İqtisadiyyat

2019-cu ildə ən gəlirli sahə hansı olacaq? - Ekspert aydınlıq gətirir

18 May 2019 16:21
0 Şərh     Baxış: 1 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə ən gəlirli sahə turizm olacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə iqtisadçı Elman Sadıqov deyib.

Ekspertin sözlərinə görə, turizm sahəsində olan boşluqlar, xüsusilə də xidmət sektorunda peşəkarlara duyulan ehtiyac bu sahəyə investisiya yatıranlara böyük gəlir gətirə bilər:

"Kiçik və orta miqyaslı hostel, iki ulduzlu hotel, həmçinin 10-20 otaqlı qonaq evləri açmaqla turizm sahəsinə daxil olmaq və yüksək xidmətlə turist, qonaq cəlb edib qazanc götürmək mümkündür. Əsas məsələ gələn turisti razı salmaq və müsbət imic yaratmaqdır. Belə olduqda gəlirlər də artacaq".

E.Sadıqov bildirib ki, turizm dövlət üçün prioritet təşkil edən sahələrdəndir:

"Bununla çox adam məşğul ola bilər. Xidmət sektorunda orta seqmentə daxil olan obyektlərin sayı azdır. Söhbət restoran və kafelərdən gedir. Burada daha çox lüks seqment 5 ulduzlu otellər, bahalı restoranlar fəaliyyət göstərir. Xidmət sektorunda orta seqmentin tələblərinə cavab verən iaşə obyektlərinə ehtiyac var".

İqtisadçının fikrincə, gəlir üçün kənd təsərrüfatı sahəsinə də üz tutmaq olar, lakin bu, ağır və gərgin əmək tələb edir.

"Aqrar sahədə peşəkar olmaq vacibdir. Kənd təsərrüfatına pul qoyub kənarda durmaq doğru deyil. O pulun necə itirilməsini sərmayəçi özü də müəyyən edə bilməz. Kənd təsərrüfatı spesifik sahədir. Bu sahəyə bələd olmadan investisiya yatırmaq risk tələb edir. Bu sahə mənfəətlidir, bir şərtlə ki kənd təsərrüfatı ilə peşəkar insanlar məşğul olsun".

E.Sadıqov vurğulayıb ki, hazırda gəlirli sahələrdən biri də ailə biznesi hesab olunur:

"Malayziyadan tutmuş Yaponiyaya qədər, Tayvan, İndoneziya və bu kimi ölkələrdə ailə biznesləri böyük müvəffəqiyyət qazanıb. Hazırda Avropada tanınan böyük brendlərin əksəriyyəti kiçik ailə biznesindən yaranıb. Bu mənada ölkəmizdə ABAD layihəsi həyata keçirilir və bu, olduqca müsbət bir haldır. Düşünürəm ki, hər bir vətəndaş ABD mərkəzlərinə müraciət edərək öz kiçik ailə biznesini qura bilər. Bu, bəsit səslənsə də, olduqca vacib məsələdir".

Ekspert əlavə edib ki, hazırda populyar sahə sayılan kriptovalyutalara investisiya yatırmaq riskli ola bilər:

"Əgər kiməs maliyyə bazarlarında kriptovalyutalara investisiya yatırmağı düşünürsə, ehtiyatlı olmalıdır. Bu sahədə itki riski də böyükdür".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.