İqtisadiyyat

Baronessa Nikolson: "Böyük Britaniya Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir"

12 Mart 2018 07:55
Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıq çox yüksək səviyyədədir.

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi, baronessa Emma Nikolson deyib.

O deyib: "Böyük Britaniya Azərbaycanda ən böyük investorlardandır və Bakıda 500-dən çox Britaniya şirkəti işləyir. BP Azərbaycanda ən iri xarici investordur və Azərbaycan hökumətinə öz iqtisadiyyatını inkişaf etdirməyə kömək edib".

Onun sözlərinə görə, son iki il ərzində iki ölkə arasında münasibətlər neft-qaz sektorunda Tərəfdaşlıq proqramının və hökumətlərarası komissiyanın yaradılması sayəsində daha da möhkəmlənib. Bu, Böyük Britaniya və Azərbaycan şirkətləri arasında 27 yeni sazişin imzalanmasına gətirib çıxarıb:

"Həm Azərbaycan, həm də Böyük Britaniya mövcud əməkdaşlıq səviyyəsini əsas götürərək onu yeni sahələr üzrə genişləndirmək niyyətindədir. Mənim 2018-ci ilin fevralında Azərbaycana səfərim zamanı biz razılaşdıq ki, əməkdaşlığımızı səhiyyə, kənd təsərrüfatı, kosmik texnologiyalar, aviasiya və vergi islahatları sahələrində inkişaf etdirək".

Baronessa qeyd edib ki, 2017-ci ilin dekabrında hökumətlərarası komissiyanın sonuncu iclası zamanı Böyük Britaniya ilə Azərbaycanın ticarət əməkdaşlığının bir sıra sektorlarda genişləndirilməsinə təkan verildi:

"Böyük Britaniya bu səyləri dəstəkləyir və ixrac maliyyələşdirilməsi üzrə təklifi 1,8 milyard funt sterlinqdən 2,8 milyardadək yüksəldib. Həmçinin, Böyük Britaniya BP-nin əməliyyatlarını və Azərbaycanda enerji sektorunu dəstəkləməkdə davam edəcək. Biz həmçinin, külək, günəş və su enerjiləri daxil olmaqla bərpa oluna bilən enerji mənbələri sektorunda imkanları nəzərdən keçiririk".

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra iki ölkə arasındakı münasibətlərə toxunan baronessa vurğulayıb ki, Azərbaycanla münasibətlər əvvəl olduğu kimi inkişafını davam etdirəcək:

"Mən hesab edirəm ki, münasibətlərimiz inkişaf edəcək, çünki Böyük Britaniya bütün dünyada əlaqələr qurur. Xəzər regionu əməkdaşlığın genişlənməsi üçün ən yaxşı imkanlardandır, çünki Azərbaycan öz strateji coğrafi mövqeyindən, enerji ehtiyatlarından və nəqliyyat əlaqələrindən maksimal dərəcədə istifadə edir".

Baronessa həmçinin "Cənub Qaz Dəhlizi" layihəsinə toxunaraq bildirib ki, bu layihə regionun və Avropanın ümüumi enerji təhlükəsizliyinə böyük töhfə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.