İqtisadiyyat

Azərbaycan və Böyük Britaniya mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

14 Fevral 2018 18:15
Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan Hava Yolları" (AZAL) QSC-də danışıqlar aparıb.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüşdə tərəflər iki ölkənin siyasi və iqtisadi sahələrdə əməkdaşlığından məmnunluğunu bildiriblər. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan möhkəm təmələ əsaslanan Azərbaycan mülki aviasiyası bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz dayanıqlı inkişafını davam etdirir.

Böyük Britaniya şirkətləri ilə əməkdaşlıq 1999-cu ildən ümummilli lider Heydər Əliyevin göstərişi ilə Azərbaycana "Roll-Royce" şirkətinin mühərrikləri ilə təchiz olunmuş "Boeing 757" təyyarəsinin gətirilməsi ilə başlayıb.

Hazırda AZAL və "Silk Way Airlines" aviaşirkətlərinin donanmasının bir hissəsi Böyük Britaniyanın dünya sənayesinin liderlərindən biri olan "Roll-Royce" şirkətinin mühərrikləri ilə təchiz olunub. Bu kimi irimiqyaslı layihələr Azərbaycanın mülki aviasiyasını Britaniya şirkətlərinin cəlb olunduğu ən iri sahələrindən birinə çevirib.

Görüşdə həmçinin qeyd olunub ki, "Azərbaycan Hava Yolları"nın ilk beynəlxalq istiqamətlərindən biri London olub. Hazırda bu istiqamətdə uçuşlar müasir "Boeing 787 Dreamliner" təyyarəsi ilə yerinə yetirilir.

E.Nikolson bildirib ki, Azərbaycanın mülki aviasiyası böyük potensiala malikdir və Britaniya istehsalçıları və investorlarının fəaliyyəti üçün çox cəlbedicidir.

Görüşün yekunlarına əsasən tərəflər bu sahədə Britaniya şirkətlərinin uğurlu əməkdaşlığına ümidvar olduqlarını bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.