təcili tələb edən digər məqamlar elektron kənd təsərrüfatı sisteminin qurulması, aqrolizinq xidmətlərinin özəlləşdirilməsi, damazlıq heyvan və gübrə dəstəyinin optimallaşdırılması, habelə xırda təsərrüfatların birləşdirilməsi - kooperasiya münasibətlərinin yaradılması olacaq. Bu, o qədər də asan məsələ deyil, ciddi maarifçilik işləri aparılmalıdır və ortaya konkret iqtisadi model qoyulmalıdır. Kooperasiyalaşmanın sürətləndirilməsi üçün stimul olacaq iqtisadi alət- aqrar sığorta sisteminin formalaşdırılması da gələnilki hədəflərdən olmalıdır.

Azərbaycanın əlverişli təbiəti daxili imkanlar hesabına əksər kənd təsərrüfatı məhsulları ilə təmin etməyə imkan verir. Üstəlik, Azərbaycanda istehsal olunan məhsullar ekoloji baxımdan təmizdir. İstehsal edilən kənd təsərrüfatı məhsullarının xarab olmasının qarşısının alınması və ilboyu onlardan səmərəli istifadəni təmin etmək məqsədilə isə ölkəmizə soyuducu anbarlar gətirilərək quraşdırılıb. Lakin bəzən həmin anbarları əldə edənlər məhsulu olduqca baha qiymətə saxlayırlar ki, bu da məhsulun satış qiymətinin yüksəlməsinə görə fermerlərə sərf etmir. Çünki bu zaman xaricdən gətirilən məhsullar bazarda daha ucuz qiymətə təklif olunur. Ona görə bu məsələyə də diqqət artırılmalı, süni qiymət artımının qarşısı alınmalıdır ki, yerli fermerlər məhsulu ilboyu saxlaya bilsinlər. Bu, həm yerli istehsalın artması, həm də əhalinin ekoloji cəhətdən daha təmiz kənd təsərrüfatı məhsulları ilə təminatı deməkdir.

Fəqət, bütün bunlar çözüləcək məqamlardır. Əsas məsələ odur ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru inkişaf edir və ölkəmiz aqrar məhsulları idxal edən ölkədən həmin məhsulları geniş miqyasda, çeşiddə və böyük həcmdə ixrac edən dövlətə çevrilib.

Elçin Alıoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.