"Sumqayıt şəhəri 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə yerləşən və istismar müddətini başa vuran binalar söküləcək".
Milli.Az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.
O, bildirib ki, ilkin mərhələdə 13 qəzalı binada söküntü işləri görüləcək:
"Bu binalar, əsasən, 1945-55-ci illərdə inşa edilib və təxminən 75 ildən artıqdır ki, istismar olunur. Sözügedən binalar bir və iki mərtəbəlidir. Bu proses nəticəsində 1 000-dən çox ailənin köçürüləcəyi gözlənilir. Sökülməsi planlaşdırılan binalar arasında "fin evi" kimi tanınan tikililər də var. Həmin tikililər ikimərtəbəli olmaqla uzunmüddətli istismar üçün uyğun hesab edilmir. Bu binaların da sökülməsi gözlənilir. Söküntü prosesində əsas məqsəd həmin binalarda yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və onların yeni yaşayış mənzilləri ilə təmin olunmasıdır.
Hazırda 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə qəzalı binaların mövcud olduğuna dair məlumatlar mövcuddur. Layihəyə uyğun olaraq, həmin ərazilərdə söküntü işləri aparılacaq".
Sakinlərə hansı məbləğdə kompensasiya verilə bilər?
Sədr söküləcək binalarla bağlı kompensasiyaların verilməsi məsələsinə də aydınlıq gətirib:
"Biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq, ilkin hesablamalar aparmışıq. Mən hesab edirəm ki, Sumqayıt ərazisində yerləşməsindən asılı olaraq, bir kvadratmetr üçün kompensasiya məbləğinin təqribən 2000-2500 manat civarında olması məqsədəuyğundur. Hazırda mövcud qiymətləndirmələrdə bu rəqəm təxminən 1500 manat təşkil edir ki, qeyd edilən məbləğlə həmin ərazilərdə yeni mənzil almaq mümkün deyil. Çünki bu, yalnız qəzalı binanın mövcud bazar dəyərini əks etdirir. Lakin kompensasiya məbləği 2000-2500 manat aralığında müəyyən olunarsa, Sumqayıt ərazisində yeni tikililərdən mənzil əldə etmək mümkün ola bilər.
Kompensasiya verilməsi zamanı bir şərtin tətbiq olunmasını da məqsədəuyğun hesab edirəm. Belə ki, verilən kompensasiya məbləği ilə Sumqayıt sakinləri yalnız Sumqayıt şəhəri ərazisində mənzil almaq hüququna malik olsunlar. Çünki vətəndaşların başqa şəhərlərə köçməsi ehtimalı da mövcuddur. Sumqayıt inkişaf etməli, böyüməli və ölkənin əsas şəhər, sənaye mərkəzlərindən biri kimi mövqeyini gücləndirməlidir.
Əgər köhnə binaların yerində parklar salınacaq və ya yollar genişləndiriləcəksə, bu halda sakinlərə kompensasiya ödəniləcək. Həmin kompensasiya məbləği vətəndaşlara ən azı bir kilometr radiusda yerləşən yeni tikililərdən mənzil əldə etməyə imkan yaratmalıdır.
Proses artıq başlayıb. Əldə etdiyimiz məlumatlara görə, ilkin mərhələdə bir sıra ərazilərdə bina sakinləri məlumatlandırılıblar".
O vurğulayıb ki, hazırda Sumqayıt ərazisində söküləcək olan 21 bina və 450-dən çox mənzilin olduğuna dair məlumatlar var:
"Prosesin əhatə dairəsi genişləndiriləndən sonra söküləcək binaların sayının 40-a, mənzillərin sayının isə 1500-ə çatacağı gözlənilir".
Vüqar Oruc onu da qeyd edib ki, həm Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı çərçivəsində, həm də Azərbaycan Respublikası ərazisində qəzalı binaların risk yaratması səbəbindən sökülməsi və onların yerində yeni binaların inşa olunması istiqamətində müəyyən qərarlar qəbul edilib:
"Həmin qərarlar müvafiq icra qurumları tərəfindən mərhələli şəkildə həyata keçirilir. Bu proses yalnız Bakı ilə məhdudlaşmır və bütün ölkə ərazisində mərhələli qaydada icra olunacaq.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının rəyinə əsasən qəzalı hesab edilən binalar vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sökülməlidir. Bu, məcburi xarakter daşıyan bir prosesdir. Həmin binalarda yaşayan sakinlər mülkiyyətlərinin dəyərinə uyğun kompensasiya ilə təmin olunmalı, ya da əgər həmin ərazidə yeni binalar inşa edilirsə, yeni mənzillərlə təmin edilməlidirlər.
Milli.Az





