İqtisadiyyat

Unibank öz nizamnamə kapitalını 70% artırdı

19 İyun 2017 14:57
Baxış: 1 702

Unibank KB ASC-nin səhmdarları və menecmenti bankın kapitallaşmasının birinci mərhələsinin bitdiyi haqda açıqlama yayıblar.

Bu gün Bakı Fond Birjasında ümumi dəyəri 49 milyon manatdan artıq olan 18, 059 min ədəd səhmin  yerləşdirilməsi həyata keçirilib. Səhmlər mövcud səhmdarlar tərəfindən alınıb. Hazırda bu prosesin yekun mərhələsi olan dövlət orqanları və Bakı Fond Birjası tərəfindən hüquqi və texniki rəsmiləşdirmə işləri aparılır. Bunun  nəticəsində Unibankın nizamnamə kapitalı  119 milyon manata çatdırılıb. Bu isə bankın nizamnamə kapitalının 70%-dək artması deməkdir

Səhmlərin yerləşdirilməsinin nəticəsində səhmdarların strukturunda dəyişikliklər baş verib. Beynəlxalq maliyyə institutları olan DEG və AYİB-in payı 49,5 %, yerli fiziki şəxs olan səhmdarların payı isə 50,5% təşkil edib.  Ayrılıqda isə  "DEG"  Almaniya İnvestisiya Şirkətinin payı 27,6%-ə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı isə 21,9%-ə çatıb.

Bankın yenidən kapitallaşdırılması proqramı səhmdarların 18 aprel 2017-ci il tarixli ümumi  yığıncağında qəbul edilib. Bu qərar mövcud makroiqtisadi şokdan sonra yaranmış itkilərin kompensasiyası və bankın, post-neft dövründə kapital bazasının daha da möhkəmləndirilməsi və inkişafına xidmət edəcək.

Bankın növbəti səhm buraxılışınının uğurlu yerləşdirilməsi xarici və yerli investorların Unibanka olan mövcud inamının göstəricisidir.

Bankın fəaliyyət göstərdiyi 25 il ərzində göstərilən dəyişməz dəstək və inama görə bütün səhmdarlarına və müştərilərinə dərin minnətdarlığını çatdıran bank menecmenti, qəbul edilmiş 2017-2020-ci il üçün strateji inkişaf planında qeyd edilən bütün hədəflərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirir.  

Unibank, ölkənin aparıcı maliyyə təsisatlarından biridir. Hazırda bank  940 mindən artıq fərdi  və 10 mindən çox korporativ müştərilərə xidmət göstərir.

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.