İqtisadiyyat

Azərbaycan İran vasitəsilə qaz alışını niyə dayandırıb?

6 Noyabr 2018 22:35
1 Şərh     Baxış: 1 000

Azərbaycan İran vasitəsilə gələn qaz idxalını dayandırıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BBC News Azərbaycancaya bildirib ki, qaz alışının ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla əlaqəsi yoxdur.

Bazar ertəsindən qüvvəyə minən sanksiyalara İran iqtisadiyyatının əsasını təşkil edən neft ixracı, ölkənin bankları və bir çox şirkəti məruz qalır.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov səbəbi Azərbaycanın qaz hasilatının "artması" ilə izah edib.

O bildirib ki, əvvəllər Türkmənistandan gələn və İran vasitəsilə ölkəyə daxil olan bu qazı həm ölkənin cənub bölgələrinin qazla təminatı, həm də kommersiya məqsədi üçün istifadə edirdilər.

SOCAR rəsmisi qaz alışının hansı gündən dayandırılması barədə məlumat verməyib.

İbrahim Əhmədov qeyd edir ki, alınan qaz anbarlara yığıldığından ehtiyat var: "Adətən, qaz qış aylarında lazım olur. Biz də yayda aldığımız qazı anbarlara yığırıq, qışda satırıq, ehtiyaclara yönəldirik. Daha gələn yay xaricdən qaz almayacağıq".

Ölkənin cənub bölgəsinin qaz təminatının əvvəlki idxal hesabına həyata keçirildiyini deyən İbrahim Əhmədov bildirib ki, hazırda anbarlarda üç milyard kubmetr qaz tədarük olunub, "bu isə əvvəlki illərlə müqayisədə çoxdur".

"Bu qış üçün Azərbaycanın kifayət qədər qazı var. Əlimizdə olan qaz ehtiyatı həm özümüzün, həm də qaz ixrac etdiyimiz ölkələrin ehtiyacını tam təmin edəcək. 2019-cu il üçün də düşünürük ki, daha Azərbaycanın idxala ehtiyacı olmayacaq", İbrahim Əhmədov vurğulayıb.

2016-cı ilin oktyabrında Azərbaycan, İran və Türkmənistan Azərbaycanın İrandan "swap" əməliyyatı çərçivəsində Türkmənistan qazını alacağı barədə razılığa gəlmişdilər.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Raul · 6 Noyabr 23:3811

    Bəhanə lazım deyil. Dost dar gündə tanınar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.