İqtisadiyyat

Neftin qiyməti yenə enib - Yeni "iqtisadi zəlzələ" olacaq?

9 May 2017 07:29
Baxış: 2 895

Ötən həftə dünya bazarların neftin qiymətində yenidən eniş müşahidə edilməyə başladı. Cəmi bir neçə günə neftin bir barelinin qiyməti 50 dollarlıq psixoloji səddən aşağı düşdü. Həftəsonu "AzeriLight" markalı neftin 1 bareli 49,94 dollara təklif edilib.

Çoxları hesab edir ki, bu ABŞ prezidenti Donald Trampın Amerikada kontinental şelfdə dərin sulu neft-qaz yataqlarının kəşfiyyatı və istismarına icazə verən qərarı ilə əlaqədardır, bəziləri isə bunu normal hesab edir və bazarın qaydalarına uyğun olduğunu deyir. Bəziləri bu enişdən ciddi narahatlıq keçirir, digərləri isə onun müvəqqəti olacağını düşünür.

Yaranmış vəziyyəti Milli.Az-a şərh edən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma şöbəsinin aparıcı elmi işçisi, enerji məsələləri üzrə ekspert Gülmirə Rzayevanın sözlərinə görə,  təcrübə göstərir ki, yüksək siyasi səviyyələrdə verilən bəyanatlar neftin dünya bazarındakı qiymətlərinə dərhal təsir göstərir:

"Bu, daha çox bazarın bəyanata əsəbi reaksiyasıdır. Lakin bu təsir adətən uzun müddət davam eləmir. Çünki neftin qiyməti iqtisadiyyatın bildiyimiz qanunlarına əsasən, təbii yolla düşmür. Adətən ya OPEC-ə üzv dövlətlərin hansınınsa, ya da hansısa neft ixrac edən, yaxud bazarda müəyyən yerə sahib olan böyük dövlətin başçısının bəyanatları bazarda əsəbi reaksiya yaradır və neftin qiymətlərinə təsir göstərir. Yəni bu halda neftin qiyməti bir müddət aşağı və ya yuxarı olur. Lakin bu proseslər tələb-təklif üzərində qurulmadığı üçün adətən qısa müddətli xarakter daşıyırlar və bir müddətdən sonra qiymələr öz təbii dəhlizinə qayıdır. Artıq bir neçə müddətdir qiymət dəhlizi 45-55 dollar civarındadır, bu diapazonda dəyişir və yəqin ki, belə də davam edəcək. Düzdür, son günlər neftin qiyməti 50 dollarlıq psixoloji həddi keçərək düşüb, amma hələ ki, dəhlizdəki ən aşağı həddə, yəni 45 dollara gəlib çatmayıb". 

Ekspertin fikrincə, qiymətlərin həmin minimuma enməsi tələb-təklifdən asılıdır: "Bir müddət əvvəl OPEC-in neft hasilatını azaltmaq barədə qərar qəbul etməsinin səbəbi var idi. Çünki artıq bir neçə ildir ki, dünya bazarında təklif tələbdən günlük təxminən 1,5 milyon barel çox olurdu. Ona görə də təbii ki, belə bir qərarın qəbul edilməsi qaçılmaz idi. Bu səbəbdən belə qərara gəldilər ki, ən azından tələb-təklifi bərabərləşdirsinlər. Buna neft hasilatını azaltmaqla nail oldular. Bundan sonra gördük ki, neftin qiyməti indiki təbii həddinə gəlib çatdı. Hazırda tələb və təklif bərabərdir. İyun ayında OPEC-in növbəti qərar verəcəyi gözlənilir. Əgər yenə də neft hasilatı və ixracının azaltması barədə qərarı qüvvədə saxlasalar, yəqin ki, qiymətlər belə də qalacaq. Yox, əgər davam etməsələr və təklif tələbi üstələməyə başlasa, o zaman qiymətlər dəhlizin ən aşağı həddinə, hətta ondan da aşağı düşə bilər".

Trampın qərarına gəlincə, G.Rzayeva hesab edir ki, onun qiymətlərə təsiri qısa müddətli olacaq: "Trampın qərarının icrası bir neçə il vaxt alacaq. Orada qiymətlərə təsir edən məqam odur ki, Amerikada kontinental şelfdə dərin sulu neft-qaz yataqlarının kəşfiyyatına, istismarına və s. icazə verilir. Əslində bu, geoloji baxımdan çox uzunmüddətli və bir neçə mərhələdən ibarət prosesdir. Bundan əlavə, həmin yataqların işlənməsi çox baha başa gəlir. Həm ərazilərin geoloji baxımdan çətin şelfdə yerləşməsi, həm də hazırki qiymətlərin səviyyəsi imkan vermir ki, istər ABŞ şirkətləri, istərsə də digər beynəlxalq şirkətlər ora milyon və ya milyardlarla pul yatırsınlar. Yəni həmin yataqların kəşfi və işlənməsi dərhal baş verməyəcək. Təbii ki, Tramp müəyyən bəyanatlar verə bilər, çünki o, enerji mütəxəssisi, yaxud geoloq deyil. Amma istənilən mütəxəssis buna çox skeptik yanaşar. Əgər ilk mərhələdən başlansa, o zaman yatağın işlənməsi və hasilat prosesi təxminən 7-8 il çəkəcək. Ona görə də hesab edirəm ki, Trampın bəyanatı yalnız siyasi xarakterlidir və onun neftin qiymətinə təsiri də qısamüddətli olacaq".

Qeyd edək ki, Dünya Bankının rəsmi nümayəndəsi Con Baffes də bildirib ki, neft qiymətlərinin aşağı düşməsində narahatlığa əsas yoxdur: "Biz bu kimi dəyişiklikləri çox görmüşük. Düzdür, son üç gün ərzində neftin qiyməti 5%-dən çox aşağı düşüb. Lakin mən son qiymət tənəzzülünü ilin sonunadək baş verəcək göstərici kimi qəbul etməzdim".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.