İqtisadiyyat

TANAP region ölkələrinin qlobal telekommunikasiya mərkəzinə çıxışını təmin edəcək - SOCAR Turkey Enerji

12 İyun 2018 07:32
Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "SOCAR Turkey Enerji"nin (SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkətiinin Türkiyədə törəmə şirkəti) baş direktoru Zaur Qəhrəmanovun Trend-ə müsahibəsini təqdim edir:

"SOCAR Fiber" layihəsinin reallaşdırılması hazırda hansı səviyyədədir? İşlərin neçə faizi başa çatıb və şəbəkə nə vaxt işə salınacaq?

- "SOCAR Fiber" layihəsində tikinti işləri TANAP boru xəttinin inşası ilə paralel aparılır və hazırda layihədə mühəndislik və inşaat işlərinin 90%-dən çoxu tamamlanıb. Layihənin Türkiyə-Gürcüstan sərhədindən Əskişəhər şəhərinə qədər olan hissəsində fiber-optik kabellərin çəkilişi başa çatıb. TANAP boru xəttinin inşaat təqviminə uyğun olaraq, 2019-cu ilin ikinci yarısında, Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər tikinti işlərinin tamamlanması ilə birlikdə, "SOCAR Fiber" optik şəbəkəsi istismara hazır olacaq.

- Fiber-optik kabelin uzunluğu nə qədərdir? Layihənin həyata keçirilməsində hansısa şirkətlə əməkdaşlıq edilirmi?

- TANAP boru xətti ilə birlikdə inşa edilən iki ədəd fiber-optik kabelin hər birinin ümumi uzunluğu 1850 km-dir. Layihənin həyata keçirilməsində TANAP layihəsindəki tikinti firmaları ilə əməkdaşlıq edilir.

 

- Bu layihənin məqsədi nədən ibarətdir? Layihə Türkiyənin İT sahəsində hansı rolu oynayacaq?

- Layihənin əsas məqsədi Türkiyə və region ölkələrinin qlobal telekommunikasiya mərkəzlərinə yeni və daha təhlükəsiz marşrut vasitəsilə çıxışının təmin edilməsidir. Həmçinin məlumatların ötürülməsi ilə bağlı gündən-günə artan tələblər və bu tələblərin qarşılanması üçün rabitə şirkətlərinin yeni fiber-optik xətlərə ehtiyac duyması, SOCAR-ın TANAP inşaat işləri ilə sinerji çərçivəsində belə bir layihənin həyata keçirilməsini zəruri edir. "SOCAR Fiber" Türkiyənin İT bazarında modern və daha etibarlı fiber-optik xətt üzərindən məlumat mübadiləsi xidmətləri təklif etməyi planlaşdırır.

- "SOCAR Fiber" layihəsinin dəyəri nə qədərdir? Layihənin reallaşdırılması prosesinə nə qədər vəsait qoyulub?

- "SOCAR Fiber" layihəsi TANAP layihəsi ilə birlikdə həyata keçirildiyi üçün layihə tamamlandıqdan sonra yekun məlumatların verilməsi daha doğru olacaq. Layihənin tamamlanması ilə birlikdə bu məlumatları kütləvi informasiya vasitələri ilə paylaşacağıq.

- Bu şəbəkə Azərbaycanın kabel infrastrukturu ilə birləşəcəkmi?

- Layihənin sonrakı mərhələlərində fiber-optik kabel infrastrukturunun mövcud və yeni inşa ediləcək neft və qaz boru kəmərləri boyunca müxtəlif istiqamətlərdə genişləndirilməsi və keçdiyi ölkələrin rabitə xətlərinə inteqrasiya edilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.