İqtisadiyyat

"Muğanbank" ASC 2018-ci ilin maliyyə göstəricilərini açıqladı

31 Yanvar 2019 14:37
Baxış: 562

2018-ci ildə "Muğanbank" zərərdən çıxaraq böyüyüb, müştərilərə verdiyi kireditlər, kapitalı və gəlirləri artıb.

"Muğanbank" ASC 2018-ci ili 1 milyon 430 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 6 milyon 341 min manat zərər ilə bağlamışdı.

2018-ci ildə "Muğanbank"ın cəmi gəlirləri 61 milyon 419 min manat təşkil edib. Bank 2017-ci ildə 53 milyon 708 min manat cəmi gəlir əldə etmişdi. İllik müqayisədə, "Muğanbank"ın cəmi faiz gəlirləri 2017-ci ildəki 42 milyon 812 min manatdan 42 milyon manata düşüb (1,89% azalma), qiymətlı kağızlar üzrə faiz gəlirləri təxminən 18 min manatdan 1 milyon 118 min manata qalxıb, komission və qeyri faiz gəlirləri 9 milyon 280 min manatdan 16 milyon 652 min manata yüksəlib (79,44% artım), xarici valyuta əməliyyatlari üzrə xalis mənfəəti isə 1 milyon 617 min manatdan 2 milyon 761 min manata qalxıb, bu da ki 70.75% artım təşkil etmişdir.

Bankın, ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyyatların yaradılması üçün xərci 19 milyon 13 min manatdan 6 milyon 54 min manata düşüb. Bu, Bankda kredit riskinin və problemli kreditlərin azaldığına işarədir.

Gəlirin artması və kreditlər üzrə ehtiyyatların yaradılması üçün xərcin azalması ilə əlaqədar olaraq "Muğanbank"ın netto faiz gəlirləri artıb. 2017-ci illə müqayisədə 2018-ci ildə "Muğanbank"ın əməliyyat mənfəəti 35.19% artaraq 10 milyon 280 min manata yüksəlib. 2017-ci ildə Bankın əməliyyat mənfəəti 7 milyon 605 min manat təşkil etmişdi.

2018-ci ildə əməliyyat xərcləri 16milyon 492 min manat təşkil etmişdir bu da  "Muğanbank"ın işçı heyətini saxlanılması, ümumi administrativ və sair əməliyyat xərclərinə aiddir. Nəticədə, Bank ötən ili 1 milyon 430 min manat xalis mənfəət ilə bağlayıb. 2018-ci ildə  "Muğanbank" mənfəət vergisi ödəməyib.

BANK BÖYÜYÜB

31 Dekabr 2018-ci il tarixində "Muğanbank" 551 milyon 651 min manat cəmi aktivlərə malik olub. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 71 milyon 475 min manat və ya 14,9% çoxdur. Bankın müştərilərə verdiyi kreditlər 22 milyon 567 min manat və ya 6,5% artaraq 371 milyon 638 min manata çatıb. Ötən ilin sonunda "Muğanbank" 79 milyon 987 min manat cəmi balans kapitalına malik olub.

MÜŞTƏRİLƏRİN HESABLARINDAKI VƏSAİT ARTIB, BANK BORCUNU QAYTARIR

Ötən il "Muğanbank"da müştəri hesablarında vəsait 39,1% artaraq 280 milyon 779 milyon manata çatıb. Banklardan və digər maliyyə institutlardan cəlb olunmuş vəsaitlər isə 8,8% azalaraq 184 milyon 909 min manata düşüb.

MƏCMU KAPİTALI ARTIB

2018-ci il ərzində "Muğanbank"ın məcmu kapitalı 12 milyon 274 min manat artaraq 82 milyon 550 min manata yüksəlib. Məcmu kapitalın artması, əsasən, ötən il nizamanmə kapitalının 10 milyon manat artırılaraq 85 milyon manatdan 95 milyon manata qaldırılması və ötən il mənfətin əldə edilməsi ilə bağlıdır.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.