İqtisadiyyat

Azərbaycanda yeganə kolxozun sədri işbazlara xəbərdarlıq etdi

13 Noyabr 2018 23:39
2 Şərh     Baxış: 6 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur İvanovka kəndində istehsal edilən məhsullar brendləşdiriləcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu ölkədəki yeganə kolxozun sədri Vasili Novoseltsev deyib.

İvanovka kəndi İsmayıllı rayonunda yerləşir. Kəndin 3 minə yaxın əhalisi var. Burada 200 il əvvəl Rusiyanın mərkəzi rayonlarından Azərbaycana köçürülmüş molokanların nümayəndələri yaşayır. İvanovka sovet dövründən qalmış yeganə kolxozdur.

Kolxoz kənd təsərrüfatı məhsulları istehsal edir və bu məhsullar kolxozun iki mağazasını təmin edir. Həmin mağazalardan biri İsmayıllı rayonunda, digəri isə Bakının mərkəzində yerləşir. Lakin İvanovka məhsullarının əhali arasında öz keyfiyyətinə görə populyarlıq qazandığını görən bəzi işbaz sahibkarlar, "İvanovka" brendindən istifadə edərək öz məhsullarını bazara çıxarırlar.

"Hazırda İvanovka brendi altında çoxlu keyfiyyətsiz məhsul istehsal edilir. Onların qiymətləri hətta maya dəyərindən aşağıdır. Qeyri-sağlam rəqabətlə bağlı bütün məsələlərlə bizim hüquqşünaslar və dövlət standartına məsul olan qurumlar məşğul olacaq. Biz mütləq öz məhsullarımızı brendləşdirəcəyik" - deyə kolxozun rəhbəri bildirib.

Bununla yanaşı, son günlər KİV-də İvanovkanın Bakıdakı mağazasının bağlanması ilə bağlı məlumatlar yayılıb. Lakin Novoseltsev birmənalı surətdə bu məlumatları təkzib edib. Bildirib ki, sadəcə mağazanın satıcıları dəyişdiriləcək.

O, qeyd edib ki, özbaşına bu cür qərarlar qəbul etmək səlahiyyətinə malik deyil, çünki ticarət obyekti kolxozun mülkiyyətidir. Onun sözlərinə görə, bu barədə qərarları ümumi iclas, nəzarət və icra şuraları verir.

Novoseltsev Bakıdakı İvanovka mağazasının rentabelli olmadığı barədə bəyanatlara da münasibətini bildirib.

"Kolxoz İvanovka əhalisini tamamilə ərzaq məhsulları ilə təmin edir, artıq qalan məhsul isə mağazada satışa çıxarılır. Lakin kəndlilər sənaye miqyaslı ərzaq məhsulları istehsal edə bilmir. Rentabelli olmamaq barədə söhbətlər də buradan qaynaqlanır. Amma bu gün kolxozda günəbaxan yağı, süd məhsulları istehsal edilir, çörək bişirilir, un üyüdülür. Digər məhsullara gəlincə, mağaza onları özəl sektordan alır" - deyə kolxoz sədri bildirib.

Novoseltsevin sözlərinə görə, kolxoz mənfəəti artırmaq niyyətindədir. Bu səbəbdən də perspektivdə istehsal ediləcək məhsulların çeşidini artıracaq və hətta öz məhsullarını reklam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.