İqtisadiyyat

Şahmar Mövsümov: "Azərbaycanda hasilat sahəsində şəffaflığın təmin olunması vacibdir"

13 Fevral 2019 12:00
Baxış: 496

"Azərbaycanda hasilat sahəsində şəffaflığın təmin olunması çox vacibdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Bakıda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və "Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək" layihəsini icra edən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə layihə üzrə ilk plenar iclasda deyib.

O bildirib ki, benefisiarlar, şirkətlərə və hüquqi şəxslərə nəzarət edən şəxslər barədə məlumatların açıqlanması qanunsuz pul dövriyyəsi, kölgə iqtisadiyyatının qarşısını alacaq.

Fond rəsmisinin sözlərinə görə, dünyada hasilat sahələrində şəffafllığın təmin olunması tendensiyaları artır və Azərbaycan da bu təşəbbüsə qoşulub.

Ş.Mövsümov, həmçinin Asiya İnkişaf Bankının (AİB) rolunu vurğulayaraq qeyd edib ki, bu cür nüfuzlu maliyyə institutunun dəstəyi çox vacibdir.

Qeyd edək ki, Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və "Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi" layihəsini həyata keçirən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə qeyd edilən layihənin icrası çərçivəsində ilk plenar iclas keçirilir.

İclasın panel sessiyalarında hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasının əhəmiyyətliliyi, hasilat sənayesində benefisiar sahiblik terminin əsas elementləri, Azərbaycan Respublikasının qanunvericiliyində qeyd edilən terminin mövcud və təklif edilən təriflərinin mümkün variantları, layihənin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi və bir sıra digər məsələlər müzakirə ediləcək.

İclasda hökumət üzvləri, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin, hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin nümayəndələri, vətəndaş cəmiyyəti iştirak edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.