İqtisadiyyat

Maaşlar 40 faiz artırıldı: indi nə olacaq?

19 İyun 2019 10:36
5 Şərh     Baxış: 19 576

Postsovet məkanındakı ölkələrin tarixində hələ belə sosial qərar olmamışdı.

Minimum əməkhaqqı adətən 5, 10 və ya 15 faiz artırılır. Rusiyada, Ukraynada, Gürcüstanda, Belarusda və ya Qazaxıstanda belə qərar "misilsiz irəliləyiş", "sosial inqilab" kimi təqdim olunur.

Azərbaycanda minimum əməkhaqqının məbləği 40 faiz artırıldı.

Əsl sosial inqilab da - heç mübaliğəsiz - elə budur.

Azərbaycanda hakimiyyət vətəndaşının yanında olduğunu sürəkli sübut edir.

Xatirinizdəmi, Bakının "8-ci kilometr" səmtində, Nizami rayonunda "Diqlas" ticarət mərkəzi alovlanmış, yanmışdı. Yanğın söndürüldü. Şükür ki, tələfat olmadı.

Yanğında təxminən 1000 kiçik sahibkarın icarəyə götürdükləri məkanda bütün malları yandı. Əslində, yanan mal yox, o insanların canı idi.

Əksəriyyəti satışa çıxarmağa hazırlaşdıqları malları banklardan aldıqları kreditlər, borc götürdükləri pullarla almışdılar.

Halları pərişan, fikirləri qarışıq, özləri nagüman və bədbindilər.

Lakin dövlət başçısı İlham Əliyevin sahibkarlara sözü çatdırıldı: "Hər birinizə dəymiş ziyan dövlət tərəfindən ödəniləcəkdir".

"Dövlət Baba" övladını tək qoymadı.

Dövlət, sadəcə, sahibkarlara dəstək verməklə, ziyanın ödənilməsinə çalışa bilərdi. Ancaq Prezident tamamilə fərqli yol seçdi və uzun süründürməçilikdən sahibkarları qurtardı.

Prezident İlham Əliyevin qərarının məntiqi əsasları da var. Belə ki, sahibkarların onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı iddialarını məhkəmələrdə təmin etmələri xeyli vaxt, əmək və əsəb aparacaq, hətta ən pis halda mülki iddialara baxış formatında illər uzunu sürəcəkdi, iddialar və appelyasiyalar bir-birini əvəzləyəcəkdi, tələblər sıralanacaqdı.

Dövlət başçısı bəhs etdiyimiz məqamları, habelə külli miqdarda maddi ziyana məruz qalmış sahibkarlara dərhal yardım edərək onları üzləşdikləri müşküldən xilas etmək üçün humanist qərar verdi.

O qərar ki, Azərbaycanda sahibkarlara dövlət dəstəyinin ciddiliyini, onların fəaliyyətinin səbatını bir daha sübut etdi.

Dövlət yardım etməyə məcbur və məsul deyildi, amma sahibkarlara dəstək yükünü üzərinə götürdü.

Dövlət bütün vətəndaşlarının yanındadır.

Və daha sonra...

Qazın güzəştli tariflərlə istehlak limiti artırıldı. Qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırıldı. 1,5 milyon abonent (6 milyon vətəndaş) təbii qazla bağlı güzəştli tarifdən istifadə edirdi. Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent (1,2 milyondan çox vətəndaş) güzəştlərdən istifadə edir.

Əvvəlki rejimdə abonentlərin 70 faizi güzəştli tariflərdən istifadə edirdisə, Tarif Şurasının yeni qərarından sonra bu hədd 85 faizə yüksəlib.

Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur.

... Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların aylıq məvacibi artırılır.

İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı 17 sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.

Prezident Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

İlham Əliyevin bu ilin fevralın 8-də imzaladığı sərəncamla martın 1-dən minimum əməkhaqqının məbləği 180 manat müəyyən edilmişdi.

Bununla minimum əmək haqqının məbləği 50 manat, yəni 38,5 faiz artırılmışdı. Ona qədər minimum aylıq əməkhaqqı 130 manat idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu ilin əvvəlində yaydığı məlumatda bildirilirdi ki, minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edir.

Prezident İlham Əliyevin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir.

Bu, həmin kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir.

Sənəddə həmin təşkilatlarda çalışan  işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. 

Onların sırasına Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçiləri daxildir.

Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını təmin etmək tapşırılır.

Həmçinin Nazirlər Kabinetinə tapşırılır ki, qeyd edilən rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin.

İmzalanmış sərəncamlar:

- minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını;

- dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılmasını;

- hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılmasını;

- dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid  aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılmasını;

- dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.

Beləcə, ilin əvvəlindən bəri artıq ikinci dəfədir ki, ölkədə minimum əməkhaqqı artırılır. İlin əvvəlində bu göstərici 130 manat idi, martın 1-dən 180 manat oldu.

