İqtisadiyyat

""Şimal-Cənub" nəqliyyat dəhlizi beynəlxalq yükdaşımalarda xərclərin azalmasına səbəb olacaq" - FOTO

16 İyul 2018 16:49
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsində Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusovla görüş keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan və Rusiya arasında bütün sahələrdə mehriban qonşuluq və səmərəli əməkdaşlıq əlaqələrindən, qarşılıqlı münasibətlərin inkişafından bəhs edib.

İqbal Babayev iki ölkə arasında gömrük sahəsində də səmərəli və işgüzar əlaqələrin qurulduğunu, birgə layihələrin icra edildiyini, təhlükəsizliyin təmin olunması, fiskal siyasətin həyata keçirilməsi sahəsində qarşılıqlı fəaliyyətin təşkil olunduğunu bildirib. Rusiya Federasiyasının Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu diqqətə çatdıran komitə sədrinin müavini iki ölkənin iqtisadi baxımdan paralel inkişaf etdiyini vurğulayıb.

Qeyd edilib ki, 1995-ci ildən Azərbaycan Gömrük Xidməti ilə Rusiya Gömrük Akademiyası arasında işgüzar əlaqələr qurulub və Azərbaycanın 60-a qədər gömrük əməkdaşı Rusiya Gömrük Akademiyasında təhsil alaraq ixtisaslı kadr kimi gömrük orqanlarında fəaliyyətini davam etdirir. İqbal Babayev Rusiya Gömrük Akademiyasının kadrların hazırlanması sahəsindəki təmənnasız dəstəyini yüksək qiymətləndirdiklərini, 4 il əvvəl yaradılmasına baxmayaraq Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyasının da artıq mühüm nailiyyətlər əldə etdiyini bildirib və iki ölkənin gömrük akademiyaları arasındakı əlaqələrin inkişaf etdirilməsinin ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Komitə sədrinin müavini Azərbaycan gömrüyünün ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılaraq dünya gömrük ailəsinin etibarlı üzvünə çevrildiyini və bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən islahatlar hesabına dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. İqbal Babayev Azərbaycan Gömrük Xidmətinin gömrük işinə dair hazırladığı və həyata keçirdiyi müxtəlif layihələrin beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələr tərəfindən yüksək qiymətləndirildiyini və bir sıra ölkələrə tövsiyə olunduğunu bildirib.

Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusov Azərbaycana ilk dəfə səfər etdiyini və burada gördüklərinin xoş təəssüratlar yaratdığını vurğulayıb. Paytaxt Bakının sürətlə inkişaf etdiyini bildirən rusiyalı qonaq Azərbaycanın ixrac potensialının və hazır məhsul istehsalının sürətlə artdığını qeyd edib. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların artıq nəticə verdiyi qənaətinə gələn Vladimir Mantusov bunun da iqtisadi artıma müsbət təsir göstərən mühüm amillərdən biri olduğunu vurğulayıb.

İki ölkənin birlikdə reallaşdırmağa çalışdığı "Şimal-Cənub" nəqliyyat dəhlizinin əhəmiyyətinə də toxunan rusiyalı qonaq, bu layihənin beynəlxalq yükdaşımalar zamanı xərclərin azalmasına və vaxta qənaət olunmasına, hər iki ölkənin gəlirlərinin artmasına şərait yaradacağını bildirib.

Görüşdə Azərbaycan və Rusiya arasında gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunub.

Sonra qonaq Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və "Hədəf" mərkəzi ilə tanış olub.

Rusiya Gömrük Akademiyasının rəisi ikigünlük səfəri zamanı Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında görüşlər keçirəcək, təhsil müəssisəsinin təlim-tədris bazasıyla tanış olacaq.

Eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Ofisinin fəaliyyətilə tanışlıq nəzərdə tutulur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.