İqtisadiyyat

Kiçik və orta sahibkarlıq sahəsinə xarici investor 10 milyon dollar sərmayə yatıracaq

13 İyun 2019 16:57
Baxış: 632

Birləşmiş Ərəb Əmirliklərinin "Omni World Holdings Limited" şirkəti Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Omni World Holdings Limited"in nümayəndələri arasında görüş keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş çərçivəsində KOBİA və "Omni World Holdings Limited" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Omni World Holdings Limited"in sədri Erik Alfred Şayer imzalayıblar.

Sənədə əsasən, "Omni World Holdings Limited" ölkəmizdə turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri daxil olmaqla iqtisadiyyatın müxtəlif sektorlarında potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq. "Omni World Holdings Limited" tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində həyata keçiriləcək layihələrə ilkin olaraq 10 milyon ABŞ dolları həcmində investisiyanın yatırılması nəzərdə tutulur.

Ümumiyyətlə, Anlaşma Memorandumuna əsasən, KOBİA və "Omni World Holdings Limited" KOB-ların təşviqi üçün dəstək tədbirlərinin həyata keçirilməsi, müvafiq qurumların əlaqələndirilməsi və maliyyə xidmətləri sahəsində əməkdaşlıq, qarşılıqlı faydalı layihələr, ən yaxşı texnologiyalar və biznesin idarə edilməsi sahəsində yeniliklər barədə məlumatlandırma, KOB-lar arasında əməkdaşlığı gücləndirmək üçün seminar, sərgi və digər təşviqat tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov: "Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü islahatları nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. Xarici investorların cəlb edilməsi ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən kiçik və orta biznesin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

"Omni World Holdings Limited"in sədri Erik Alfred Şayer: "Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb, kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verilir və bu sahədə müxtəlif tədbirlər həyata keçirilir. "Omni World Holdings Limited" Azərbaycanda KOB sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır və bu sahədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcəyik".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.