İqtisadiyyat

""Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasından biz hamımız faydalanacağıq"

14 Fevral 2018 22:17
Baxış: 562

"Cənub Qaz Dəhlizi" layihəsi Avropanın, xüsusilə də Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi həssas regionların enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.

Milli.Az bildirir ki, bunu Trend-ə Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.

M.Şevçoviçin sözlərinə görə, bu layihə Avropanın enerji təminatı mənbələrini və tranzit marşrutlarını diversifikasiyalaşdırmağa kömək edəcək: "Nəticədə biz hamımız Avropa İttifaqı ilə Xəzər regionu arasındakı bu "körpü"dən fayda görəcəyik. Çünki bizim uzunmüddətli məqsədimiz azad ticarət, rəqabət və diversifikasiyalaşdırılmış tədarük, mənbə və marşrutlara əsaslann ümumavropa enerji bazarının yaradılmasıdır".

M.Şevçoviç daha sonra fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının dördüncü nazirlər iclası zamanı planlaşdırılan müzakirələrdən danışıb: "Dördüncü iclasda mən səbrsizliklə "Cənub Qaz Dəhlizi"nə daxil olan layihələrin reallaşdırılması üzrə operator və konsorsiumlardan yenilənmiş məlumatları gözləyirəm. Əldə olunmuş irəliləyişdən əlavə biz həmçinin qarşımızda duran çətinlikləri müzakirə edəcəyik ki, "Cənub Qaz Dəhlizi" tikintisinin vaxtlı-vaxtında başa çatması təmin olunsun".

Avropa Komissiyasının rəsmisi deyib ki, iclas zamanı o, Avropanın bu strateji layihənin icrasına sadiqliyini vurğulamaq niyyətindədir: "Mən şadam ki, Bakıya Avropa İnvestisiya Bankının Transadriatik boru kəmərinin (TAP) tikintisi üçün 1,5 milyard avro dəyərində krediti təsdiq etməsi barədə müsbət xəbərlə gəlirəm". O əlavə edib ki, bu kredit TAP-a beynəlxalq maliyyə müəssisəsi tərəfindən edilən ən böyük töhfədir.

M.Şevçoviç onu da vurğulayıb ki, "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının yaradıldığı andan dörd il ərzində enerji sahəsində böyük dəyişikliklər baş verib: "Ona görə də, bu Məşvərət Şurası yeni tendensiyaların müzakirəsi üçün yaxşı platforma ola bilər".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.