İqtisadiyyat

Orxan Məmmədov: "Qadın sahibkarlığının inkişafı üzrə stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması nəzərdən keçirilir" - FOTO

21 Yanvar 2019 15:01
Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qadın sahibkarlığının inkişaf etdirilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin qarşısında duran prioritet məsələlərdəndir. Bu gün Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların KOB sektorunda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxışlarının dəstəklənməsi" mövzusunda keçirilən işgüzar görüşdə çıxışı zamanı deyib.

KOBİA rəsmisi bildirib ki, qadın sahibkarlığının inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: "Qadın sahibkarlığının inkişafı üzrə stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması, bu sosial təbəqə üçün kreditləşmə, vergiqoyma və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanmasını nəzərdən keçiririk. Bu mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır. Mexanizmlər hazırlanan zaman, xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində olacaqdır. Kənd yerlərində qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdiriləcək və müvafiq tədbirlər görüləcəkdir".

O.Məmmədovun sözlərinə görə, qadın sahibkarlara informasiya dəstəyi vermək üçün qadınların sahibkarlıqla bağlı zəruri olan məlumatlara əlçatanlığının təmin olunması məqsədilə müxtəlif tədbirlər həyata keçiriləcəkdir. Belə ki, Agentliyin inetrnet səhifəsində bununla bağlı xüsusi bölmə yaradılaraq müntəzəm olaraq əlaqəli məlumatlar burada öz əksini tapacaqdır.

İdarə Heyətinin sədri vurğulayıb ki, qadınların sahibkarlığının inkişafının dəstəklənməsinin təşkilati modellərinin yaradılması da diqqət mərkəzindədir: "Bu baxımdan, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının bu istiqamətli biznes inkubatorunun yaradılması təşəbbüsünü dəstəkləyəcəyik. İnkubatorların yaradılması və inkişafı qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması baxımından əhəmiyyətli olacaq, qadın sahibkarlığı sahəsinə investisiyaların cəlb olunması və maliyyələşmə üçün əlavə imkanlar yaradacaqdır".

O.Məmmədov qeyd edib ki, kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması dəstək tədbirlərinin önəmli istiqamətini təşkil edir: "Agentliyin artıq fəaliyyətdə olan 11 Biznesin dostuna olan müraciətlərin də əsas hissəsi məhz bu istiqamətdədir. Bu istiqamətdə Agentlik hazırda bir sıra mühüm layihələr üzərində işləyir. Maliyyə vəsaitlərinə çıxışın on-line platformasının yaradılmasını xüsusi qeyd etmək istərdim. Bu platforma, maliyyə qurumları və investorlarla sahibkarlar arasında vahid virtual məkanda ünsiyyət imkanı yaradacaqdır. Sahibkarlar bu portal vasitəsilə layihələrini bütün maraqlı tərəflərə, eyni zamanda təqdim etmək imkanına malik olacaqlar ki, bu da vaxt itkisinin minimuma endirilməsinə gətirib çıxaracaqdır. Portal, eyni zamanda, mövcud maliyyələşmə mexanizmlərinə və qurumlarına dair məlumatlandırma funksiyasını da yerinə yetirəcəkdir".

Sədr əlavə edib ki, göstərilən istiqamətlərdə fəaliyyətimizi sahibkarlar, onların ictimai birlikləri ilə yaradılmış səmərəli əməkdaşlıq platformaları əsasında qurulmasına xüsusi önəm verilir: "Agentlik yanında yaradılmış İctimai Şurada təmsil olunan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə əməkdaşlıqdan məmnunluğumu ifadə etməklə yanaşı, bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyimi bildirirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.