İqtisadiyyat

Azərbaycan Avropanın qaza artan tələbatını qarşılamaqda mühüm rol oynayacaq

10 İyul 2017 11:18
Baxış: 2 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şahdəniz" layihəsinə qədər Azərbaycan dünyada sadəcə neft ixracatçısı kimi tanınırdısa, bu layihədən sonra həm də etibarlı qaz ixracatçısı siyahısına daxil olub.

Milli.Az report.az-a istinadən bildirir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün İstanbulda işini plenar iclaslarda davam etdirən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib. 

"Biz artıq 10 ildir strateji tərəfdaşlarımız olan Gürcüstan və Türkiyəyə bu layihədən olan qazı ixrac edir və bu ölkələrin enerji təminatına dəyərli töhfə veririk. "Şahdəniz" layihəsinin işlənməsinin ikinci mərhələsi isə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində inkişaf edir. 40 mlrd. dollarlıq sərmayə dəyəri ilə qlobal miqyaslı layihə olan Cənub Qaz Dəhlizi Türkiyə və Avropanın enerji təminatı baxımından strateji əhəmiyyət daşıyır", - deyə SOCAR başçısı vurğulayıb.
R.Abdullayev qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın, Türkiyənin və Avropanın uzunmüddətli maraqlarına tam uyğun olan bir layihədir: "Xəzər hövzəsindən Qərbi Avropaya qədər bir çox ölkələri əhatə edən bu əməkdaşlıq layihəsi iqtisadi maraqlar üzərində qurulub, kommersiya baxımından bütün tərəflər üçün əlverişlidir. Qarşıdakı illərdə Azərbaycan qazı digər tədarükçülərlə yanaşı Avropanın təbii qaza artan tələbatını qarşılamaqda mühüm rol oynayacaq".

***
"Avropa İttifaqı ölkələrində istehlak artmaqda, hasilat isə azalmaqdadır. 2016-cı ildə Aİ-də təbii qazın istehlakı 7,1% artıb, hasilat isə 1,6% azalıb. Bu da onu göstərir ki, gələcəkdə Avropanın yeni və alternativ mənbələrə ehtiyacı olacaq. Proqnozlara görə, Aİ-nın təbii qaz idxalından asılılığı 2030-cü ildə indiki 67%-dən 84%-ə qalxacaq. Biz Cənub Qaz Dəhlizini işə salmaqla Avropanın təmiz enerji ilə təmin olunmasında iştirak etməklə, həm enerji təhülkəsizliyinə, həm də ətraf mühitin qorunmasına öz töhvəmizi verə biləcəyik", - deyə SOCAR prezidenti əlavə edib.
R.Abdullayev bildirib ki, hazırda Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə işlər qrafikə uyğun həyata keçirilir: "Uzunluğu 3 500 km və 4 seqmentdən ibarətdən olan Cənub Qaz Dəhlizinin ilk seqmenti "Şahdəniz-2" layihəsi, sonrakı seqmentləri isə müvafiq olaraq Cənubi Qafqaz Boru kəmərinin genişlənməsi, TANAP və TAP boru kəmərlərinin inşası layihələridir. Hazırda bütün seqmentlər üzrə işlər qrafikə uyğun həyata keçirilir. "Şahdəniz 2" layihəsi üzrə nəzərdə tutulan işlərin 94%-i, Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi üzrə 87%, TANAP üzrə bütövlükdə 77%, Türkiyəni qazla təchiz edəcək Əskişəhərə qədər hissənin tikintisinin 85%, TAP üzrə isə 45%-i başa çatıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.