Göründüyü kimi, son 6 ayda minimum əməkhaqqının məbləği 96 faiz artırılıb.

Dövlət sektorunda artımları maliyyələşdirmək üçün əlavə 126 milyon manat (ilin son 4 ayı üçün) ayrılmalıdır. 2019-cu ilin dövlət büdcəsinə yenidən baxılmayacaqsa, gərəkli vəsait büdcənin daxili imkanları hesabına həyata keçiriləcək.

Xatırladaq ki, Maliyyə Nazirliyi ilin birinci rübündə büdcənin gəlir və xərclər üzrə proqnozların icra vəziyyətini açıqlamışdı.

2019-cu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri  5 milyard 440 milyon manat, xərcləri isə 5 milyard 40 milyon manat olub. Bununla da, ilin ilk 3 ayında büdcədə 403,8 milyon manat profisit (gəlirlərin xərcləri üstələməsi) yaranmışdır.

Gizli iqtisadiyyatın leqallaşması hesabına birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 523 milyon manat (Vergilər Nazirliyi üzrə 236, Gömrük Komitəsi üzrə 287 milyon manat) çox vəsait yığılb, 403,8 manat profisit yaranıb. Bu artımlar artıq sosial layihələrin maliyyələşdirilməsini dəstəkləyir. Minimum əmək haqqının 250 manata qaldırılması da bu qəbildən olan sosial layihələrdən biridir.

Bütün bunlar dəqiq hesablanmış, proqnozlaşdırılmış addımlar olduğundan inflyasiyanı və ya devalvasiyanı şərtləndirə biləcək addımlar deyil. Əksinə, sosial təminat səviyyəsinin yüksəlməsi Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqləyir.

... İlin əvvəlində İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat ayrıldı.

Vətəndaşların sosial təminat səviyyəsinin yüksəlişi davam edəcək.

Son proses bütövlükdə insanların, vətəndaşların, ölkə əhalisinin yaşayış şəraitinin, həyat tərzinin, maddi-sosial durumunun yaxşılaşdırılması ilə əlaqədardır. Maaşları artırılan insanlar əksəriyyət etibarilə elə bir təbəqədən olan insanlardır ki, onların əməkhaqları daim diqqət mərkəzində olmalıdır. Çox sevindirici və əlamətdar haldır ki, onlar məhz ölkə Prezidentinin, Azərbaycan dövlətinin diqqət mərkəzindədir.

Ölkə prezidenti son çıxışlarında, Azərbaycan xalqına Novruz təbrikində, Mərdəkan-Qala avtomobil yolunun açılışında bir daha islahatlar prosesinin davamlı olacağını, minimum əməkhaqqının, maaşların, pensiyaların artırılacağını bildirmiş, bunların anonsunu, xoş müjdəsini vermişdi və bugünkü tarixi sərəncamlar da həmin sözlərin, bəyanatların konkret əməli addımlar olduğunu bir daha sübuta yetirdi. Çünki ölkə prezidenti indiyə kimi nə deyibsə, nə vəd edibsə, ona da əməl edib, yerinə yetirib. Bundan sonra da məhz belə olacaq, biz qarşıdakı mərhələdə də bu cür növbəti addımların şahidi olacağıq.

Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik. Əldə edilmiş nəticələr tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq. Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Əgər belə olmasaydı, milyardlarla dolları Azərbaycana kredit şəklində verərdilərmi? Əlbəttə ki, yox.

İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Biz əməkhaqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq. Biz hələ islahatların növbəti mərhələsinin başlanğıcındayıq və çox böyük nəticələr əldə edilir. Bu, bizə imkan verir ki, sosial sahəyə həm maddi təminat, həm də islahatlar baxımından daha böyük diqqət göstərilsin. İslahatların davam etdirilməsi zəruridir və bunun başqa yolu yoxdur.

Elçin Alıoğlu
Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Raul · 19 İyun 12:0051

    Allah Təala bizim milləti hifz etsin. İlahi Amin. Son vaxtlar doğrudanda yaxşılığa doğru bir çox nailiyyətlər əldə olunub. Sevindirici haldır. Ardı gəlsin.

    Cavab yaz
  • Anonim
    Elshen · 19 İyun 14:1161

    Əgər ilin axırına kimi heç bir sahədə qiymət artımı olmasa, bu addımı alqışlamağa dəyər. Yox əgər ərzaq və qeyri ərzaqlarda cüzi də olsa qiymət artımı olacaqsa, bu qərar camaatın xeyrinə yox, əksinə ziyanına olacaq.

    Cavab yaz
  • Anonim
    Max · 19 İyun 15:5120

    Çox sevinməyin, inflyasiya olacaq.

    Cavab yaz
  • Anonim
    kasıb · 19 İyun 17:1710

    işsizləri də nəzərə alın nə olar

    Cavab yaz
  • Anonim
    Resad · 19 İyun 21:4800

    Rabitecileride nezere alsalar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.