İqtisadiyyat

Yohannes Han: "Azərbaycan-Aİ yeni tərəfdaşlıq sənədi əlaqələrin genişlənməsində əhəmiyyətli olacaq" - FOTO

17 İyun 2017 16:24
Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının (Aİ) genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Aİ arasında əməkdaşlığın bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və s. sahələrdə inkişaf etdiyini, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu vurğulayıb. Qeyd olunub ki, Aİ ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 38%, ölkəmizin qeyri-neft sektoruna birbaşa investisiya qoyuluşunda isə 35%-dir. Aİ-ə üzv ölkələrlə strateji tərəfdaşlıq sənədləri, ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviq və qorunması haqqında sazişlər imzalanıb. Azərbaycanın dövlət qurumları texniki yardım alətləri çərçivəsində əməkdaşlıq edir. Ötən həftə Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumu iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətlidir.

Ş.Mustafayev Azərbaycanın nəqliyyat və energetika sahələrində Aİ ilə əməkdaşlığa önəm verdiyini bildirib, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdirildiyini, limanda azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın fəaliyyət göstərəcəyini və bunun üçün müvafiq hüquqi rejimin yaradıldığını, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb. Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edən İqtisadiyyat naziri Azərbaycan üçün qeyri-neft sektorunun prioritetliyini vurğulayıb, ölkə iqtisadiyyatının diversifikasiyası, eləcə də son zamanlar həyata keçirilən kompleks islahatlar barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Aİ ilə iqtisadiyyatın və ixracın diversifikasiyası, qeyri-neft ixracının və investisiyaların təşviqi, sahibkarlığın inkişafı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Milli Qurtuluş Günü münasibətilə İqtisadiyyat nazirini təbrik edib, əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağı qeyd edərək, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, Azərbaycan və Aİ arasındakı yeni tərəfdaşlıq sənədi əlaqlərin genişlənməsində əhəmiyyətli olacaq. Yohannes Han İqtisadiyyat nazirini Brüsselə səfərə dəvət edib.

Görüşdə Azərbaycan ilə Aİ arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafına, viza rejiminin sadələşdirilməsinə, Azərbaycan və Aİ arasındakı yeni tərəfdaşlıq sənədinə dair fikir mübadiləsi aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.