İqtisadiyyat

"Bank of Albania": TAP layihəsi tikinti sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək

14 Avqust 2017 20:28
0 Şərh     Baxış: 2 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Trans-Adriatik" (TAP) qaz boru kəməri layihəsi üzrə Albaniyada birbaşa xarici investisiyalar axınının artımı ölkənin tikinti sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Albaniya Bankının ("Bank of Albania") yarım illik hesabatında deyilir.

Bildirilir ki, hesabat dövründə TAP layihəsi ilə əlaqəli xüsusi idxal məmulatları artım göstərib.

Qeyd edək ki, indiyədək Albaniyada TAP-ın inşası üzrə 133 kilometr ərazi təmizlənib, 127 kilometr məsafədə borular xətt boyunca düzülüb. Boruların 118 kilometri qaynaq edilib. Təxminən 99 kilometr boru isə qaynaq edildikdən sonra torpaq altına basdırılıb. Xətt boyunca 59 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.

TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə Albaniyanın qərbində - Fierdə kompressor stansiyasının, ölkənin şərqindəki Bilisht regionuna yaxın ərazidə isə bir ölçmə stansiyasının inşası aparılır. Kəmərin Albaniya hissəsinin inşasında istifadə ediləcək 13 min borunun isə hamısı bu ölkədəki Durres limanına çatdırılıb.

Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi artıq başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolun, iki yeni körpünün tikintisi və 40 körpünün əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. Bu il Albaniyada TAP layihəsinə sərmayə qoyuluşu 400 milyon avro civarında olacaq. Ümumilikdə, TAP-ın Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək.

Albaniya Bankı tərəfindən yayılan məlumata görə, ötən il bu ölkədə TAP layihəsinə yatırılan 369 milyon avro dəyərindəki sərmayə birbaşa xarici investisiyaların ümumi həcminin 40 faizini təşkil edib.

Xatırladaq ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 47 faizi icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxildir. "Şahdəniz" konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilin əvvəllərinə planlaşdırılır. Bu yaxınlarda layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3500 kilometr uzunluğundakı "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, "Şahdəniz-2"dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə - Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada "Snam Rete Gas" şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan-550 kilometr, Albaniya-215 kilometr, Adriatik dənizi-105 kilometr, İtaliya-8 kilometr), diametri isə 48 düymdür. Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları arasında bölgü belədir: BP - 20 faiz, "Cənub Qaz Dəhlizi" QSC - 20 faiz, "Snam S.p.A." - 20 faiz, "Fluxys" - 19 faiz, "Enagás" - 16 faiz və "Axpo" - 5 faiz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.