İqtisadiyyat

Ərəblər Azərbaycan ətinə dadanıb: ixracat da, qiymətlər də artıb

21 Oktyabr 2017 15:24
1 Şərh     Baxış: 3 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda  daxili bazarda ətin qiymətinin gündən-günə artdığı bir vaxtda məlum olub ki, ölkəmizdən  ərəb ölkələrinə ət ixrac olunur. Belə ki, 2017-ci ildə Gömrük Komitəsi ilk dəfə hesabatında Azərbaycanın ət, ət məhsulları, hətta mal-qara ixracını artırması barədə məlumat verib. 2017-ci ilin I yarısında diri çəkidə 907 min dollar məbləğində mal ixrac edilib. Bu, 2016-cı ilin eyni dövründəkindən (236,5 min dollar) 384% çoxdur.  Ət və ət məhsulları ixracı 2017-ci ilin I yarısında 159,8 min dollar olub. Bu, 2016-cı ilin eyni dövründəkindən (53,4 min dollar) 299% çoxdur. Süd məhsulları, yumurta və bal ixracında (2016-cı ilin 6 ayında 788,8 min dollar, 2017-ci ilin 6 ayında 3806,5 min dollar) 489% artım olub.

Azərbaycanın ət və süd məhsullarının əsas idxalçıları Körfəzin ərəb ölkələri olub. Qətərin "Lulu Group İnternational" şirkətinin direktoru Məhəmməd Altaf bildirib ki, Qətərin iqtisadi blokadasına qədər ölkə biznesmenləri Azərbaycan və qonşu ölkələrdən məhsul idxalı ilə maraqlanmayıb. "Amma hazırda Azərbaycan və qonşu ölkələr İranın razılığı ilə Bəndər Abbas limanına çıxa bilir. Bu, limandan Qətərə malı 24 saata çatdırmağa imkan verir ", - deyə, Altaf bildirib. Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Abdullayev ərəblərin Azərbaycanın ət məhsullarına marağını təsdiq edir.

Azərbaycandan ət, ət məhsulları, diri mal-qaranın ərəb ölkələrinə ixracının kəskin artmasına bu ölkələrdən Azərbaycana turist axınının artması ilə izah etmək olar. Belə ki, ərəb ölkələrindən gələn  turistlərin burada yedikləri ətin dadını daha çox bəyəndikləri və ölkələrinə xırdabuynuzlu heyvanlar idxal etdikləri barədə məlumatlar var idi. Ancaq Azərbaycan xaricə ət məhsulları ixrac etməyə başlasa da,  ölkədə ət məhsulları istehsalı az artıb. Hətta daxili bazarda qıtlıq olduğundan qiymətlərdə də kəskin artım müşahidə olunur.  Dövlət Statistika Komitəsinin  məlumatına görə, 2017-ci ilin I yarısında ət istehsalı 2,4% artaraq, 312,6 min tona çatıb. Bu, yerli bazarın tələbinin 34%-i təmin edir.

Hazırda ölkəmizdə heyvandarlıqla məşğul olan fermerlər yem bazasının az olmasından ciddi əziyyət çəkirlər. Rayonlarda ot bağlamalarının qiyməti hədsiz bahalaşıb. Qış aylarından isə qiymətlərin daha da artması gözlənilir. Bundan başqa regionlarda istifadəsiz qalan örüş yerlərinin də strateji məhsulların əkininə yönəldilməsi ot yığımına da ciddi təsir edib. Otlaq sahələrində pambıq, tütün, şəkər çuğurduru və digər strateji məhulların əkilməsi heyvandarlığa ciddi təsir edib. Yemi pulla alaraq heyvan bəsləmək isə fermerlər üçün heç də hər zaman sərfəli olmur. Bu baxımdan ölkədə ət istehsalı azalıb. Nəticədə 2016-2017-ci illər ərzində xaricdən 28 milyon 696 min dollarlıq diri heyvan, 38 milyon 622 min dollarlıq ət və əlavə ət qida məhsulları idxal olunub.

Bunun müqabilində xarici ölkələrə ət ixrac edilməsi  daxili bazarı daha da çətin vəziyyətdə qoyur.  Lakin istənilən halda ixracın artması və Azərbaycan məhsullarının yeni bazarlara çıxarılması müsbət haldır.

Milli.Az bildirir ki, mövzu ilə bağlı fikirlərini "Yeni Müsavat"la bölüşən  iqtisadçı ekspert Vüqar Bayramov  bildirdi ki, Azərbaycandan ət ixracının artması gözlənilən idi: " Çünki Azərbaycan əti keyfiyyətlidir və buna görə də, ixrac imkanları daha çoxdur. Həmçinin Yaxın Şərq və Körfəz ölkələrinə ixrac imkanları var. Bizim yerli istehsal isə tələbatı tam ödəmədiyi üçün bu qiymətlərə təsir göstərir və gələcəkdə də təsir göstərəcək. Bir tərəfdən yerli istehlakın daxili istehsal hesabına tam  ödənilməsi mümkün deyil, digər tərəfdən qeyri-neft sektorunun ixracatı kimi ət məhsullarının da ixracatı prioritetdir. Təbii ki, fermerlərə və ya sahibkarlara göstəriş verilə bilməz ki, məhsulunu Azərbaycanda və ya xaricdə satsın. Praktik olaraq belə bir hal mümkün deyil. Fermerlər məhsulunu xaricə satmaq istəyirsə, ona ixrac imkanları yaradılmalıdır, qadağalar olmamalıdır. Ancaq yaxşı olar ki, daxili tələbat da yerli istehsal hesabına ödənilsin və qiymət artımları baş verməsin".

Ekspertin sözlərinə görə, son dövrlər ətin qiymətinin artmasının səbəblərinə diqqət yetirsək görərik ki, artımın əsas  səbəbi yemin bahalaşmasıdır: "Yem məhsullarının qiymətinin artması xərcin artmasına gətirib çıxarır, nəticədə bu da qiymət artımları ilə müşahidə olunur. Ona görə də, daha məqsədəuyğun olar ki, yem məhsullarının qiymətlərinin tənzimlənməsi və optimallaşdırılması ilə bağlı hökumət tərəfindən addımlar  atılsın. Bu ucuz yem məhsullarının ölkəyə idxalı ilə formasında da ola bilər, yem istehsal edənlərə yeni subsidiyalar verilməsi formasında da ola bilər. Yemin qiymətinin aşağı salınması nəticə etibarilə xərcin aşağı salınmasına və ət məhsullarının qiymətinin tənzimlənməsinə səbəb ola bilər. Bu həm də imkan verəcək ki, heyvandarlıq sektoruna daha böyük investisiya cəlb etmək mümkün olsun. Hətta müəyyən dövr üçün ölkəyə qiyməti nisbətən aşağı olan ət məhsullarının  idxalının həyata keçirilməsi də məqsədəuyğun olar ki, ət məhsullarına olan tələb qiyməti daha optimal olan ət məhsulları hesabına ödənilə bilsin".

V.Bayramov vurğuladı ki, heç bir halda  ixracın  məhdudlaşdırılması arzuolunan deyil: "Sadəcə qeyd etdiyimiz tədbirləri həyata keçirməklə bu məhsulların qiymətini azaltmaq və tənzimləmək mümkün olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.