Mədəniyyət

Ermənistanın memarlıq və tarixi abidələrimizə vurduğu ziyan açıqlanıb

8 Oktyabr 2020 11:27
Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının ərazilərindəki tarix və mədəniyyət abidələrinə münasibətdə vandalizm aktlarının davam etdirilməsi Azərbaycan xalqının mədəni sərvətlərinin məhv edilməsi məqsədini daşıyır. İşğal altındakı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrinin bir qismini dağıdaraq yox etmək, bir qismini erməniləşdirmək, Azərbaycan xalqına məxsus mədəni irs nümunələrini mənimsəmək kimi qeyri-qanuni fəaliyyət Ermənistan Respublikasının məkrli siyasətinin əsasını təşkil edir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinindən bildiriblər. Ermənistan Respublikasının təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus sənədli abidələr, memarlıq və tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalıb.

Ermənistan Respublikasının Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasətinin nəticəsidir ki, işğal altında saxladığı Azərbaycan ərazilərində təxminən 10 mindən çox yer adları, daşınmaz tarix və mədəniyyət abidələrinin adları və yüzlərlə digər toponimlər dəyişdirilərək başqa adlarla əvəz edilmişdir. Ermənistan qeyri-qanuni fəaliyyətə yol verərək işğal edilmiş ərazilərdə çoxlu sayda erməni kilsələri tikir, erməni terrorçularının xatirəsinə memorial komplekslər ucaldır.

Hazırda işğal olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix və mədəniyyət abidəsi var ki, bu abidələrin əksəriyyəti məhv edilmiş və ya mənimsənilmişdir. Dövlət mühafizəsinə götürülən abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.

Sentyabrın 27-sindən Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızı Ermənistan Respublikasının işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatlarına başlamışdır. Cəbhə boyu sıxışdırılan düşmən Azərbaycanın mülki əhali yaşayan ərazilərini raket atəşinə tutmağa başlayıb. Bunun nəticəsində atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb. Qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə (inv. 213) ciddi ziyan dəyib.

Bundan əlavə oktyabrın 4-də Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə ağır artilleriya atəşə tutulub. Nəticədə 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb, şəhərdəki mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən dövlət mühafizəsinə götürülmüş 3838 inventar nömrəli "Kişi gimnaziyası" adlı tarixi abidəyə ciddi ziyan dəyib. Eyni zamanda Gəncə şəhərində yerləşən "İmamzadə ziyarətgahı" kompleksinin yaxınlığına düşən raket mərmisi abidə üçün real təhlükə yartmışdır.

Azərbaycan Respublikası tərəfindən müvafiq beynəlxalq təşkilatlar vasitəsilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistan tərəfindən növbəti dəfə mülki əhali və obyektlərin, tarixi abidələrin hədəfə alınması beynəlxalq humanitar hüququn, "Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasəti davam etdirməsinin göstəricisidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.